Zülmə qarşı çıxarkən özünə əzab vermək psixoloji
fenomendir və onu izah etməyə Freydin də gücü çatmaz. İmam Hüseyn
şəhidliyinin bütün müsəlman dünyasında təbliğ olunan ilahi
mənalarını kölgədə qoyan halları görüb deyən hər kəsi daş-qalaq
etməyə qalxan adamlar fərqində deyillər ki, özləri Yezidə
çevrilirlər.
Xristian aləmində dinin xilası üçün canını qurban vermə hadisəsi
olmayıbmı? Bəlkə İsa Məsihin çarmıxı əsrlər boyu İncil yolunda
özünü fəda edənlərdən yuxarıda durduğuna görə 8 əsr savaşan
protestantlar və katoliklər ayrıca bir əzabkeşi peyğəmbər
səviyyəsinə qaldırmayıblar.
Biz dünən islam inancına məxsus olan qardaşlarımızın
zəncirlənmiş səhnələrini görəndə Suriyadakı yezidlərin,
Əfqanıstandakı yüz illərdir davam edən vəhşətin sanki davamına
baxırdıq. İnsanlar 13 əsr əvvəlki kədəri əbədiləşdirərək onun
haləsində yaşamaqda davam edirlər. Hüseynin qorxmazlığı, müqaviməti
və küfrə qarşı dirənişi təhsilə, elm dünyasına daşına bilmədiyindən
cihad havası müsəlmanın qafasına hakim kəsilir. Məgər, Allah
elçisinin nəvəsi müqəddəsliyi xilas etməyə qalxarkən onun yolunu
davam etdirməyə çıxanlardan yalnız küçə və meydanlara toplanıb göz
yaşı tökməkmi istəmişdi? Əsla yox. Məhəmməd əleyhisalamın ilahiyə
qovuşduğuna adi baxıb, Əlinin namaz qılarkən qətlinə göz yumub,
Hüseynin mücadiləsini müqəddəsləşdirəndə şühadalığın mahiyyəti
dəyişir.
Halbuki Aşura ölüm hadisəsi yox, diriliş və xilas fəlsəfəsi
olmalıydı.
Dünən "Avronyus" kanalı Kərbəlaya toplanan 100 min insanın
matəmini göstərir. Əlində qara bayraqlar tutan adamlar Səddam
dövründə qadağan edilmiş rituallarına azadlıq əldə etdiklərindən
kütləvi yürüşlə tarixinə və mənəvi dəyərlərinə sahib olduqlarını
nümayiş etdirirlər. Başa düşüləndir -dövləti və sülhü əlçatmaz
edəndə yeganə birləşdirici qüvvə keçmiş olur. Adamlar üzünü sabaha
deyil, dünənə çevirirlər. Müştehidlər küfrə və əfsanəyə bürünmüş
moizələrini oxumaq üçün fürsət qazanaraq kürsüdən fanatizm və
qaranlıq yaymaqda davam edirlər. Axı Hüseyn sizin göz yaşlarınızla
və kədərinizlə deyil, yaxşı əməllərinizlə və işığınızla dirilə
bilərdi. Kərbəlanın həndəvərində hər gün günahsız adamlar məhv
olurlar. Qanı durdurmaq üçün ayağa qalxmaq 72 şəhidin ən böyük
arzusu olmazdımı? Ruhları şad etmək yalnız sümüklərə və bədənə
zərbə vurmaqlamı olur? Yoxsa, başkəsənlə qurbanlıq gedənin bir
mərasimdə birləşməsi də kitablarımızın tələbidir?
İŞİD "aşura" törədəndə dünyanın sonu çatır. Bəs Hüseyn
ardıclıları terrorun yeminə necə çevrilirlər? Bunun bircə səbəbi
var - savadsızlıq mövhumat və dünya ilə toqquşma doğurur. Qafası
boş bəndələrin ağlına hər şeyi əkə bilirsən. Cəhalət terror
törədir. Dünyanı vahid xəlifəlik mübarizəsinə çevirəndə indiki
Suriya alınır.
İsanın zəncirlə və başına taxılan tikanlı tacla dəhşətli
işgəncələrə məruz qalmasını ən azı filmlərdən görmüsünüz. Lakin hər
il dekabrın 25-də, yaxud yanvarın 1-də heç kəs qollarını
çarpazlayıb özünü Ponti Pilatın dirəyindən asmır. Axı onlar
inanclarına dönük deyillər. Roma Papası ayağını yuduğu səfilin
qarşısında əyilərkən alçalmır, əksinə, inamına sadiqdir və Allah
elçisinə bir addım daha çox yaxınlaşdığını zənn edir. Bəs sizlər
Hüseyn yolunda sümüklərinizə yeritdiyiniz ağrı və göz yaşlarınızla
Allahamı yetişirsiz? Bəlkə sizi idarə olunan kütləyə çevirmək
istəyənlər bir az da məzlumluğunuzu artırır və köləliyə daha tez
çatırsız?!
Hər halda vurduğunuz zəncirlərin harada istehsal olunduğuna
yaxşı baxın! Sizi əsarətdə saxlayanlar başınızı Aşura günü yarandan
sizdən əl çəkməyəcəklər. Çünki zəncir sizi buxovlayacaq və
təslimçiliyə aparacaq. Sizinlə birgə göz yaşı tökənlər sonra başqa
saraylara keçib oradan sizə güləcəklər.
İmam Hüseyn məktəbi bu dünyada böyük dərslər qoyub gedib. Lakin
yüz illərdir ki, siz yalnız ələm, matəm, yasçılıq və korluqla
müşayiət olunan zahiri hərəkətlər əxz etmisiniz. Halbuki
kitablardan uzaq düşdükcə sizlər lənətlədiyiniz tarixi düşmənlərə
daha çox oxşayırsız. Yezid təkcə canlı bir fiqur, saray ixtilafları
ilə hakimiyyət uğrunda mübarizədə qalib gəlmiş və sonra peyğəmbər
nəslinə qənim kəsilən bir Şərin adı deyil. Belə olsaydı, onu hər
ziyarətinizdə atdığınız daşlarla çoxdan yox edərdiniz. Yezid
oxumadığınız dərslərdir, almadığınız təlimdir, balalarınıza
aşıladığınız səhv ideologiyadır, zahiri libaslarınız və qara
rənginizdir. Şərin ən böyük qələbəsi hər il meydanlara axışıb
babalarını düşmənə qarşı birləşmədiyinə, döyüş meydanında əziz
imamımızı tək qoyduqlarına görə özlərinə qəsd edənlərdir. Yezid
islamın ən böyük şəhidlərinə son nəticədə məğlub olsa da, sizə
qalib gəlib. Çünki dünən çəkib dünyaya göstərdyiniz səhnələrin
hamısını Qərb texnologiyası ilə etmisiniz. Əlinizdə ayfonlar,
aypədlər - özünüzsə, min il geriyə qayıdıb, Yezidə korazehinliklə
tabe olanlara bənzəyirsiz.
Baxın, Marneulidə Tasuanı qeyd edən bir dəstə insanın
Gürcüstandan bizə növbəti İraq səhnələrini göstərirlər. Hansı
dövlət gedib ora çıxıb, soydaşlarımız məzhəb bölücülüyündə necə
təmsil olunurlar - bunlar başqa söhbətlərdir. Lakin balaca uşaqları
tariximizlə və dini genetikamızla belə tanış edirik - sinə
döyməklə, anlamsız şüarçılıqla. Halbuki həmin günü parta arxasında
Hüseyn məktəbindən ibrətamiz bir risalə danışmaq olardı, ədalətli,
imanlı olmağın yollarından bəhs edilərdi, müqəddəsliyə ucalanların
həyatı öyrədilərdi. Lakin ənənəvi yolla getmək daha məqbul olub.
Sabahsa balalarınız Kərbəlaya yola düşəcək. Bəli, Bakı, Şəki,
Marneuli, Məşhəd və daha neçə-neçə şəhərlərimiz beləcə Kərbəlada
birləşəcəklər. İxrac olunan xaos və dünyəvi kədər fabrikləri məhsul
istehsalını hər il beləcə artıracaqlar. Sonra siz Yezidə nifrətlə
və dünyəvi kədərlə böyütdüyünüz bir nəslin təhtəlşüuruna
əkdiklərinizi biçəcəksiniz.
Marneuli bir addım da olsa, Azərbaycanın böyük ədibi Axundova
yaxındır. Onu dinsizliyinə və rus canişinliyinə xidmətə görə nə
qədər istəsəniz lənətləyərsiz. Lakin yüz illərdi ətrafınızda dərviş
Məstəlini görəndə təəccüblənməyin ki, onlar haradan törəyib,
böyüyüb və çoxalıblar? Şahbaz bəyin yolunu kəsib onu Firəngistanda
təhsildən məhrum edəndə dünyanız sehrbaz mollalarla dolmalıydı.
Halbuki din tiryək kimi sizi bihuş etməyə deyil, işıqlandırmağa
xidmət edir. Böyük Cəlil sizləri görüb özünü - qəhrəmanı İsgəndəri
kefli göstərməkdən ayrı çarə tapmamışdı.
Hüseyn şəhidliyini universitetlərə, məktəblərə daşıyın,
mücahidliyinizi kitablar yolunda edin, onda Yezidi daha çox
lənətlənmiş olacaqsınız, əziz müsəlman bacı və qardaşlar!