Paytaxtda yüzlərlə şəxs ev dəllallarının, tikinti
şirkətlərinin dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə
bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam
edir. 200 saylı MTK-da qeydə alınan dələduzluğa isə məhkəmə
hakimləri də qoşulub.
Aznyus.az xəbər verir ki, MTK-nın Yasamal
rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasından mənzil
alan 4 ailə məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla evindən
çıxarılır.
Bu barədə shəmin mənzillərdən birinin sahibi olan Fuad
Hüseynzadə məlumat verib.
O bildirib ki, 2007-ci ilin iyun ayının 25-də sözügedən binanın
66 nömrəli mənzilini alıb. Mənzil üçün MTK-ya 48 800 manat pul
ödəyib və sənəd alıb. Maliyyə problemi olduğundan evi hissə-hissə
təmir edib və 2013-cü ildə ailəsi birlikdə evə köçüb:
"Bu müddət ərzində isə mənzilin bütün kommunal xərcləri ödənib
və qəbzlərimiz də var. Maliyyə arayışımız da var. Lakin birdən-birə
bir nəfər çıxıb və deyir ki, bu mənzil mənimdir. Əlində də bir
saxta müqaviləsi. Mən evi 2007-ci ilin iyulunda almışam, müqaviləm
də o tarixədir. Mənim mənzilimə iddialı olan adam isə müqaviləni
məndən bir ay sonra – avqustda imzalayıb".
F.Hüseynzadənin sözlərinə görə, eyni problemlə həmin binadan
mənzil alan daha 3 ailə də qarşılaşıb:
"Biz 4 ailə hər birimiz onlardan qabaq, müxtəlif tarixlərdə
almışıq. Onlar isə hamısı bizdən sonra və eyni gündə alıblar. Elə
saxtakarlıq olduğu, dələduzluq edildiyi buradan bilinir".
Ailələr məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət
edib. 2014-cü ilin oktyabrın 3-də keçirilən ilk instansiya
məhkəməsi mənzildə yaşayan ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə
iddialı olan şəxslər isə qərardan apellyasiya şikayəti verib.
Apellyasiya Məhkəməsi Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə
saxlayıb. İş Ali Məhkəməyə gedib. Ali Məhkəmə isə işi yenidən
baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Apellyasiya
Məhkəməsi isə mənzildə yaşayan ailələrə məxsus sənədlərdəki möhürün
saxta olduğunu bildirib və iddialı şəxslərin xeyrinə qərar çıxarıb.
Ali Məhkəmə də sözügedən qərarı qüvvədə saxlayıb.
İşlə bağlı istintaq aparılıb və 200 saylı MTK-nın sədri Etibar
Fərzəliyev həbs edilib.
Bundan sonra həmin 4 ailənin mənzilləri boşaldılması barədə
qərar qəbul edilib:
"Məhkəmə icraçıları gəldilər və məhkəmə qərarıyla evdən
çıxmağımızı tələb edirlər. Mən bu evə öz qiymətindən əlavə, 33 min
də təmir pulu qoymuşam. 2007-ci ildən 2013-cü ilə kimi heç yox idi,
indi gəliblər ki, ev bizimdir. Bu qədər də saxtakarlıq olmaz axı.
Biz birinci və ikinci məhkəmə instansiyalarını udmuşduq. Hakimlər
iddiaçılara açıq şəkildə bildirirdilər ki, siz camaatı şantaj
edirsiniz. Sonra həmin adamlar məhkəməyə yol tapdılar. Hakimlər
açıq şəkildə bizə bildirirlər ki, siz düz deyirsiniz, ev sizindir,
amma qərar başqa cür verilir. Mən həkim adamam, həmişə qanunlara
sayqıyla yanaşmışam. Ölkəmizin hüquqi dövlət olmasına inanaraq,
Türkiyədə təhsil almağıma baxmayaraq, öz ölkəmdə, öz
vətəndaşlarımıza xidmət etməyi üstün tutmuşam. Burada isə halal
zəhmətimlə, min bir əzabla aldığım evi əlimdən alırlar. Mən bütün
sənədlərlə, şahidlərlə haqlı olduğumu göstərirəm, amma hakimlər
hansısa maraqlarına görə açıq şəkildə dələduzluq etdiyi görünən
şəxslərin xeyrinə qərar qəbul edir. Qalmışıq biçarə!"
Dadaş Bünyadzadə keçəsi 60-dakı binadan ev alaraq dələduzluqla
üzləşən ailələrin siyahısını təqdim edirik:
Mənzil 2 - Həsənov Namiq;
Mənzil 37 - Bəşirova Məmləkət;
Mənzil 54 - Ağaməmmədov Elman
Mənzil 66 - Xədicə Hüseynzadə (şikayətçi Fuad Həsənzadənin həyat
yoldaşı).
Məlum olub ki, sözügedən binanın 2-ci mənzilinə sahib olan şəxs
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdur.
Məhkəmə onun da mənzilinin əlindən alınması barədə qərar
çıxarıb.