Azəravtoyol ASC tərəfindən Bakı şəhərində bir neçə yerdə
yerüstü piyada keçidi inşa olunacaq.
ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən piyada
keçidləri metal və dəmir-beton konstruksiyalı olacaq. Keçidlər
nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi
ərazilərdə inşa ediləcək. Məqsəd həm piyadaların rahat və
təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm
də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil
etməkdir.
İlkin olaraq 7 yerdə keçidlərin inşa olunması üçün hazırlıq
işləri görülür.
Bunlar aşağıdakı ərazilərdir:
- Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci
km-i (Xırdalan qəbiristanlığının yaxınlığı);
- 27 və 27,8-ci km-i (Ceyranbatan qəsəbəsi);
- Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Sulutəpə
qəsəbəsi)
- Qala-Pirallahı avtomobil yolunun 3,5-ci km-i;
- Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən
hissəsi;
- Həsən Əliyev küçəsinin İqtisad Universitetinin korpusunun
qarşısındakı ərazisi.
Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada
keçidləri 2 aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və
üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün
liftlərlə təmin olunacaq.
Xırdalan qəbiristanlığı yaxınlığında, Sulutəpə qəsəbəsində və
Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə 1
aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq.
Fiziki qüsurlu insanların hərəkəti üçün bu keçidlər panduslarla
təchiz olunacaqlar.
Sabunçu körpüsündən Zabrat qəsəbəsinə doğru düşərkən və Həsən
Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri
də metal konstruksiyalı olacaq. Keçidlər 2 aşırımlı (orta dayaqlı)
və üstü bağlı olacaq. Burda isə fiziki qüsurlu insanların hərəkəti
üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül
konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə
tutulub.