Binənin adı, məktəbi, xəstəxanası, apteki, suyu, yolu,
kanalizasiyası olmayan qəsəbəsindən reportajı təqdim
edirik.
Bakının Binə kəndinin adsız qəsəbəsinin, adı olmayan küçəsində
yaşayan 5 mindən çox ailə qəsəbədə məktəb, xəstəxana, aptek, yol,
su, kanalizasiya sistemi, marşrut və başqa kommunal imkanların
olmamasından əziyyət çəkir.
Binə Bakının böyük qəsəbələrindən biridir. Paytaxt əhalisinin
artması, yeni evlərin tikilməsi səbəbindən buranın ərazisi daha da
böyüyüb. Nəticədə qəsəbənin ikinci yeni yaşayış sahəsi əmələ gəlib.
Ancaq buranın rəsmi qeydiyyatından tutmuş, kanalizasiya məsləsinə
qədər hər şey problem olaraq qalır.
Vəziyyəti yerində işıqlandırmaq məqsədilə Axar.az-ın əməkdaşı
həmin qəsəbənin sakinləri ilə görüşüb.
Rəsmi adı və qeydiyyatı olmayan bu qəsəbəni "Atçılıq" adı ilə
axtarıb çətinliklə tapırıq. Qəsəbənin girişində Jokey klub -
Atçılıq klubu yerləşdiyindən sakinlər öz aralarında bu yerləri
"Atçılıq" adlandırırlar.
Gəlişimizdən xəbərdar olan sakinlər meyvə-tərəvəz dükanının yanında
toplaşıb dərdlərini danışmaq üçün səbirsizliklə gözləyirlər. Bu
qəsəbədə təkcə böyüklərin yox, uşaqların da ürəyi doludur.
Mindən çox şagird: Bizə məktəb tikin!
Sakinlərin sözlərinə görə, 10 mindən çox əhalisi olan qəsəbənin
2 minə yaxın məktəblisi var, ancaq məktəbi yoxdur. Şagirdlər hər
gün əzab-əziyyətlə, istismar müddəti bitmiş köhnə avtobuslarla Binə
qəsəbəsinə və ya "Vişnovka" deyilən ərazidəki məktəblərə gedirlər.
Balacaların sözlərinə görə, hər gün köhnə avtobus yolda xarab olur
və onlar dərsə gecikirlər.
Əhalinin sayı artdıqca məktəbə gedən uşaqların da sayı artır.
Vəziyyət o yerə çatıb ki, bir avtobusda 60-70 şagird məktəbə gedəsi
olur.
Uşağını əziyyətə salmaq istəməyən valideynlər isə ayda 20-30
manatdan keçib, fərdi taksilərlə övladını məktəbə göndərirlər. Hər
ailədən iki və ya üç uşağın məktəbə getdiyini nəzərə alsaq,
fəhləliklə ailə dolandıran insanlar üçün bunun nə demək olduğunu
təsəvvür etmək çətin olmaz. İmkansızlıq ucbatından təhsildən
kənardan qalan uşaqlar da az deyil.
Qəsəbə sakini Səbuhi Hüseynov deyir ki, bu vəziyyət çoxuşaqlı
ailələri daha çox narahat edir: "Mənim üç uşağım oxuyur. Hər uşağa
görə ayda 40 manat verirəm ki, buradan məktəbə aparıb-gətirsinlər.
Özüm fəhlə adamam, pul çatdıra bilmirəm".
Mövcud çətinliklər uşaqların dərsə davamiyyətinə və nəticələrinə
də təsir edir. Şagirdlər deyir ki, 7-10 km uzaqdakı məktəbə
vaxtında çatmaq üçün səhər saat 6-da yuxudan durmalı olurlar.
Nə qəsəbənin adı var, nə də küçələrin...
Sakinlərin ən böyük narazılığı yaşadıqları yerin qeydiyyatının,
eləcə də bələdiyyənin olmamasıdır. Minlərlə insan hər hansı arayış
və ya ərizə üçün kimə, haraya müraciət edəcəyini bilmir.
Bundan əlavə, qəsəbənin və küçələrin adının olmaması əraziyə
çağırılan təcili tibbi yardım maşınlarının da işinə mane olur.
Qəsəbə sakini Xasay Abbasov deyir ki, dəfələrlə təcili tibbi yardım
maşınları yolda azıb qalıb və xəstəmiz dünyasını dəyişib:
"Evə gələn qonağa, təcili yardım maşınına yolu başa sala
bilmirik. Yaxşı ki, bu dükanlar, marketlər var. Onların adı ilə
güc-bəla gəlib evi tapırlar".
"Qurunt sularına möhtac qalmışıq"
Binənin adsız qəsəbəsinin problemləri saymaqla bitmir. Ancaq
insan sağlamlığı üçün ən təhlükəli olan problem qəsəbənin su və
kanalizasiya sisteminin olmamasıdır. Su problemini hər kəs öz
imkanına görə həll edir. İmkanı olan hər ay 40 manat ödəməklə su
maşınları ilə çəninə su vurdurur. İmkanı olmayan isə həyətində quyu
qazdırıb yerdən çıxan qurunt sularından, duzlu sudan istifadə edir.
Qəsəbənin əksər sakinləri isə ailəsini günəmuzd işləməklə
dolandıran fəhlələrdir.
Sakinlər deyir ki, su problemi onların səhhətində ciddi
xəstəliklərə səbəb olub. Digər tərəfdən qəsəbədə aptek və
xəstəxananın olmaması vəziyyəti daha da çıxılmaz edir.
Bir dərman üçün ölçülən 10 km yol...
Qəsəbə sakini Ziyəddin Mənsimov xəstəxana və aptekin yoxluğundan
şikayətlənir:
"Uşağa bir iynə vurdurmaq üçün ya Binəyə gedirik, ya da
Mərdəkana. Vəziyyət çox acınacaqlıdır. Bizim qəsəbəyə baxan yoxdur.
Elə bil, Bakının qəsəbəsi deyil, hansısa ucqar rayonun
kəndidir".
Məmməd dayı isə deyir ki, burada xəstələnmək ölümə bərabərdir.
"Adi bir dərman üçün köhnə avtobuslara minib yarım saat yol
getməlisən. Təcili tibbi yardım maşınları yolu tapana qədər xəstə
dünyasını dəyişir. Çirkli sular içməkdən hamı xəstədir. Uşaqlarımız
ayın əvvəlində də xəstələnirlər, sonunda da".
Siyahı davam edir: Yollar və marşrutlar
Qəsəbənin yolları da bərbad gündədir. Asfalt örtüyünün vaxtaşırı
yenilənməməsi istismar müddəti bitmiş marşrut avtobusların
hərəkətini daha da məhdudlaşdırır. Sakinlər deyir ki, yayda
toz-torpaqdan, qışda palçıqdan əziyyət çəkirik. Şikayət etməyə
bələdiyyəmiz də yoxdur.
Sakinlərlə söhbət etdiyimiz vaxtda yanımızdan keçən marşrut
avtobusları da diqqətimizdən yayınmır. Köhnə avtobuslar elə səs
çıxarır ki, ona laqeyd qalmaq mümkün deyil. Mübaliğəsiz demək olar
ki, hər gün minlərlə insan bu avtobuslara minməklə həyatını
təhlükəyə atır.
Cənablar!
Qəsəbənin problemi bir deyil, iki deyil. Sakinlər bu
çatışmazlıqların həlli üçün aidiyyatı qurumlara səslənirlər.
Problemlərin aradan qaldırılması üçün əlaqədar dövlət qurumları:
Xəzər rayon İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi,
Nəqliyyat Nazirliyi, Azərsu ASC və digərləri bir araya gəlməli,
məktəb, xəstəxana, yol, marşrut, su və sair problemləri həll
etməlidir. Hazırki durumda isə, qəsəbənin bələdiyyəsi belə
yoxdur.
Bu haqda daha ətraflı təqdim etdiyimiz videodan izləyə
bilərsiniz.