Ana səhifə Toplum |
“Hacı” ləqəbli Adil Səlim oğlu Süleymanova məxsus Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli V yaşayış massivi, Samir Cəfərov küçəsində yerləşən torpaq sahəsi Finşaat Group MMC-yə satılıb.
Bu barədə Axar.az-a zərərçəkən Adil Süleymanov bildirib.
Adil Süleymanov torpaq sahəsini 2008-ci ildə qanuniləşdirməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin digər bir şəxsə də eyni sənədi verdiyini açıqlayıb. Bundan sonra isə Finşaat Group MMC-nin nümayəndələri zor gücü ilə ərazini müsadirə edib:
“66 yaşım var, onlarla dava edəsi deyiləm. Gəldilər, zor gücü ilə müsadirə etdilər, ərazimi hasarladılar. Polislər də onların tərəfində oldu. 102-yə dəfələrlə zəng etdim, rayon icradan da heç kim gəlmədi, Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə məktub göndərmişəm. 1988-ci ildən isə bu bölgədə yaşayıram, bir çox əmlakım var, hamısı da sənədli. Bu ərazi üçün də sənədləri 2008-ci ildə almışam. Həmin vaxtdan da ərazim hasar içində olub. Əmlakı BŞİH-dən aldığım sənədlə qanuniləşdirmişəm, FHN-in bütün yoxlanışlarından keçmişəm. Onlar da mənə sənəd göstərir, heç başım da çıxmır ki, bu, nə sənəddir. Göstərdikləri sənədi Əmlak Məsələləri Dövlət Xidməti verib. Onların sənədi mənə verilən sənədlə üst-üstə düşür. Onlara dedim ki, heç nəyə dəyməyin, məhkəmə yolu ilə qaydasına qoyaq. Sənədi onlara verən orqana müraciət eləmişik. Niyə sənəd üstünə sənəd verirlər? Onlardan bir rəsmi cavab alaq, ardınca məhkəməyə müraciət edək. Səsimi eşidən yoxdur. Qarşı tərəf isə bütün çağırışlarıma baxmayaraq, zorbalıqla ərazini hasarladı. İndi də şikayətim rəsmi dairələrədir: BŞİH, Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənəd üstünə sənəd niyə veriblər?”
Hər iki tərəfə məxsus sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə göndərdik. Qurum sorğumuza cavab olaraq məsələnən məhkəmə predmeti olduğunu bildirdi:
“Tərəflərdən heç birinin mülkiyyət hüququ yoxdur. Yəni əmlak üçün tərəflərdən heç biri çıxarış əldə etməyib. Məsələ sırf məhkəmə predmetidir və tərəflərin problemi məhkəmə qaydası ilə həllini tapmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı eyni əmlak üzrə iki nəfərə sənəd verilməsinin səbəblərini isə belə izah edib:
“Birinci şəxsə sərəncamı da, ayrıc aktını da Bakı Şəhər İcra Hakimiyyəti verib. O vaxt bu səlahiyyət tam olaraq Bakı Şəhər İcra Hakimiyyətində idi. Sonradan qanunvericiliyə dəyişiklik edildi, dövlət torpaqları üzərində sərəncam vermək hüququ Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətinə, şəhərsalma ilə bağlı qaydaların müəyyən olunması, icazələrin alınması isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə keçib. Qanunvericilikdə edilmiş həmin dəyişikliklərə əsasən də bu sənədləri həmin qurumlar təqdim edib. Məsələn, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi baxıb ki, həmin ərazi Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində konkret olaraq kiminsə adına qeyd olunmayıb və nəticədə həmin sənədə imza atıb. Şirkət də bu sənəd əsasında gedib sərəncam alıb. Faktiki olaraq məsuliyyət məsələsində inzibati xarakterli məsələ ortaya çıxır. “Niyə eyni sənəd iki şəxsə verilib” sualını da məhz məhkəmə müəyyənləşdirəcək. Bu sənədlərin necə verildiyi, birinci dəfə verilən sənədlərin hansı səbəbdən katastra düşmədiyi, birinci sənəddə qeyri-yaşayış seqmentinə aid olan torpaq sahəsinin sonradan nə üçün yaşayış təyinatlı torpaq sahəsi kimi başqa bir şəxsə təqdim olunduğunu məhkəmə aydınlaşdıracaq”.
Tarix
2025.01.23 / 16:22
|
Müəllif
Aytac Araz
|