Ana səhifə Toplum |
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq.
Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, hazırda "Koroğlu" metrostansiyası ətrafından 30-dan çox marşrut fəaliyyət göstərir: "Konfrans günlərində bu metrostansiyası ətrafından - "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir. Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq.
Həmin 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcək. "Koroğlu" metrostansiyasına gələn marşrutların əksər hissəsi "Ulduz" metrostansiyası istiqamətinə yönəldiləcək və bu da təxminən 12 marşrut deməkdir. Digər marşrutlar isə "Qara Qarayev" və digər metrostansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək".
A.Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşların "Avtovağzal" metrostansiyası istiqamətinə yönəlmələri tövsiyə edilir:
"Onlar metro ilə və metrostansiyanın qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut üzrə şəhərin müxtəlif yerlərinə gedə bilərlər".
Tarix
2024.11.01 / 18:58
|
Müəllif
Axar.az
|