Jurnalistlərimiz Mətbuat Şurasının sədri kimi məndən
soruşurlar: Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətli ilə bağlı
məsələ Azərbaycan mediasına necə təsir göstərdi? Baxıram, öz
baxışını ifadə edən həmkarlarım az deyil. Həqiqətən sözügedən
hadisə mediamıza təsirsiz ötüşmədi.
Rövşən Lənkəranski kimdir? Əlbəttə, baxışlar müxtəlif ola bilər.
Kimin üçünsə qəhrəman, kimin üçünsə də quldur. Mərhumun qorxmaz,
Rusiyadakı azərbaycanlıların arxa-dayağı olduğunu vurğulayıb onun
ölümündən məyusluq hissi keçirənlərə daha çox təsadüf edilir.
Ümumən hər kəs öz düşüncəsində haqlıdır.
Yaxın tariximizin müxtəlif dövrlərinə nəzər salsaq, görərik ki,
Rövşən Lənkəranski kimi adamlar çox olub. Zaman keçdikcə
barələrində kitablar yazılıb, müəyyən bədii əsərlərdə prototipləri
canlandırılıb.
Bu adamlar nə istəyiblər? Klassik anlamda götürsək, haqq və
ədalət. Yəni bəşəriyyətin ta yaranışından bu yana istədiyini və
əldə edə bilmədiyini. Sadəcə onları fərqli edən ədalət anlayışına
yanaşmalarıdır və onları caniyə, cinayətkara çevirən də elə budur.
Hər halda razılaşarsınız ki, ədalət axtarışında olan insanın
cinayətkara çevrilməsi də ədalətin təntənəsi deyildir. Yəni
mütərəqqi ictimaiyyət olaraq bizlər hər kəsin nisbi anlayış olan
ədaləti öz düşüncəsinə uyğun olaraq fərdi şəkildə bərpa edəcəyi
cəmiyyəti arzulamırıq. Loru desək, heç birimiz övladımızın Rövşən
Lənkəranskinin dünyasında olmasını istəmirik. Hətta bilsək ki,
həmin dünyada haqq-ədalət ən ali səviyyədədir, yenə də bu cür
perspektivi ağlımızdan keçirmirik. Çünki təbiətcə başqa insanlarıq.
Belədə cəmiyyətə verdiyimiz mesaj nədir? "Rövşən Lənkəranskinin
qəbir yeri hazırlandı", "Rövşən Lənkəranskinin dəfni başladı"… kimi
bəsit təqdimatlarla cəmiyyəti kökləməyimiz nə üçündür? Onların
mərdliklərini, qorxmazlıqlarını, qətiyyətlərini şübhələndirmək
niyyətindən uzağam. Biz də gənclərimizə qorxmazlığı, mərdliyi
aşılamalıyıq. Ancaq istəyirikmi ki, övladlarımızın bu keyfiyyəti
özünün ifadə plasdarmını Rövşən Lənkəranski və onun kimi insanların
mövcud olduğu dünyada tapsın?
Mən demirəm ki, bu sayaq məsələlərə jurnalist marağı
olmamalıdır. Jurnalistika cəmiyyəti köklədiyi, formalaşdırdığı
kimi, cəmiyyətin ruhunu da duymağı bacarmalıdır. Ancaq bu zaman
İCTİMAİ ƏHƏMİYYƏTLİLİK amilini nəzərə almalıdır. Soruşursunuz ki,
Rövşən Lənkəranskinin qətli ilə bağlı məsələ mediamıza necə təsir
göstərdi? Yuxarıda fikirlərimi bildirdim. Ümumən cavabım
TƏƏSSÜFDÜR.