Azercell-in öz abonentlərinə qarşı növbəti fırıldağını
yaşayası olduq. Şirkət hər dəfə müxtəlif bəhanələrlə müştərilərinin
cibinə girməyi ustalıqla bacarır. Bu dəfə isə həm də əsəblərimizi
yerindən oynatdı.
Spam göndərir, sonra da...
Şirkət abonentlərinə kütləvi olaraq spam mesajlar göndərir.
Telefonun ayarlar bölməsindən servis mesajlarını deaktiv etdiyimiz
halda, gün ərzində gələn mesajları dayandırmaq olmur. 8228-dən
gələn həmin bezdirici mesajlar digər abonentlər kimi bizi də
naharat edirdi.
Məsələni həll etmək üçün zəng mərkəzi ilə əlaqə saxlayırıq.
Telefona cavab verən xanım ənənəvi olaraq, şikayətin hansı
nömrəyə aid olmasını soruşur.
Bezdirici mesajların gəldiyi 051-897-66-... saylı nömrəni təqdim
edirik.
Zəng mərkəzinin əməkdaşı olan xanım bu mesajları deaktiv etmək
üçün STOP sözünü yazıb filan nömrəyə göndərməli olduğumuzu
bildirir. Onu da əlavə edir ki, 8228-dən gələn kampaniya
mesajlarını deaktiv etmək üçün stop yazıb göndərdiyimiz mesajın
müqabilində balansımızdan 5 qəpik çıxılacaq.
İradlarımızı çatdırırıq:
"Heç bir mobil şirkətin operatoru ilə əlaqə saxlamaq üçün
balansdan 10 qəpik çıxılmır. Üstəlik, bizi narahat edən məsələ
Azercel-in müxtəlif şirkətlərlə müqavilə bağlayıb əvəzində pul alıb
abonentlərinə spam göndərməsi üzündən baş verir. Bu Azercell-in
icazəsi ilə bizim istəyimiz xaricində baş verir və siz bu mesajları
deaktiv etmək üçün balansımızdan yenə pul çıxırsınız. Üstəlik,
nömrəmiz hər dəfə belə kampaniyalara daxil ediləndə "Azercell
müştəri xidmətləri" ilə əlaqə saxlamaq məcburiyyətində qalırıq ki,
bu da 10 qəpiyə başa gəlir".
Müştəri xidmətinin əməkdaşı 5 qəpik ödəməmək üçün bezdirici
kampaniya mesajlarını göndərən şirkət ilə əlaqə saxlamağı məsləhət
görür. Bir daha izah edirik ki, biz bu məsələyə nə pul, nə də vaxt
itirmək istəyirik və özləri həll etsinlər. Müştəri xidmətindən
zəngimizə cavab verən xanım iradları qəbul edərək şikayətimizi
qeydə alır. Həmin telefon danışığı üzərindən 2 həftədən artıq vaxt
keçsə də, problem tam olaraq həllini tapmayıb.