Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər sosial kirayə mənzil müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin əldə edilməsi, eyni zamanda, həmin vətəndaşlarımızın qeydiyyatı ilə bağlı praseduranın təkminləşdirilməsi məqsədi daşıyır.
Axar.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında deputat Vüqar Bayramov aztəminatlı ailələrə sosial mənzil fondundan ev verilib-verilməyəcəyi məsələsidən danışarkən qeyd edib.
Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə qaziləri, əlilliyi müəyyən edilmiş vətəndaşlarımız və eyni zamanda aztəminatlı vətəndaşlarımızın sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır:
“Yeni dəyişikliklərə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir.
Yeni qaydalara əsasən, Mənzil Məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təklif edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Həmin maddəyə əsasən, sosial kirayə müqavilələri əsasında bütövlükdə yaşayış sahələri ehtiyacı olan aztəminatlı vətəndaşlar, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan gənclərə və digər kataqoriyadan olanlara təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçməklə qeyd edilən qaydalardan istifadə etmək hüququna malikdir”.