11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır.
Bu barədə Axar.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu iqlim tədbirinin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla, 3000-dən çox könüllünü prosesə cəlb edəcək.
Proqrama qeydiyyat prosesi zamanı 16 000-ə yaxın namizədin müraciəti daxil olub.
Könüllülük proqramı könüllülərin layihəyə rahat və sistemli şəkildə qoşulmaları üçün bu portal üzərindən icra edilir. Bu proqramı həvəsli və məqsədli şəxslərə iqlim dəyişikliyi üzrə ən mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək üçün misilsiz şans təqdim edir. Könüllülər logistika və media xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər tədbirin müxtəlif aspektlərində müstəsna rol oynayacaqlar.
Tədbirin əsasını təşkil edən könüllülər və onların fədakarlığı və öhdəliyi dünyada iqlim dəyişmələri mövzusunda müsbət dəyişikliyə səbəb olmaqda zəruri rol oynayacaqdır. Bu son saatlar hələ də qeydiyyatdan keçməmiş şəxslər üçün keçirələcək bu qlobal tədbir xüsusunda bizə qoşulmaq üçün bir fürsətdir.
COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini tamamlayan namizədlərimiz yenicə istifadəyə verilmiş Könüllülər Mərkəzində iyul ayının sonuna qədər davam edəcək müsahibə prosesinə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim sessiyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəkatın bir hissəsi olmaq şansına sahib olacaqlar. Qeydiyyatınızın uğurla tamamlandığından əmin olmaq üçün portala daxil olub elektron kabinetinizi yoxlaya bilərsiniz.