14 il öncə bu gün Abşeron
yarımadasının sakinləri səhəri bayırda açmışdılar.
Həmin gecə zəlzələnin baş verdiyini hiss edən sakinlər canlarını
xilas etmək üçün özlərini küçəyə atırdılar.
Bəzi iddialara görə, baş verəcək zəlzələ ilə bağlı Seysmoloji
Xidmət Mərkəzində hələ apreldən məlumat olsa da, bu barədə
ictimaiyyətə heç bir xəbərdarlıq edilməmişdi.
Lakin Mərkəz o zaman geniş ictimaiyyətə açıqlamamaq şərtilə
yalnız müvafiq qurumlara əvvəlcədən məlumat verir.
Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişli mətbuata
açıqlamasında xəbərdarlıq etməmələrinə səbəb kimi zəlzələnin gücü
və vaxtı barədə onlarda dəqiq məlumatın olmamasını göstərib:
"25 noyabr zəlzələsi barədə proqnozlar elə idi ki, əhalini
evakuasiya etmək mümkün deyildi. Çünki zəlzələnin gücü və vaxtı
barədə dəqiq məlumat yox idi. Zəlzələnin sentyabr və yaxud noyabrda
baş verəcəyi heç kimə məlum deyildi. Belə olan halda əhali evindən
kənarda oturub nə qədər gözləməlidir ki, zəlzələ olacaq? Bu, həm
əhali, həm də dövlət üçün əlavə problemlər yaradardı".
Nəhayət, qeyri-səlis proqnozlar özünü doğrultdu və o qorxunc an
gəlib çatdı.
25 noyabr 2000-ci il, saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi
məlumata görə, 7,9 bal) zəlzələ baş verdi. Dəhşətli təkanlar iki
dəfə olmaqla 22 saniyə çəkdi.
Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss
olundu.
İnsanlar özlərini xilas etmək üçün hətta yaşadıqları binanın
eyvanından atırdılar.
Zəlzələ nəticəsində bir neçə insan dağıntılar altında qalaraq
yox, yaşadıqları binalardan özlərini ataraq həlak oldu.
Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələndi. Həmin gün
gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk
olundu.
Səbəb isə çox aydındır: bizdə belə güclü zəlzələlər nadir
hallarda baş verir.