Ana səhifə Yazarlar |
Müstəqilliyimizin 30-cu ildönümünə təsadüf edən cari ilə qədər, Azərbaycanda insan hüquqlarının təminatı sahəsində davamlı fəaliyyət həyata keçirilib. Milli qanunvericilik ardıcıl olaraq təkmilləşdirilib, ölkəmiz insan hüquqları ilə bağlı bütün əsas beynəlxalq konvensiyalara qoşulub.
Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə suveren Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə tariximizdə ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının, layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olundu. Müstəqil Azərbaycan vətəndaşlarının həm birinci nəsil (klassik) insan hüquqları: vətəndaş və siyasi hüquqlar, həm də ikinci nəsil insan hüquqları: iqtisadi, sosial və mədəni hüquqlar Əsas Qanunumuzda əksini tapdı.
Müstəqilliyin bərpasından keçən 30 illik müddətdə ölkəmizdə insan hüquqları ilə bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub. Onların sırasında Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq “Azərbaycanda Milli İnsan Hüquqları gününü” təsis etməsi xüsusilə əlamətdardır.
Bu il həmin günü 14-cü ildir ki, Azərbaycan vətəndaşı xüsusi ruh yüksəkliyi və real uğurlarla bayram edir. Səbəblər isə hər birimizin gözü önündədir. Həmin uğurlar hansılardır?
Əvvəla, Prezident İlham Əliyevin 2018-ci ildən başladığı inqilabi islahatlar siyasətinin - bütün sahələrdə həyata keçirilən sosial- iqtisadi, siyasi, məhkəmə-hüquq sistemində, səhiyyə və təhsil sahəsində həyata keçirilən islahatların ana xətti, məqsədi və missiyası - Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının ən yüksək şəkildə, daha yaxşı təmin edilməsi mexanizmlərinin yaradılmasıdır.
İkincisi, dövlət başçımızın hərbi-siyasi strategiyası nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları azad edilib. 1 milyona yaxın qaçqının onilliklərlə pozulmuş fundamental yaşam və həyat hüququ ilə bağlı haqları təmin edilib. Qaçqın və köçkünlərin hüquqlarının tam bərpası məqsədi ilə “Böyük Qayıdış” strategiyası reallaşdırılmaqdadır. BMT-nin rəsmi sənədlərində əksini tapan qanunverici müddəalardan biri - qaçqınların öz torpaqlarına ləyaqətli və könüllü qayıdışının təmin edilməsi hazırda gündəmdə duran məsələlərdəndir. Xalqımız əmindir ki, məcburi köçkünlərin öz torpaqlarına bütün hüquqları təmin edilməklə, könüllülük prinsipi əsasında, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışı üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görəcək. Dünyaya son əsrlərdə rast gəlinməyən - ilk dəfə 30 illik işğaldan azad olunmuş torpaqlara post-müharibə dövrünün qayıdışı və reinteqrasiya prosesləri ilə bağlı yeni Azərbaycan təcrübəsinin nümunəvi modeli təqdim ediləcək.
Azərbaycanda həm bu sahədə, həm də ümumilikdə, insan hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi miqyaslı fəaliyyətində beynəlxalq təşkilatların dəstəyinə və töhfəsinə həmişəki kimi yüksək ümid bəsləyir və bunu yüksək qiymətləndirir.
18 iyun - Milli İnsan Haqları gününü bayram etməyə uğurlar və əsaslar çoxdur. Bu gün özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə ksenofobiya, islamofobiya, dini, irqi ayrı-seçkilik halları baş versə də, Azərbaycanda analoji proseslərin presedenti belə tarixən mövcud olmamış, bütün dinlərin və millətlərin nümayəndələri bərabər dinc birgəyaşayış nümunəsi göstərir.
Uğurlara daha bir misal kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, COVİD-19 pandemiyasına qarşı mübarizə əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının inkişaf etdirilməsi istiqamətində əldə edilən ən yüksək və müsbət təcrübə göstərilə bilər. Hansısa ölkələr iqtisadi mənfəəti, Azərbaycan isə vətəndaşlarının sağlamlıq haqlarını hər şeydən öndə tutdu.
Vətəndaşlarımızın 18 iyun Milli İnsan Hüquqları gününü təbrik edir, daha böyük uğurlar naminə birgə fəaliyyətə səsləyirik.
Tarix
2021.06.18 / 17:05
|
Müəllif
Zahid Oruc
|