Yuxarı

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Qorbaçovun Əliyevə və Azərbaycana qarşı savaşı iki paralel dünyanın toqquşması idi və 20-ci əsrin qanlı mirası olan “Ohanyan xətti”nin ötən il dağılmasından sonra başa çatmış sayıla bilər.

Üst-üstə 60 ildən çox sürən açıq-gizli mübarizənin şəxsi və milli xarakteri, Sovetlər Birliyi daxilində və onun kənarında müstəqil bir dövlətin həyatını izləyən “qorbaçovşina” hərəkatı SSRİ-ni məhv edərkən onu təşkil edən subyektlər arasında silahlı toqquşma və milli nifrətin günbəgün alovlandırılması, qlobal imperializmlə birgə mərkəzi hakimiyyətin əzici tırtılları altında qalan “qardaş” respublikalar, eləcə də şəxsi ədavətin dövlət kursuna çevrilməsi, siyasi rəqiblərin linç edilməsi, sistemli informasiya terroru ilə başlayan SSRİ-nin çöküşü əslində sürünən müharibə kimi düz 30 il uzanaraq faktiki İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsi ilə məntiqi sonluğuna çatdı və bununla da Əbədi əhd kitabına daxil oldu. Onu dərindən öyrənməyə dəyər, çünki hər səhifəsi dövlət və millət dərsliyidir.

Bəli, imperiyanın süqutunu gətirən səbəblər, 2020 və 1985-ci illər arasındakı zaman çarxını geri çevirməklə azərbaycanlıların timsalında öz taleyini dəyişməyi bacaran qəhrəman bir xalqın əsrlərə sığmayan əzmkarlığını və ədalət uğrunda misilsiz mübarizəsini görürsən, ona yazılan kənar ssenariləri necə mərdliklə dağıtdığına şahid olursan.

Eynilə Əliyev-Qorbaçov qarşıdurmasında da quruculuq və dağıdıcılığın, müdriklik və qorxaqlığın, xeyirxahlıq və xəbisliyin, mərdlik və xainliyin zəngin qalereyası, bir-birini əvəzləyən qələbə və məğlubiyyətlərin acı dramaturgiyası ilə üz-üzə qalırsan. Hər iki səhnədə cərəyan edən hadisələr bir-birilə o qədər bağlıdır ki, hansı halda dünya çəkili lideri məhv etmək planının işləndiyini, onun paralelində digər səhnədə 70 illik quruluşu dağıdanların Azərbaycanı diz çökdürmək, onun iradəsini qırmaq və qlobal mərkəzlərin-siyasi və lobbi dairələrinin qarşısında zəif salmaq planlarını bir-birindən ayıra bilmirsən.

Lakin uzaq 70-ci illərdə xalqlar dostluğunun və qardaşlığının tərənnüm edildiyi beynəlmiləl Bakıda tez-tez toplaşan İttifaq və periferiya rəhbərlərinin beşillik planlara həsr olunan toplantılarında, Lenin inqilabının ildönümlərində və sosializm yarışlarında başqa atmosfer hökm sürürdü. Məhz Əliyevə şəxsi hörmətinə görə dəfələrlə Azərbaycana gələn Leonid İliç Brejnevlə təmtəraqlı görüşlərə müttəfiq respublika rəhbərlərindən ilk dəfə Ukraynadan Şelest, Gürcüstandan Mjavandze, Qazaxıstandan Kunayev, Özbəkistandan Rəşidovla yanaşı, müxtəlif qonşu vilayət, diyar başçıları da dəvət olunurdular. Onların sırasında özünün boz rəngi, dekorativ görkəmi ilə kütlə içərisində əriyən Mixail Qorbaçov bir cənub şəhərinin sürətlə dəyişən və inkişaf edən mənzərəsindən, insanların qaynar və işıqlı simalarından keçirdiyi hisləri yalnız gizli dəftərçəsinə qeydlərlə kifayətlənirdi.

Üstündən illər keçəcək, Stavropol partiya komitəsindən dünyanın altıda birinə hökmranlıq edən SSRİ-nin Baş katibinə çevriləndə “Qorbi” ləqəbli lider “yenidənqurma və aşkarlıq” avantürasını kütləvi epidemiya kimi beyinlərə yeridəndə ilk addımda Brejnevin Bakıda təntənəli qarşılanma səhnələrini mərkəzi televiziyalarda təkrar-təkrar nümayiş etdirib bir xalqa qarşı kəskin neqativ ictimai rəyin yaranmasına rəvac verəcək, hər gün yeni-yeni ləkələmə direktivlərinə imza atacaqdı. Halbuki, 11-ci Qızıl Ordunun neft səltənətində sovet hakimiyyətini qurandan bəri bütün hərbi və əmək cəbhələrində rəşadətlə vuruşan azərbaycanlıların yalnız hava limanlarına, yol kənarlarına, yaxud böyük salonlara toplaşıb müxtəlif ranqlı şəxslərə alqış yağdıran kütlədən ibarət olmadığını “birinci şəxs”lər yaxşı bilirdilər. Bir də ki, Brejnevin gəlişi Ukrayna üçün artıq layihəsi hazır olan və smetası milyon rubllarla ölçülən Məişət kondensionerləri zavodunun, onlarla irimiqyaslı sənaye və infrastruktur mərkəzinin Azərbaycanın sərəncamına keçməsi demək idi, elm, mədəniyyət və incəsənət sahəsində minlərlə görkəmli şəxsin istəklərinin yolu açılırdı..

Məgər onda gürcü, ukraynalı və ya erməni lobbisi mərkəzi kabinetlərdə əyləşib özününküləri gözləmirdilərmi, əlbəttə, hər bir qərar üçün kabinet qapılarında aylarla döyüşməli olurdun və beləcə hakimiyyət zirvəsinə gedən yol əsəb vuruşlarından keçirdi. Bəli, 15 müttəfiq respublika içərisində keçici Qırmızı bayraq və ordenləri qazanmaq sizif əməyi idi. Çox sonralar Bakıya qarşı işlənən “Sovka əməliyyatı” və pambıq, üzüm, tütün çöllərinin hər qarışını Moskvadan gələn istintaqçıların (Qdlyan-İvanovun etdikləri kimi) təftişindən keçirəndə belə Azərbaycanda kommunist epopeyasının 1969-82-ci illərdə qazandığı nailiyyətləri inkar edə bilmədilər, “durğunluq dövrü”ndən yan keçərək “böyük addımlarla irəliləyən” respublikanın göstəricilərinin həqiqiliyinə inanmalı oldular. Axı titullu salonlarda xalqın güzəranı haqda deyilən parıltılı rəqəmlər reallığı əks etdirməsəydi, “ağ və qara qızıl”ı yaradan əllər çarizm dövründəki kimi mazut göllərini üsyankar qanla doldurardılar.

Əvəzində Qorbaçov Əliyevin və azərbaycanlıların ona göstərdiyi yüksək ehtiramın qarşılığını xəyanətlə verdi. Bir-birinin ardınca təntənəli vida mərasimləri və kədərli simfoniyaların sədaları altında 1982-85-ci illərdə Brejnev, Andropov, Çernenkonu dəfn edəndən sonra SSRİ-nin gələcək rəhbərinin seçimi qarşısında da Əliyev və Qorbaçovun adı yenidən toqquşdu. 2014-cü ildə üzərindən məxfilik qrifi götürülən Britaniya hökumət arxivlərində o vaxtkı Baş nazir Marqaret Tetçerin görüşməyə hazırlaşdığı Siyasi Büro üzvlərinə dair məlumatlar yer alır. Yazışmalarda rəsmi Londonun gələcək seçim qarşısında üç ismin adı keçir. Maraqlıdır, onda kiminsə bundan xəbəri olubmu, bu haqda məlumat yoxdur, lakin Oksford universitetinin tanınmış alimi, sovetoloqu Arçi Braun xanım Tetçerə Mixail Qorbaçov, Heydər Əliyev və Andrey Qromıko triadasında birincinin üzərində dayanmağı tövsiyyə edir, belə ki, on illərdir müşahidə altında saxladığı Brejnev komandasının gənc üzvünün “yeniliklərə açıqlığını”, yəni Qərb ideallarına heyranlığını və antistalinçi baxışlarını nəzərə alıb onu öz adamlarına çevirəcəklərinə dərindən inandığını deyir. Göründüyü kimi, öz ölkəsində sonralar daim lənətlənəcək bir ismin Qərb agentrurası tərəfindən ram edildiyi şübhə doğurmur.

Daxildə də sovetlərin uzunömürlü xarici işlər naziri Andrey Qromıko öz oğlu ilə söhbətinə həsr olunan “Kremlin labirintləri” kitabında ən layiqli namizədin Əliyev olduğunu açıq vurğulayır, lakin Stalindən sonra Kremlin rəhbərlərinin milli-dini kimliynə dair qoyulmuş tabunun ona mane olduğunu, sovetlərin süqutunun qaçılmazlığını xəbərdar edirdi. Gerçəkdən də əsrlərdir knyazların, çarların, imperatorların hökmlər imzaladığı Borovitski təpəsindəki iqamətgah son illər təntənəli təltif məclisləri və kədərli nekroloqların səsləndiyi kilsəni xatırladırdı. Politbüro vitrinində ahıl, xəstə və gözləri solmuş adamlardan, ölkəni daha çox xəstəxanadan idarə edənlərdən fərqli olaraq Əliyev, möhtəşəm hərbi duruşu və atəşli baxışları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı ən sərt və amansız suallar qarşısında hazırcavablığı və açıqlığı, prinsipiallığı ilə seçilirdi. Onun həmsöhbətlərini ovsunlamaq qabiliyyəti, ətrafa dərin inam bəxş etməsi çeşidli kəşfiyyat, jurnalist və digər yazılarda qırmızı xətlə keçir. Tanınmış rus yazıçısı, siyasi avtobioqraf Roy Medvedev haqlı olaraq deyirdi: ”Kreml daxilində qaşlarını çatan və donuq sima daşıyıcıları sırasında 60 yaşlı Əliyev daim qələbə təbbəsümü saçır, xüsusi stilə malikdir, kameraların işığında həmişə rahat və qonaqpərvər görünür”. Yaxud, 30 noyabr 1982-ci ildə nüfuzlu “Los-Anceles Tayms” qəzeti Əliyevi “Kremldəki parlaq ulduz” adlandıraraq, onun sürətlə irəliləyən karyerasının Nazirlər Sovetinin 77 yaşlı rəhbəri Tixonovu əvəzləyənə qədər davam edəcəyini proqnozlaşdırırdı.

Elə buna görə də Qorbaçov 3 baş katibin və bir neçə potensial iddiaçının cəsədi üzərindən keçərək Kremlin sahibinə çevriləndə əvvəlcə Əliyevlə ehtiyatlı davrandı, qüvvələr nisbətini xeyrinə dəyişənə qədər gözləməyə üstünlük verdi. Onun “sən bütün İttifaqa lazımsan” israrı, 14 nazirliyi kurasiya edən şəxsi yanında görmək istəyi uzun illər partiya elitası içərisində prinsipiallığı və işgüzarlığı ilə ad çıxaran “kişi cüssəli” adamdan qorxduğunu göstərir. Yeri gəlmişkən, əvvəlki “qensek” Yuri Andropov çekist məktəbinin parlaq nümayəndəsi kimi Azərbaycan rəhbərini öz yanına çəkəndə məqsədi təkcə güclü komanda qurmaq deyildi, eləcə də “öz modelini” yaradaraq, ölkənin həqiqi vəziyyətini bilmək, “cəmiyyəti real dinamikada götürərək gələcək yeni addımları müəyyənləşdirib onun yenidənqurması”nda Əliyevə daha fərqli status tanıyacağına dair planlarını kimsədən gizlətmirdi. Digər tərəfdən, axı hər ikisi mistik məktəbin-DTK-nın, dünya mediasında “Qərbin qorxusu” adlandırılan gözəgörünməz ordunun yetirmələri idilər və uzun illər çiyin-çiyinə çalışmışdılar. Lakin Qorbaçovun komandası ayrı prinsiplərlə formalaşmışdı. Onun əsas kriteriyası gələcək planlarına mane olanların hamısını bir-bir səhnədən götürmək oldu. Hökmdar qəlbinin dərin bilicisi Nikolo Makiavellinin sözləri ilə desək, dövlət başçısının ağlını ilk növbədə, “özünə hansı adamları yaxın götürməsi” müəyyənləşdirir, o üzdən 3-cü Reyxin Nürmberq məhkəməsi qarşısında duran ideoloq və təbliğatçıları, general və xəfiyyəçiləri sanki 40 il sonra dirilib sovetlərə başçılıq edirdilər.

Təkcə Azərbaycan əleyhinə formalaşan güclü və sistemli qruplaşma elə bil Eçmiədzin kilsəsinin xüsusi təqdimatı ilə seçilmişdi. Misal üçün, Baş katibin köməkçisi Şahnazarov (ölümündən sonra Qaragözyan), beynəlxalq şöbədə Brutents, məsləhətçiləri, eyni zamanda Nazirlər Sovetində bir neçə vəzifə tutan Aqanbekyan, Sitaryan, Osipyan, Onikov, eləcə də ekologiya naziri Danielyan, ağır maşınqayırmada Arutyunyan, xarici ticarətdə Xitoyan və başqalarından ibarət idi. Ali Sovetdə isə təkcə Ambarsumyanı xatırlatmaq kifayətdir. Siyahı yalnız bir millətin Kreml elitasında tutduqları rəsmi mövqeləri göstərir. Onların maraqlarını müdafiə edən şəbəkənin osminoq caynaqları isə daha dərinə kök atmışdı. Yenidənqurmanın əsas ideoloqu Aleksandr Yakovlevin ayağını kəsilməkdən xilas etmiş erməni həkimə görə onun həlledici anlarda antiazərbaycan hücumlarına necə dəstək verdiyini xatırlatmaq kifayətdir.

Əliyevsə Kremlə tək idi. Onun müxtəlif illərdə yanına dəvət etdiyi həmvətənləri çeşidli səbəblər gətirərək, orada mühüm vəzifələr tutmaqdan imtina etmişdilər. Təəssüf ki, özündən sonra ölkəsində qoyub getdiyi milli kadrlar da onları yüksək mövqelərə çıxaran adamı mərkəz linç edəndə güclü dirənişə qadir vahid qüvvə deyildilər. İttifaq respublikaları arasında ən “zəif həlqə” dişsiz və ciddi xəstəliyi olan Kamran Bağırov oldu. Kəskin siyasi dəyişikliklər onu taxtdan saldı. Ona görə də Qorbaçovun administrativ maşını Əliyevə total hücuma keçəndə yalnız öz şəxsiyyəti hesabına qazandığı internasional dostları onu gizli müdafiə edirdilər. Əslində isə gedən mübarizənin birbaşa hədəfi Azərbaycan idi. Beləliklə, Əliyevin Moskva həyatı qədər onun ölkəsinin taleyini özündə dəqiq əks etdirən ikinci avtobioqrafiya yoxdur. Dünyada bir şəxsiyyət və millət həyatının dərin köklərlə bir-birinə bağlandığı belə nümunələr çox azdır. O üzdən, görkəmli rus yazıçısı, dünyəvi bestsellerlər müəllifi Edvard Radzinskinin xalqların keçmişinə “Stalinin, Ruzvelin, Çörçilin, həm də Əliyevin tarixi” kimi baxmasına tam haqq qazandırmalı olursan.

Sovetlər Birliyinin təməlləri isə sürətlə dağılırdı. Əvvəlcə, iqtisadiyyatı dövlət mülkiyyətindən və planlı təsərrüfat sistemindən çıxarmaq üçün kooperativlər hərəkatına, antialkoqol kampaniyasına başlayanda Orta Asiyadan Qafqazlaradək on illər ərzində yüz milyard manatlar hesabına qurulan kənd təsərrüfatını və emal sənayesini qısa vaxtda məhv etdilər. Daha sonra “aşkarlıq” dalğasında azad mətbuatın “samizdat” çərçivəsində baş qaldırması dünənədək gizli dissident hərəkatlarını önə çıxardı və bütün sosial təbəqələrin siyasiləşməsi geridönməz xarakter aldı. Ayılmış cəmiyyətləri bir daha əvvəlki itaətkar rola qaytarmaq mümkün olmadı. Ardınca SSRİ-nin hərbi gücünün sarsıdılması üçün Amerika liderləri ilə Cenevrə və Reykyavik görüşlərində başlanan birtərəfli nüvə ixtisarı, eləcə də Əfqanıstan daxil digər xarici ərazilərdən sovet qoşunlarının çıxarılması strateji rəqabəti və soyuq müharibəni Qərb dövlətlərinin xeyrinə həll etdi. Daxildə isə ordunun Qızıl rəngini Qırmızıya boyamaq üçün Qazaxıstanda qeyri-milli Kolbini - heç vaxt partiya rəhbərliyində olmayan bir adamı gətirib sayca azlıq təşkil edən qazaxlara başçı təyin etdilər. Özbəkistanda Fərqanə hadisələri ilə məshəti türklərini etnik nifaqın qurbanına çevirdilər, Baltikyanı ölkələrin ayrılmaq istəkləri qarşısında süngü çıxaranda isə toqquşmaları yatırtmaq üçün meydanlara qoşun yeridildi, nəticədə dünyanı lərzəyə salan Silahlı Qüvvələr get-gedə ictimai nifrətin ünvanı oldu. Artıq iflasa gedən magistral yol tam açılmışdı, heç bir qüvvə SSRİ-ni ölümdən qurtara bilməzdi.

Lakin Kreml dəhlizlərində gedən can savaşının ən böyük zərbəsi Əliyevə və Azərbaycana dəydi. Təkcə bir xatırlatma yerinə düşər: ”Qarabağ Komitəsi” adlı hibrid-millətçi təşkilatın yaradılması bir qrup şovinistin “əl işi” deyildi və gələcəkdə müstəqil dövlət avantürasının əvvəlcə Xankəndidə, ardınca İrəvanın Opera meydanında kənardan idarə olunan yüz minlik xaotik kütlənin səsi ilə qanlı dramanın premyerası səhnəyə qoyulmuşdu. Bəli, indi ötən əsrin 80-ci illərinin acı gündəliklərini hər kəs açıb oxuya bilər. Üç il əvvəl dünyasını dəyişən İqor Muradyan adlı Komitə üzvü (sonralar yoldaşlarının xəyanətindən sarsılan və ömrünün sonunadək tənha qalan idealist) öz həmfikirləri ilə birgə Əliyevi Cinayət Kodeksinin 67-ci maddəsi əsasında “milli ləyaqətin aşağılanması” iddiası ilə o dövrün hüquq və ictimai reallığında görünməmiş təşəbbüsdə bulunaraq məhkəməyə vermişdilər. Mötədil Boris Kevorkovu və bir neçə azərbaycanlını Qarabağ vilayət rəhbərliyinə göndərməklə, iqtisadi və mədəni xarakterli tədbirlərlə, eləcə də böyük ordu - ədəbiyyat və incəsənət xadimlərini ön cəbhəyə çıxarmaqla, unudulmuş tarixi şəxsiyyətlərin ruhu üzərində qurulan mənəviyyat ocaqları, muzeylər, məbədlər, abidələr və yubileylərlə Əliyev erməni millətçi qüvvələrin qəzəbinə tuş gəlmişdi. Doğrudur, Muradyan məhkəməni uduzdu, lakin Əliyevi Kremldən və Siyasi Bürodan uzaqlaşdıranda hətta ən loyal və qeyri-davakar Karen Dəmirçiyan da Qarabağa sahiblənmək üçün ən böyük qüvvənin siyasi karyerasına son verdiklərinə görə “qələbə”ni təqdir etmişdi. Zaman göstərdi ki, həqiqətən son yüz ildə dəfələrlə sovet rəhbərlərinə edilən müxtəlif məzmunlu müraciətlərin qarşısında Nəriman Nərimanov, Mircəfər Bağırov, eləcə də Heydər Əliyev möhkəm dayanmışdılar. Halbuki belə iddiaların əsrlərlə yaşı vardı. I Pyotrdan başlayaraq, dəyişən formasiyalar və siyasi rejimlər fonunda Qarabağla birləşmək tələbi gündəliyə çıxmış, nəsildən nəsilə ötürülürək “daş yuxular”a çevrilmişdi. Xüsusilə də Stalinin faşizm üzərində qələbəsindən sonra 1945-ildə, daha sonra Xruşşovun istiləşmiş 60-larda, Leonid İliçin “inkişaf etmiş sosializm” dövrü adlandırdığı 70-ci illərdə və sonrakı rəhbərlər zamanında hər dəfə bir millət özü üçün yeni üfüqlərin açıldığına inanmışdı. Lakin əsrin sonlarında Əliyevin sovet sisteminin rəhbərliyindən uzaqlaşdırılması qədər Azərbaycan ərazilərini ələ keçirmək planlarına fürsət açan ikinci böyük hadisə olmamışdı.

Qorbaçovun məkri və sinizmi o səviyyəyə çatmışdı ki, Siyasi Büroda, Ali Sovetdə və digər inzibati binalarda demokrat və partokrat, islahatçı və mühafizəkar adlarla iki cəbhəyə bölünən adamlar-Medvedyev, Yakovlev, Liqaçov, Bakatin, Yazov eləcə də gələcək Rusiya dövlətinin rəhbərləri Burbulis, Staravoytova, Çubays, Baturin, Rutskoy, Qraçov, Kozırev, Popov və digələri bir-birinə düşmən kəsilmələrinə rəğmən, Bakıya qarşı vahid səngərdə mübarizə aparırdılar. Bütün partiya, hüquq və mənəvi normaları aşaraq onu beynəlxalq görüşlərdən kənarlaşdırandan, kurasiya etdiyi intelegensiya və yaradıcı kollektivlərlə görüşlərdən, eləcə də o vaxtlar Moskvanı ziyarətə gələn Türkiyənin baş naziri Turqut Özalla görüşə, hətta protokol salamlamasına buraxmayandan sonra çəkişmə son fazaya daxil oldu. Qorbaçov dəstəsinin sistemli hücumları nəticəsində Əliyevi Miçurin prospektindəki xəstəxanaya yerləşdirəndə belə ondan əl çəkmədilər və ölüm akademiyasının rəhbəri, bir çox yüksək çinli nomenklatur təmsilçisini gedər-gəlməzə göndərən ağ xalatlı iblis Çazovu “arzuolunmaz pasient”in yanına göndərib ona Baş katibin son tələbini çatdırdılar - istefa!

Çap makinaları isə Əliyevin çekist keçmişini onun siyasi linçinin ən böyük səbəbi kimi beyinlərə yeridirdi. Qəribəydi, deyilmi? Sanki “qırmızı direktoriyadan” çıxanlar, komsomol-partiya kursunun yetirmələri, yaxud soyuq diplomatiya məktəbinin müdavimləri kommunist rəhbərliyi üçün yeganə məqbul ixtisaslarmış. Halbuki imperiyanı 70 il ərzində çökdürməyə çalışan Amerika və müttəfiqləri sovetləri ideoloji-iqtisadi cəhətdən çökdürməyi bacarsalar da onun güclü xəfiyyə sistemini sonadək dağıda və üzərində qələbə qazana bilmədilər. Görünür, Qorbaçov-Əliyev duelinin başlıca səbəblərindən biri də bu idi. Artıq o vaxtlar dillər əzbəri olan “proses işə düşdü” və Zori Balayanın “Ocaq” kitabı, SSRİ Elmlər Akademiyasının separatçıların müdafiəsinə qalxması, dünya elmi dairələrinin kampaniyaya qoşulması, daha sonra əsas iqtisadi sütunları məhv etmək üçün Əliyevin rəhbərliyi dövründə pambıqçılıq, üzümçülük və kadr siyasətini total şəkildə yoxlamaqla cəmiyyəti, alimləri və partnomenklaturanı qorxudub onları Mərkəzlə üz-üzə gəlməkdən çəkindirərək əvvəlcə lokal hadisəni ümumittifaq, sonra dünya probleminə döndərdilər. Aqanbekyan noyabr ayında Fransada onun şərəfinə verilən ziyafətdə erməni veteranları qarşısında “iqtisadçı” kimi danışdığını, Qarabağın daha çox Azərbaycanla deyil, Ermənistanla bağlı olduğunu bəyan etməsi silahlı müharibənin yaylım atəşi oldu.

Görünür, rumın xalqının faciəli oğlu Çauşesku “Qarabağı lənətləyərkən” onu həyat yoldaşı ilə birgə “samosud”a aparan əsas tektonik silkələnmənin məhz Qafqazlarda gizləndiyini fəhmlə dərk etmişdi, yoxsa o, ayağa qalxmış kütləni bir yolla sakitləşdirərdi. Həqiqətən almanların və ingilislərin ötən əsrin əvvələrində erməni, gürcü və azərbaycanlı birliyini təmin edə bilmədikləri halda Leninin inqilabçı komissarlarının cızdığı xəritəylə İrəvan, Bakı və Tiflis arasında savaşa son verilmişdi. Qəribədir, dağılma ssenarisi də birbaşa həmin təməllərə zərbə vurmaqla gedirdi və artıq Sumqayıt hadisələri, Ermənistandan 300 min azərbaycanlının kütləvi deportasiyasından sonra Bakıya hərbi zərbə vurulması qaçılmaz idi. Onun günü və saatı fərqli ola bilərdi. Azərbaycan paytaxtına hücum sovetlərin süqutunun rəsmiləşdirilməsiydi. 20 yanvar tarixinin bir millətin siyasi təqvimində tutduğu yerdən asılı olmayaraq, onun məhz İttifaq miqyaslı şoka çevrilməsi daha önəmli idi.

Tarixin ironiyasına baxın, Bakıya hücumu vaxtilə Lenin öz məxfi direktivlərində bölgə üzrə canişinlərindən tələb edirdi. Neft komitəsinin üzvü ter Qabrielyana “itaət göstərilmədiyi halda paytaxtı yandırmaq üçün bütün hazırlıqları aparmaq” tapşırığı verilmişdi. Bu hədəli şifroqramma dəfələrlə digər dünya liderləri tərəfindən də təkrarlanacaqdı. Alman kəşfiyyatçı təyyarələrinin Bakı üzərindən apardıqları uçuşlar sovet hərb maşınını yanacaqdan məhrum etmək üçün Adolf Hitlerin sonradan vaz keçdiyi bombalama üçün məxfi əməliyyat hazırladığını sübut edir. İngilis və fransız hökumətlərinin ağlasığmaz hərbi planı cəmi 5 günə qədim bir şəhərin infrastrukturunu məhv etməyi nəzərdə tuturdu. Dünya şöhrətli Çörçilin imzası ilə üzə çıxan sənədlər buna şübhə yeri qoymur. İran Azərbaycanına yerləşdirilən eskadrilyalar qısa vaxtda almanların əlinə keçəcək neft çəlləyini darmadağın etməyi hədəfləyirdi. Stalinin Baybakovla həmişə ehtiyatda saxladığı variantın nədən ibarət olduğu yaşlı nəsil azərbaycanlıların ən ağrılı xatirəsidir. Faşistlərin əlinə keçəcəyi təqdirdə hamısının güllələnəcəyi hədəsi Azərbaycanın siyasi və neft rəhbərliyinin yüz illərlə qurulan sənaye obyektlərinə düşən odun bütöv bir şəhəri yerlə yeksan edəcəyini anladıqlarını göstərir. Soyuq müharibə illərində nüvə silahlarının tuşlandığı şəhərlər sırasında da Bakı baş yerdə dururdu. Lakin yalnız sonuncu sovet rəhbərinin qanlı əli onlarla qoşun növünü Azərbaycan paytaxtına göndərməklə Leninin, Stalinin, Hitlerin, Çörçilin, Trumenin və digər dünya liderlərinin risq etmədiyi məkrli planı icraya yönəltdi. On birinci Qızıl ordunun belə niyyətlərini son sovet rəhbərinin qərarı ilə müqayisə etmək mümkün deyil.

Əliyevsə quruculuğuna bütün həyatını həsr etdiyi Bakının və Azərbaycanın ağır günlərində onu ev dustaqlığında saxlamağa çalışanların iradəsini qırmaya bilməzdi. Deyəsən, Kremlin divarlarından kənarda bir-birinin ardınca xeyli tərəfdarının aradan götürülməsi “infarktdan” hələ də sağ qalmasının ona bağışlanmayacığını deməyə əsas verirdi. Katibliyin rəisi Valeri Qridnev avtomobil qəzasında, müalicə həkimi Dmitri Neçayevi evinin qarşısında öldürmüşdülər, uzun illər dostluq etdiyi əfsanəvi Semyon Sviqun isə özünə atəş açaraq müəmmalı şəkildə intihar etmişdi. Belə silsilə qətllərin yaşandığı qorxulu Moskva günlərində belə Əliyev millətinə və daşıdığı ideallara, eləcə də çiyin və mübarizə yoldaşlarına xəyanət etmədiyi üçün qətiyyən sui-qəsddən çəkinmirdi. Onun Bakıya gizli dönüşü Qorbaçovun birinci məğlubiyyəti oldu!

Cəmisi üç il sonra Bakını 20 yanvarda ələ keçirməyə çalışan qüvvələrin planı tam iflasa uğrayacaqdı - Azərbaycan və Əliyevin birləşməsi qarşısıalınmaz ilahi əmrə çevriləcəkdi. O vaxtadək xəritədən silinən sovetlərin yerində çoxlu müstəqil dövlətlərin meydana gəlməsinə rəğmən, qlobal və lokal müharibədə məğlub olan Azərbaycanın hərbi-iqtisadi və siyasi şahmat taxtasında mövqeyinin köklü şəkildə dəyişməsi məhz həmin Qayıdış tarixindən başlayır. Söhbət təkcə daxili xaos diktaturasının cəngindən xilas olmaqdan getmir, Qorbaçovun ikinci məğlubiyyəti saydığımız Əliyevin hakimiyyətə dönüşü bütün gələcək illərdə üz-üzə qaldığı beynəlxalq irtica və daxili təxribatların mahiyyətcə qanlı yenidənqurma siyasəti ilə sinxronluq təşkil etməsini dərk etmək daha önəmlidir. Əlbəttə, fərq sadəcə adlardadır. Yəni Qorbaçovu demokrat Yeltsinin liberal dəyənəyi və iqtisadi cəza siyasəti əvəzləmişdi, Amerika demokratiyasının Konrqes salonlarını cəbhə xəttinə döndərən sanksiya qərarları və Qərb mediasının hər addımda Azərbaycan xalqının ləyaqətinə və mənəviyyatına hücumları tüğyan edirdi.

Əliyevin Adenauer missiyası belə başladı. Alman kansler bir vaxtlar ərazisinin 135 min kv.km itkisinə rəğmən dağılan iqtisadiyyatı bərpa edərək ikiyə bölünmüş məğlub xalqını kiçik qələbələrlə “Versal sindromu”ndan çıxara bilmişdi. Əliyevsə neft müharibəsini udandan sonra tərəfdaşlarını artıraraq regional izolyasiyadan çıxmağı bacardı, Qərblə uğurlu iqtisadi-siyasi və təhlükəsizlik konsorsiumu qurdu. Təzə Pir məscidinin kürsüsündən dünyaya səslənən siyasi patriarxın çağırışı az qala səmavi səs idi-biz bir daha müstəqlliyimizi əldən verməyəcəyik! 20 faizlik torpaq itkisinin yaratdığı natamam suverenliyin çərçivəsini qlobal enerji və iqtisadi layihələrlə dağıdarkən kənardan belə mənzərə yaranırdı ki, Ermənistanın müharibədə qazandığı qələbənin nəticələri yalnız viranəyə çevirdiyi ərazilər üzərində gözətçilikdir. Başqa geosiyasi və təhlükəsizlik üstünlüyü gözə dəymirdi. Əksinə, Əliyev bütün xalqına hər yerdə qalib gəlmək idealları aşılayırdı. Bismarkdan sonra almanların dünyəvi iddiaları məhz həmin fəlsəfənin hesabına formalaşmışdı. Parta arxasında, tatami üzərində, yaşıl meydanda, titullu salonlarda, minbərdə və ya dünyəvilik platformasında dayanmağından asılı olmayaraq, hər bir azərbaycanlının yalnız bir müqəddəs amalı vardı - torpaq! Ona görə də qalib missiya oğul Əliyevin möhkəm çiyinlərinə qoyulanda iki əsrdən bəri üzərində qanlı təcrübələr aparılan xalqın taleyi nəhayət, ilk dəfə öz ixtiyarına verildi.

Səksəkəli sıfırıncı illər, ardınca rəngli demokratiyalar, 2008-ci ilin avqustunda Çin olimpiadası zamanı Qafqazlarda baş qaldıran tarixi Rusiya və Gürcüstan müharibəsi, ardınca ərəb inqilabları və nəhayət, Ukraynanı parçalayan Qərb-Rusiya qarşıdurması göstərdi ki, Azərbaycan onun faciəli baş rol aldığı 90-cı illər ssenarisindən kənarda qalmağı bacarır. İkinci Dünya savaşı zamanı İnönü Türkiyəsi məhz belə davranışlarla özünü qoruya bilmişdi. Əliyevsə siyasi və hərbi müttəfiqlərini artıraraq, hər addımda dövlətinin, millətinin və həmsil etdiyi soyun iki əsrlik savaşına doğru hər gün bir addım daha yaxınlaşırdı. Onun uduzmaq şansı, perspektivi və seçimi yox idi. Kiçik bir tələskənlik və şərqlilərə xas emosiya xalqın məğlubiyyət zəncirindən qurtuluşunu qeyri-mümkün edərdi. Axı bir vaxtlar Strasburqun məkrli salonlarında Yeliseydən aldığı güc və hikkə ilə “biz qan töküb torpaq almışıq” deyən keçmiş komsomol, zamanında onun qarşısında istehsalat raportu verən Robert Koçaryana Azərbaycan siyasi patriarxı soyuqqanlıqla, tövrünü pozmadan ”bir gün ermənilər zəfiləyəcək və biz o günü mütləq gözləyəcəyik” deyə cavab vermişdi. Axı “millətin şərəfi onun rifahı və hətta mövcudluğundan daha önəmlidir” deyirdi Vudro Vilson.

Beləliklə, üstündən 32 il keçəndən sonra Berlin divarı və Ohanyan xəttinin dağılmasının məhz 9-10 noyabr tarixlərində gerçəkləşməsi qətiyyən təsadüfi deyil, vahid zəncirin həlqələridir. Sanki mavzoleyə qoyulmuş Leninin cəsədi yox, sovet dövlətinin özü olub və Azərbaycan xalqı öz tarixi taleyini dəyişməyə qalxdığı 2020-ci ilin sentyabrında Qurtuluş hərəkatı 90-cı illərin faciə təqvimini qələbə ilə əvəzləyib. Məgər ”şər arxitekturası” termini hər iki divara nəzərən yerinə düşmürmü? Almaniyanın məğlubiyyətinin acı simvolu olan ayırıcı sədlərin 106 km-lik beton divarının, 65 kim-lik metal torun, 127 kim-lik gərginlik altındakı siqnal çəpərin, xəndəklərin və digər istehkam qurğularının ölçüləri ilə Ohanyan xəttinin 5 qat minalanmış və 600 kim-lik çətin coğrafiyaları əhatə edən ölüm zolağı arasında təkcə kəmiyyət, forma deyil, məram eyniliyi və mahiyyət əkizliyi var. Əgər Berlin divarının sökülməsi iki fərqli ideologiyanın savaşının sona çatması və bir xalqın vahidliyinə xidmət edirdisə, Ohanyan səddinin yarılması Azərbaycanın yerləşdiyi coğrafiyanı “dənizdən-dənizə” içərisinə almaq planının məhv edilməsi və əbədi müharibə məkanı olan Qafqazı dünyaya açmaq demək idi. Əslində 2-ci dünya savaşından sonra Marşal planı ilə Almaniya və dağılmış Avropanın SSRİ qarşısında qazandığı çoxmilyardlıq iqtisadi yardımlar və daimi siyasi himayədarlıqla müqayisədə xalqımızın Ohanyan divarını yıxması daha əzəmətli hadisədir. Çünki 1989-cu ilin soyuq noyabr günlərində öz qardaşlarına qovuşan bir millətin övladlarından fərqli olaraq, Qoca Şərqin müqəddəs odunu daşıyan azərbaycanlılar suverenlik paradına yalnız minlərlə qurban verməklə çıxmışdılar. Razılaşın ki, Helmut Kolun sovet tanklarının ölkəsindən çıxması üçün ödədiyi bir neçə milyard marka kiminsə canından artıq ola bilməzdi. Belədə Bakının hərbi qələbəsini dünyəvi miqyasda qeyd etməyə həmyerlimiz Rostropovoç ruhlu violençel ustaları, qorxmaz oğullar gərəkdir!

Ona görə də qələbəmizin prizmasından dünya daha aydın görünür. 30 illik yaşantılar siyasi yetkinlik və mətinlik dərsləridir. Ən sadə adamımız da riyakarlığı həqiqətdən, azğın mənafeləri təmənnasızlıqdan, deklarativliyi əməli işlərdən ayıra bilir. Yaşadıqlarımızın hər biri baharın 17 anıdır. Məgər ölməz Rəşidin-bir vaxtlar “qarabağlı şən oğlan” adlandırılan dünya şöhrətli musiqiçinin Qorbaçovun üzünə dediyi “bunun sonu qan olacaqdır” cəsarətli kəlməsinin hesabını ağır ödəməsini dərk etmək və onun indi oxuyacağı azadlıq nəğməsini eşitmək çətindir ki?! Ya da imperiyanın qəddarlığını görən Hamlet Xanızadənin partlayan ürəyinin səsini duymaq, sovetlərə bir quruluş nəzəriyyəsindən baxan Xudu Məmmədovu Vətən müharibəsində qalibiyyətdən sonra bütövlüyümüzə hansı kristalın işığından baxacağını fəhm etmək mümkün deyil ki?! Onlar son 30 ilin hər günü bizimlə olublar, müqəddəs 44 gündə də millətimizlə eyni döyüşü aparıblar. Bir vaxtlar Bakının böyük meydanlarında yüz illik itkilərimizin şərəfinə addımlayanların davamçıları son müharibədə canını fəda edənlərin xatirəsinə ehtiramla, başlarını dik tutaraq ruh paradından keçirlər. Mehmandarovlar, şıxşlinskilər və cümhuriyyət ideallı onlarla hərbi sərkərdənin sırasında yüzlərlə şirin mizəyevləri, allahverdi bağırovları, əlif haciyevləri, əliyar əliyevləri görməmək mümkün deyil. Demokratik quruluş amalı ilə yola çıxan Rəsulzadə və onun bir ovuc fədakar əqidə qardaşları da on illər boyunca sürgün olunduqları Avropa çöllərindən boylanıb Azərbaycanın və Əliyevin qələbəsinə yalnız sevinər, vətəni qorumaq üçün yaratdıqları “Prometey” odunu göylərə qaldırıb 10 dekabr Qələbə paradı kürsüsündən millətimizə “gözümüz aydın, əfəndilər” deyərdilər. 90-cı illər xalq hərəkatının önünə çıxan Əbülfəz Elçibəyin ömrü boyu arzuladığı bütöv vətən idealını gerçəkliyə çevirdiyi üçün Əliyevin vahid millət cəbhəsinə və qalib dəmir əlinə yalnız alqış deyəcəyinə şübhə yoxdur. Axı vaxtsız demokratiyanın gətirdiyi işğal və idarəçilik xaosu bir vaxtlar yüz minlik meydanlara rəhbərlik edənləri sel kimi qarşısına alıb taxtdan saldısa, onları alqışlayan kütləninin eynən Robespyeri eşefota göndərərkən də çaldıqların çəpiyin səsindən yalnız tarixi dərslərlə xilas olmaq mümkündür. Əgər Əliyev milləti uçurumun kənarından və 1991-ci ilin natamam müstəqilliyindən xilas edib daha yüksək pyedestala qaldırdısa, AXC liderlərinin varisi olduğunu deyən İsa Qəmbər Əliyevin qalibiyyət kursuna Atatürk yoluna türk siyasi qüvvələrinin münasibətini göstərməkdən çəkinməməlidir. Qarabağ dalğasında yaranan partiya və hərəkatların Zəfər bayrağı altına yığışmaq çağırışı - uzun on illərin proqram müddəası artıq gerçkliyə çevrilibsə, yeni ideallara keçid iflas qorxusu doğura bilməz.

İndi alovlu tribun Xəlil Rzanın Lefortovodan yazdığı sətirlər şəhid oğlu Təbrizin və minlərlə tale qardaşlarının canı qarışan torpaqların azadlığına həsr edilər, mərdlik, mübarzilik və igidlik epopeyaları yalnız onlara ünvanlanardı. İstiqlaliyyət yoluna çırpılıb can verən böyük alim Aydın Məmmədov və Dilarə Əliyeva bu gün dünya şöhrətli qardaşları Oljas Süleymenovla çiyin-çiyinə dayanar, titullu salonlardan Qələbə nitqləri söyləyər, türk dünyasının daha aydın vizyonunu təqdim edərdilər. Görün, bu yolda nə qədər itkilərimiz olub. Lakin 44 günlük savaşın zirvəsi ilk şəhidlər Əli və Bəxtiyardan başlayaraq, 20 yanvardan 20 noyabra, Daşaltıdan Xocalıya qədər, eləcə də son 30 ildə səngərlərdə can verən minlərlə oğul və qızların hamısının birgə qələbəsidir. Adları bir yazıya sığmasa da düşmənin onlarla canlı qüvvəsini məhv edərək məşhur rus məsəlini dəyişdirən, “bir nəfər ordudur” deyən mübarizlər, aprel qəhrəmanları, əsgərindən öndə gedən həşimovlar və digər yüzlərlə döyüşçülər 10 noyabr təntənəsini milyonlarla dünya azərbaycanlısı ilə birgə qeyd edirlər. Fərq etməz, mədəniyyət səhnəsi, yaxud iqtisadiyyat meydanı, hərb cəbhəsi, yoxsa, siyasət tribunası son 30 ildə Şuşaya dönüş idealına xidmət edən hər kəs savaşın qalibləri cərgəsindədir!

Azərbaycanın və Şərq qadınının obrazını dəyişdirən, onu çevikliyi, prinsipiallığı, yüksək humanizmi və dövləti maraqlara dönmədən əməl etməsi ilə zənginləşdirən Mehriban xanımın üzərinə götürdüyü mədəniyyət və humanitar missiya, muğamdan xalça ilmələrinə köçürlən milli hədəflər Paris, London və Vaşinqtona uzanan böyük coğrafiyada bir xalqın zərif diplomatiya ilə apardığı şərəfli mübarizədir. Yumşaq güc çox vaxt silahlardan daha təsirli olur. Roma maarifçi xristianlığının katakombalarına, Versalın antik məbədlərinə uzanan xeyirxah əllər hər yerdə dini və milli hamilər tapan Ermənistanın beynəlxalq dayaqlardan məhrum edilməsi siyasətinin tərkib hissəsidir.

Ona görə də 2-ci Qarabağ müharibəsi Mixail Qorbaçovun və 30 il onunla eyni cəbhədə dayananların üzərində Əliyevin və xalqımızın üçüncü qələbəsidir. Beləcə şərti adı bir şəxsin ismi ilə çağırılan dağıdıcılıq prosesi və Şər qüvvəsi Xeyirə və quruculuğa məğlub oldu. Yaxşı ki, ölməyib özü də bu günləri gördü və onun son etiraf müraciətləri dünyasını dəyişməsi qarşısında vida nitqi sayıla bilər. Lakin Azərbaycan xalqı elələrini heç vaxt bağışlamır. Onun Bakı neftinə batırılmış Nobel mükafatı bizim yüzlərlə oğulun qanından yoğrulub. “Yenidənqurma” sözünün onunla birgə doğurdugu assosiasiyanı nəzərə alıb azad torpaqlarda aparılan vətən quruculuğunu zəngin dilimizin başqa kəlmələrilə ifadə etmək yerinə düşər. Patriarx Əliyevsə Kremldə və ya ucqar Naxçıvanda, hakimiyyət birinciliyində, yaxud cismani yoxluq şəraitində bir vaxtlar partiya binalarında hamının bir səslə dediyi şüara çevrilərək bütün düşmənləri üzərində yüksəklikdə dayanır: Əliyev irsi yaşayır və qalib gəlir. Əvəzində minlərlə ideoloq, siyasətçi, marşal-liqaçovdan, bakatinə, staravaytovadan igityana, kaputikyandan yazova, balayandan koksa qədər hamısını məğlub saymaq olar. Gördüyünüz kimi, soyadlar və çinlər bir-birindən fərqlidir, lakin tarixdə qalan mirasları azərbaycanlılara düşmənçilikdən ibarət statik tərcümeyi hallardır.

Əliyevsə yeni eranın birinci 20 illiyini qələbə ilə keçirir və Qarabağ zəfərini möhkəmləndirərək Kəlbəcərdən Zəngilana strateji coğrafi yüksəkliklərə nəzarəti təmin etdikdən sonra yeni siyasi doktrinə keçidi elan edir. O, uzun illər düşmənin adı ilə sinonim işlənən İrəvan sözünün qədim və doğma mənasını ruhi, mənəvi düşüncələrə, təhlillərə, siyasi leksikona qaytarır. Bakı və Qarabağ termini indi öz yerini qalib sərkərdənin fərqli strateji hədəflərinə verir. Böyük əksəriyyətin Xankəndiyə, Ağdərəyə zillənən nəzərləri fonunda suya, elektrik dirəklərinə, dolanışıq ehiyaclarına tələbatı hər gün artan qarabağlı bir ovuc erməni ilə fərqli müstəviyə daşınan növbəti müharibədə hər gün qazanılan yeni strateji “postlar”a görə Əliyev yumruqlarını düyünləyərək qürurlanır və səssizcə növbəti mövqe üçün ordusunu səfərbər edir, İrəvanda sədası hər gün eşidilən güllə səslərindən diksinən və əhatəsində hər gün azərbaycanlı əsgərlərini görənlərə “ölüm yolu”ndan çəkilməyi təklif edir. Bir vaxtlar Xəzərin ətrafında qurulan qlobal neft konsorsiumu və Qafqazları dəyişdirən iqtisadi müharibənin parametrləri indi Britaniya, Türkiyə, Rusiya və digər dövlətlərin Zəngilandan Kəlbəcərədək geniş bir zolaqda qızıl yataqları, təbii sərvətləri və böyük qayıdış ətrafında razılaşma formuluna köçürülür. Siyasəti maraqları idarəetmə sənəti sayanların sözlərinə bu yerdə haqq verməli olursan.

Zəngəzur konsorsiumuna daha çox dövlətin qoşulması Əliyevin Xəzər ətrafında qurduğu razılaşma formulunun İran və Rusiya, ABŞ və Fransa ilə indi başqa məkanda təkrarlanması deməkdir. Yeliseydən son telefon zəngi də sübut edir ki, Paris yalnız ermənilərə söykənib buraya qoşun yeridə bilməz. Rusiya hərbi qüvvələri Xankəndiyə kənar orduların girməsinin qarşısındadır. Öz mənfəətləri üçün olsa belə. Ona görə də rus hərbi kontingenti onun xələfləri tərəfindən basdırılan minaları təmizləyir, barış və uzlaşma tövrünü Kremlin yeni kursu tək elan edir. Knyaz Yermolovun, general Vorontsovun, yaxud Sisianovun hərbi missiyası ilə müqayisədə general Rüstəm Muradov özünün 1960 nəfərlik heyəti ilə təkcə lokal ərazidə deyil, bütün Qafqazlarda Rusiyanın yeni, bölgənin tarixində bənzəri olmayan sülhpərvər missiyasını təmsil edir. Çətin işdir, bir çoxları üçün inanılmazdır, lakin alternativi mövcud deyil. Axı Yermolovun hərbi çəkmələri ilə dağlı xalqların hamısının məhəbbətini qazanmaq mükün deyil. Ona görə də İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşüb ölən rus əsgəri yoxdur. Arutyunyanın özlərini vaxtında çatdırdıqları üçün Muradova təşəkkürü şəxsi sağlığına görə minnətdarlıq borcudur. Əliyev-Putin-Ərdoğan razılaşması qüvvədədir. Bəli, Brejnevin səhv saldığı vərəq - Əfqanıstanla Azərbaycanın yerinin dəyişik salındığı tarix artıq arxada qalıb. Qorbaçov əziciliyi, Yeltsin sanksiyaları yalnız Qərbin xeyrinə işlədi və avropalı şirkətlərin bölgəyə yolunu açdı. Ona görə də İsa Məshin “daşları yığmaq vaxtıdır” peyğəmbərliyi bizim müqəddəs torpaqlar üçün də keçərlidir.

2012-ci ildə, üstündən iki on illik keçəndən sonra müharibə “Ocağ”ına “Gülüstan traktatı”nı əlavə edən Zori Balayanın Rusiya dövlət rəhbərinə müraciətini xatırlamamaq olmur. Gülüstan və Türkmənçay müqavilələrinin bolşevik inqilabının yekunları ilə məhv edilməsindən acılar keçirən erməni ideoloq öz manifestini sanki bu günlərin təsiri altında yazıb. O deyir: ”Təsadüfi deyil ki, İran şəhanşahının başının altına qoyduqları yastıqdan sonra böyük para hesabına Azərbaycan Araz çayının sağ sahilindən xeyli ərazi əldə etdi. Beləliklə, Naxçıvanla on kilometrlik sərhəd qazanıldı. Düşünürsüz ki, SSRİ Nazirlər Sovetinin birinci müavini olan Əliyevin materik Azərbaycanla Naxçıvan arasında öz yolunu çəkməkdə maraqlı olması təsadüfi idi? Yox, bu Ermənistanı Rusiya və İrandan ayrımağın tərkib hissədir”. Göründüyü kimi, əbədi qorxular çin olub. Lakin bir millət əsrlər boyu müraciət ünvanını dəyişməyə məhkumdur. Pyotra, Leninə, Stalinə və digər rəhbərlərə, paytaxtlara uzanan əllər indi 2050-ci ildə sayları cəmi bir milyona düşəcək erməni yoxluğunu ortaya qoyub. Nəhayət Bakıya, Əliyevə müraciət İrəvanın siyasi və fiziki varlığının yeganə təminatıdır. Qarabağı hər gün Rusiya ilə birləşdirən analitik beyinlər, fərqində deyillər ki, Çeçenistan, İnquşetiya və Nord Ostdakı atəş səsləri məhz həmin planın tərkib hissəsiydi. Moskva Xankəndi ilə birləşmək istəyəndə onun bütün milli etnik fundamenti gəlib birləşir Şuşaya!

Qərb dövlətlərini isə 10 noyabrdan sonra vahid mövqedə saymaq olmaz. Britaniya fərqli nümunələr yaradır. Tomson ordularının Bakı neftinə aludə olub Azərbaycanın müstəqlliyinə kömək əli uzatmamalarının səhvlərini Conson hökuməti unutdurmağa çalışır. Təqdir olunacaq hərəkətlərdir. 90-cı illərdən bu yana bir çox baronessaların daimi erməni mənafelərini hakim kursa çevirdiklərinə rəğmən bu dəfə Vestminister Hallda regiona hələ barıt iyi çəkilməmiş səfər edən nazir Vendi Morton ingilislərin mövqeyini bir daha aydın dilə gətirir və Ermənistanın öz məğlubiyyətlərini həm də Mİ-6 nın rəhbərinin Bakıya yardımı ilə bağlamasının əsassız olmadığını sübut edir. Razılaşın ki, ingilis diplomatiyası üçün belə birmənalılıq nadir hadisədir. Lakin onu qazanmaq üçün Əliyev diplomatiyası düz 27 il məqsədyönlü çalışmalı olmuşdu. Yelizaveta ailəsi və taxt-tacın Şərqin qapısının Bakı olduğunu yaxşı bilməsi prezidentin strategiyasının düzgünlüyünə şübhə yeri qoymur. Neft-qaz nəhəngi BP-nin hələ sürüşkən 90-cı illərdə Azərbaycan iqtisadiyyatına yatırımlarının indi 70 milyard dollara çatmasını, eləcə də hökumətin birbaşa investiyalarının 25 milyard dollardan çox olmasını nəzərə alsaq, indi azad torpaqların çoxmilyardlıq potensiala malik böyük əlvan metallurgiyasını siyasi müttəfiqlərlə birgə işlənmək üçün unikal fürsət açılıb. Əslində “Əsrin kontraktı”nı Vejnəlidən Zod yataqlarınadək geniş zolağa daşımaq bir tərəfdən yeni torpaqlarda sülh və təhlükəsizliyi gücləndirmək üçün beynəlxalq zireh yaradır, digər tərəfdən aparılan müharibənin prinsiplərini heç vaxt unutmağa qoymur: qələbəni bölüşməyi bacarmalısan! Halbuki, 26 sentyabra qədər 50-dən çox şirkət Qarabağın metal ehtiyatlarını talamaqla məşğul idi. Təkcə “Sterlite Gold ltd”, Base metals”, “ Sirkap Armenian”, Menex and Valex, Armenian Copper Programme və digər şirkətlərin il ərzində dünya bazarına çıxardıqları sərvətlər 2-5 ton qızıl, eyni miqdarda gümüş və digər filizərdən ibarət idi. Milyardları itirdilər. Üstəlik də, Qarabağdan yan keçən nəhəng sürtkü yağları - boru kəmələrinin erməniləri buxov kimi sıxan arteriyaları. Bəli, müharibədə sağ qalmaq və üstəlik, qalib gəlmək üçün zərgər dəqiqliyi tələb olunur. Bir vaxtlar fransalı senator Beraje deyirdi ki, almanlar dəmir və kömürə çox bel bağlamayıb neftin üstünlüyünü qəbul etsəydilər, savaşı sonsuz davam etdirmək üçün tükənməz xəzinə əldə edərdilər.”Yerin qanı” - neft həm də qələbə üçün tökülən qan deməkdir. ”Ermənilərin sonrakı ağlı” böyük ərazi iddiaları iflasa uğrayanda deyilən mistik kəlmədir.

ABŞ səfiri Linn Treysinin Zəngəzur mahalına iki dəfə uzunmüddətli səfərinin və sadə erməni evi kirayələməsinin arxasında regionun tarixinə sevgi, yaxud onun unikal təbii və ekoloji xüsusiyyətlərini öyrənmək ehtiyacı dayanmır. Aydın məsələdir. Hər halda 44 günlük müharibədən qabaq Ağ Ev təmsilçisinin həmin bölgəyə getdiyini görən olmayıb. Lakin Azərbaycanın hərbi qələbəsinin yolunu açdığı yeni dəhliz İranla Ermənistanı birləşdirən yeganə sərhəd zolağı olmaqla eləcə də İrəvanın enerji sisteminin təminatında mühüm rola malikdir. Yəni ərazinin geosiyası əhəmiyyətinin üzərinə, ABŞ-ın “Contour Global” şirkətinin 2015-ci ildə aldığı, istehsal gücü 1.1 milyon kv.saatdan çox olan strateji obyekti də əlavə etsək, ləyaqət inqilabı hökumətinin Əliyevin bəyanatları qarşısında qorxusunu başa düşmək olar. İrəvan Bakının Tehranla əlaqələrinə, eləcə də ABŞ holdinqinin relesinə sahib olaraq, “Vorotan kaskadı” hesabına İrəvanın işığını öz nəzarətinə götürəcəyindən çox narahatdır. 30 illik nəqliyyat və enerji blokadasının Ermənistanın sənaye istehsalını demək olar, məhv etməsi xarici iqtisadi asılılığı gücləndirdiyindən, İrəvan tam Bakının gündəliyinə düşəcəyi və Abşeron yarımadasının havasına köklənəcəyinin həyəcanını yaşayır. Siyasi əqidəsindən və dinindən, milli və entik fərqlərindən asılı olmayaraq, regiona barış və sülh gətirəcək, harmonik inkişaf düsturu yaradacaq kurs regional-dünyəvi liderliyin yeni formuludur.

İndi millli diskurslar dəyişməlidir - “nə üçün məglub olduq”dan, “necə qalib gəldiy”ə keçməliyik. Ona görə də sərhədləri açmaq Azərbaycan liderinin “Marşal planı”nın hədəflərinə çatmasıdır. Ermənilərin Azərbaycan dövlətçiliyinə xidmət etməkdən başqa alternativi qalmır. Növbəti hədəf regionu demilitarizə etməkdir. Məgər Qafqazda silahsız yaşamaq mümkün deyil? Şuşa bəyənnaməsini bölgənin bütün xalqlarının sülh və təhlükəsilziyi ideyasına qədər inkişaf etdirməyi bacarmaq, erməniləri İrəvanda ram etmək deməkdir. Axı onlar ticarəti pis bacarmırlar. Kod da Vinçidə olduğu kimi, Qarabağın Azərbaycandan kənarda iqtisadi, siyasi və fiziki gələcəyi yoxdur. Ona toxunmaq olmaz. Deyəsən, Stalin 2-ci dünya savaşından əvvəl Səmərqənddə Əmir Teymurun daşlarına əl uzatmışdı. Heyhat, onu müdriklər xəbərdar etmişdilər, tabulara toxunmaq olmaz!

İlham Əliyevə Xankəndiyə görə edilən hücumların söykəndiyi arqument bazası adi tənqidə tab gətirmir. ”Orduya irəli əmri verməkdən qabaq müxtəlif dövlət liderləri ilə müəyyən razılaşma tapmışdın” ittihamı siyasətin əlifbasının ziddinə getməkdir. Axı bu ki liderin bir nömrəli vəzifəsidir! Məgər, hər dəfə biz döyüş meydanlarında təklənəndə arxa və dayaq axtarmalıyıq? Eynşteynin “atomu parçalamaq daha asandır, nəinki stereotipləri qırmaq”, sözləri sanki bizlər üçün deyilib. Halbuki Horadizdən başlanan uğurlu yol müxtəlif daxili və beynəlxalq məntəqələri keçərək bizə qələbə gətiribsə, onu alqışlamaq gərəkdir. Tamamilə azərbaycanlı əhatəsində qalan Xankəndi, yaxud Xocalı ermənilərə hər hansı hərbi-iqtisadi, ondan da betər siyasi müstəqillik perspektivi verə bilməz. 17 min kv.kilometr ərazidə onlar müqəddaratlarını təyin edə bilmədilərsə, indi bir qəsəbəyə yığılıb ölkəmizin suverenliyinə təhlükə törədə bilməzlər. Qəribədir, Cümhuriyyət qurucularını İrəvan güzəştinə tarixi zərurət gözlüyündən baxanlar, Xankəndidəki bir ovuc erməniyə görə dövlət başçısının üzərinə gedirlər. Halbuki, rəhbər öz strateji mövqeyini gücləndirmək üçün tarix üzərində istədiyi şərhi verə bilər və Azərbaycanın siyasi ambisiyalarını gücləndirmək üçün mühakimə hüququna malikdir. Orada qərəz, tarixi şəxsiyyətlərin yersiz müqayisəsi cəhdini axtarmağına dəyməz. Əks halda, deyilməlidir ki, o torpaqlar düz edilib verilib?

Əliyev Pənahəli xanın tikdirdiyi qalanı 21-ci əsrin kommunikasiya və modern inşaat kompozisiyaları ilə istehkama çevirir. Şuşa yarananda onun belə güclü müdafiə sipəri olmamışdı. Yuxarıda adı çəkilən Muradyan Qarabağın Ermənistanın ehtiyaclarını 25 faiz qarşılamağa imkan verəcəyini deyirdi. Olmadı. Azərbaycanın Qarabağa qoyduğu iqtisadi, siyasi və insan kapitalını kənar dövlətlərdən heç biri qarşılaya bilməz. 185 milyon dollarlıq büdcə ilə dövlət qurmaq mümkün deyildi. Qarabağın iqtisadiyyatı talan edilən və yandırılan torpaqlarda misilsiz gəlir və yenilməz siyasi güc yarana bilməzdi. Diaspor, yaxud spryük - dünya erməniçiliyini iflasa uğradan 100 illik layihəni azərbaycanlıların qurucu əlləri əvəz edir. Məğlub, işğal olunmuş Azərbaycandan Qalib Azərbaycan, Ağıllı Azərbaycan, həqiqi Azərbaycana keçid başlayır.

Bir dəfə ata Əliyev 20 sentyabrdan sonra sakit bir səslə “mən kiçik bir cığırla addımlayırdım” söyləmişdi. 44 günlük nəticə indi Qafqazı özü boyda yola çevirir. Oğul Əliyevin Qarabağ və dünya üçün cızdığı yeni sərhədlər Qafqazın əsas iqtisadi-siyasi gələcəyini müəyyən edir. Təkcə Qarabağa gedən yol müharibəsinin qarşısında 90-cı illərin sovet mirası ilə qərarlaşan özfəaliyyətçi arutyunyanlar dayana bilməz. Çünki coğrafiyalar avtomatik vətən yaratmır. Gərək hər addımı məbədə aparacaq yolları inşa etməyi bacarasan. Əliyev müharibəsinin xarakterini və gerçək xəritəsini dərk etməksə qeyri-mümkündür. Təkcə Naxçıvanı deyil, daha çox dövləti və ticari partnyoru Azərbaycanla birləşdirən Horadiz-Ağbənd yolu Qarabağın cənub cinahıdır və 124 km uzunluqdan ibarətdir. Mehri dəhlizi onun növbəti parçasıdır. Toğana-Kəlbəcər-İstisu arteriyası 83 km-ə qədər davam edərək, 23 km-lik Murov tunelini inşa etməklə ölkənin şimal hissəsini yeni azad ərazilərlə birləşdirir. Kəlbəcər-Laçın zirvəsini qovuşduran 73 km-lik həyat yolu Qarabağı bütövlükdə infrastruktur həlqəsi ilə öz ağuşuna alır. Xudafərin-Qubadlı-Laçın 70-ci km-də birləşəcək, Zəfər yolu isə müqəddəs Şuşa qalasına alternativ hərbi-iqtisadi və siyasi istehkama çevriləcək. Yeni Laçın koridoru 23 kmdən ibarət qurulacaq və Əhməbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Talış-Tapqaraqoyunlu nəqliyyat arteriyalarını da nəzərə alanda Qarabağın Azərbaycandan kənarda hər hansı nəfəsliyinin qalmayacağı gün kimi aydındır. Hava məkanı və limanlarını da onun üzərinə gələ bilərsiz. Təkcə 20 avqustda Gorus-Qafan yolunun 21 km-nin bloklanmasının Ermənistanın sərhəd və paytaxt ictimai mühitində yaratdığı spam müharibənin bir başqa üsullarla davam etdirilməsi deməkdir. Bir vaxtlar Sərsəngi ekoloji və iqtisadi təzyiq aləti edənlər indi Əliyevin Şuşada, Kəlbəcərdə, Ağdamda - bir sözlə, bütün Azad torpaqlarda təməlini qoyduğu hər bir infrastrukturun dəmir pəncəsi altında sıxılırlar. Baxın, Tərtərçayda-Xankəndinin içməli su relesinin üzərində onun əsil sahibinin əlləri dayanır və uzun on illər Azərbaycanı su imtahanına çəkən erməni siyasi generalları indi səngərdə arxa cəbhədən rahatlıq duymadıqlarını, kommunikasiya ekspansiyasının onlar üçün fəlakətli bir vəziyyət yaratdığını gizlədə bilmirlər.

Heyrətamizdir, internet resurslarında Culfa dəmir yolunun çar Rusiyası ilə İran arasında açılması və nəqliyyat qovşağı kimi şaxələnməsinə dair 120 il əvvəlki unikal video kadrları qorunub saxlanılıb. Aleksandropol-Uluxanlı-İrəvan, Uluxanlı-Culfa və Culfa-Təbriz dəmir yollarının inşasından sonra nəinki kiçik bir bölgənin açar rolu regional səviyyəyə qalxır, eləcə də bütövlükdə Qafqazın birləşməsi mümkün olur. İndi Əliyevin Bakı-İrəvan və Tiflis arasındakı qopmuş tarixi bağları bərpa etməsi üzərini qalın mamır təbəqəsi örtmüş və 1991-ci ildən soyğunçu-avanütirst müharibənin qırdığı, kəsdiyi, dağıtdığı yollara təzədən həyat bəxş edir. İslam inanclı insanlarımızın “Əli yolu” deyərək müqəddəs qəbul etdikləri qovşaq buradan keçir.

Ona görə də ermənilər üçün yeganə xilas yolu çoxsərlik faciə tarixindən düzgün nəticə çıxarıb Pyotra, Stalinə, Qorbaçova, daha neçə dövlətlərə deyil, Bakıya və Əliyevə müraciət etməkdir. Əks halda, Qarabağ əvəzinə İrəvan relslərinə daşındıqca bir millətin tarixi genetik kodları oyanır və yaşlı nəsillərin daş abidələrə köçürülmüş xatirələri cücərməyə başlayır. Axı partiarx Əliyev vaxtilə babaları üçün doğma olan yurduna səfərə gedəndə Karen Dəmirçiyan ona ehtiramla təzim edirdi və indi İrəvana dönüş oğul üçün də milli və şəcərə borcudur! Ermənilərin Bakıya yolu düşmən qiyafəsində əbədi bağlıdır. Yoxsa, bir vaxtlar alman generalı Blyümentrit uzagörənliklə demişdi ki, heç bir alman əsgəri bir daha Moskvanı görməyəcək, təkcə əsirlərdən başqa. İndi “Əliyev məhkəməsi”nin zirehli şüşə arxasından suçlulara göstərdiyi Xəzərin suları kimi..

Tarixi Gülüstandan Qarabağın iki yüz illik taleyi doğulmuşdu. İndi Qarabağı Gülüstana çevirmək bizim əlimizdədir. ”Azərbaycanlı arzusu” və yeni manifestimiz budur!

Məşhur “Parçala və hökm sür”dən, “birləşdir və idarə et”ə keçid başlayır.

Bu, artıq 45-ci gündür! Yalnız Azərbycan üçün tərtib olunmuş siyasi təqvimin yeni günü!

Bu haqda növbəti yazıda.

Tarix
2021.08.31 / 15:09
Müəllif
Zahid Oruc
Digər xəbərlər

İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan…

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla