Yuxarı

Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Prezident İlham Əliyev Şuşa Beynəlxalq Forumunda Avropa Şurası ilə münasibətlərə ayrıca yer verdi. Artıq regional siyasətin əsas konturlarını və gələcəyini müəyyənləşdirən, qalibiyyətimizin simvolu olan bir şəhərdə - strateji yüksəklikdə irəli sürülən ideyalar və baxışlar, həmçinin tarixi qiymətləndirmələr Azərbaycanın uzun illər ərzində toplanmış bir mövqeyinin açıq formalaşdırılması idi.

Həmin siyasi hökmü başa düşmək üçün Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin tarixinə, Strasburqun antibakı qüvvələrinin anatomiyasına, demokratiya adı altında ölkəmiz əleyhinə aparılan təzyiq siyasətinin daxili məntiqinə və münasibətlərdə son illərdə baş verən köklü dəyişikliklərə diqqətlə qayıtmaq gərəkdir.

Strasburq coğrafi cəhətdən Fransanın hüdudlarında yerləşir, lakin siyasi olaraq Avropanın mərkəzidir. Avropa Şurası 1949-cu ildə insan hüquqlarının müdafiəsi, demokratiya və hüququn aliliyi üçün qurulmuş beynəlxalq təşkilatdır. 46 üzv dövləti, 700 milyondan çox vətəndaşı əhatə edir. Göründüyü kimi, Şura İkinci Dünya müharibəsinin birbaşa nəticəsidir. O cümlədən, Soyuq savaş dövrünün mirasıdır, hətta qalığıdır. Parlament Assambleyası - AŞPA - uzun müddətdir ki, intensiv geosiyasi rəqabətin meydanına çevrilib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu. Ulu öndərin siyasi liderliyi ilə ölkəmiz Avropa inteqrasiyasına töhfə verdi. Avropa İnsan Hüquqları Konvensiyası ratifikasiya edildi, bir sıra qanunvericilik islahatları həyata keçirildi, AİHM çərçivəsindəki öhdəliklər qəbul olundu.

Lakin eyni dövrdə Azərbaycanın torpaqları işğal altında idi. AŞPA-nın ötən fəaliyyətinə makroskopik baxdıqda bir paradoks aydın görünür: Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğu otuz ildə, yüz minlərlə azərbaycanlının öz yurdundan qovulduğu, kütləvi məzarlıqların yaradıldığı dövrdə Strasburqdan Bakıya ünvanlanan qətnamələrin tonu torpaqlarımız azad olunduqdan sonrakı leksiklə müqayisədə nisbətən daha fərqli idi. İndi qalibiyyətimizi qəbul və həzm etməyənlərin sinxron, qəzəbli və sərt davranışları ərazi bütövlüyümüzü tarixən Parisdən və digər paytaxtlardan müəyyənləşdirənlərin iradəsi ziddinə qazandığımız Zəfərdir.

AŞPA neytral platforma olmaqdan çıxıb geosiyasi savaş arenasına çevrilib. Halbuki yaxın qonşular - Gürcüstan, Ukrayna, Moldova - Avropa inteqrasiyasının bütün meyarlarını qəbul etmişdi. Yeni postsovet ölkələri Qərbin bütün göstərişlərini yerinə yetirirdi. Onlar öz gözləntiləri müqabilində nə aldılar? Ukrayna müharibə içindədir. Gürcüstan öz seçimi üzərindən parçalandı. Moldova hər il geosiyasi böhranlar arasında balans saxlayır. Acı reallıq bir sualı açıq qoyur: Avropa Şurasının Şərq tərəfdaşlarına münasibəti nə dərəcədə prinsipialdır, nə dərəcədə opportunistdir?

AŞPA-nın siyasi strukturunu anlamadan orada baş verən prosesləri şərh etmək mümkün deyil. Parlament Assambleyası beş böyük siyasi qrup üzərində formalaşıb. Hər bir qrupun öz strateji maraqları, regional prioritetləri və ikitərəfli münasibətləri var. Qərarsızlıq boşluğunda güclü lobbi qrupları gündəliyi formalaşdırır.

Ermənipərəst lobbi Avropa siyasi institutlarında onilliklər ərzində ciddi mövqe qurub. Son bir əsrdə orada kök salan dörd nəsil erməninin qurduğu diaspor ilə yanaşı, Belçika və Fransanın inzibati-bürokratik strukturlarına, siyasi partiyalarına, beynəlxalq media kanallarına nüfuz etmiş sistemli bir şəbəkə Azərbaycana qarşı siyasət aparır. Belçika məhz Avropa Parlamentinin iclaslarının keçirildiyi şəhərdir – Brüssel, həm Avropa Parlamentinin, həm AŞPA-nın əsas ünsiyyət kanalları məhz həmin şəhərdə cəmlənib.

Şəbəkənin son illərdəki ən aktiv fiqurlarından biri Rafael Qluksmandır. O, Boqosyan ailəsi ilə bağlı şəxs, Fransa Sosialist Partiyasının siyahısı ilə Avropa Parlamentinə seçilmiş deputat və “Demokratik Proseslərə Xarici Müdaxilə və Dezinformasiya üzrə Xüsusi Komissiya”nın rəhbəridir. Azərbaycana qarşı informasiya hücumlarının sürətləndiyi dövrlər Komissiya çərçivəsindəki fəaliyyətin aktivləşdiyi dövrlərlə üst-üstə düşür. İnformasiya hücumunun sxemi tanışdır: yerli siyasi fəallar iddialar irəli sürür, xaricdəki media platforması onu xəbər kimi verir, beynəlxalq təşkilatlar istinadla yayır, AŞPA deputatları “beynəlxalq mənbə tərəfindən təsdiqlənmiş fakt” kimi Strasburq tribunasından səsləndirir. Beləliklə, eyni ilkin iddia bir neçə dövrə keçərək çoxsaylı müstəqil mənbənin görüntüsünü yaradır. Mənbələrin sayı sübutların müstəqilliyini bildirmir.

Eyni şəbəkə AŞPA-da LGBT platformasını Azərbaycana qarşı yeni cəbhə kimi səfərbər etmək istiqamətinə start verdi. Kristof Lakrua 2022-ci ildə AŞPA-da LGBT hüquqlarını müdafiə platformasını yaratdı - sonra özünü Cənubi Qafqaz üzrə məruzəçi kimi təyin etdirdi. Məqsəd aydındır: Avropanın mütəşəkkil LGBT parlamentari şəbəkəsini Azərbaycana qarşı koordinasiyalı kampaniyaya qoşmaq. Bu, ideoloji deyil, taktiki addımdır.

Almaniya Bundestaqının üzvü, AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun rəhbəri Frank Şvabe kampaniyanın ən görünən simalarından biridir. 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etirazın təşəbbüskarı oldu. 2026-cı ilin iyununda isə artıq Azərbaycan Ordusunu daxili qorxu vasitəsi kimi təqdim edən, sübutsuz işgəncə iddialarını qəti fakt kimi səsləndirən mövqeyə keçdi.

Şvabe Əli Kərimlinin Fransa televiziyasına müsahibəsindən sonra “cəzalandırıldığını” və “işgəncəyə məruz qaldığını” bildirdi. O, “belə bir iddia var” demədi. Heç bir tibbi rəy, penitensiar yoxlama sənədi, müstəqil ekspertiza təqdim etmədən işgəncə iddiasını qəti fakt kimi səsləndirdi. İstintaqçı, prokuror, hakim və ekspert funksiyalarını eyni anda üzərinə götürərək Strasburq tribunasından hökm elan etdi.

Şvabe eyni zamanda Azərbaycan Ordusunun daxili siyasi proseslərə müdaxilə etdiyini iddia etdi. Burada ən sadə sual yaranır: Azərbaycan Ordusu nə vaxt ölkədaxili siyasi prosesə müdaxilə edib? Şvabe konkret tarix göstərmir, hərbi hissənin adını çəkmir, bir nəfər şahid, ya müstəqil araşdırma ortaya qoya bilmir. Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə suverenliyi tam bərpa etdi. İndi həmin Ordu azad olunmuş ərazilərdə dinc quruculuğun təminatçısıdır.

Şvabenin siyasi seçiciliyi Marin Le Pen məsələsində aydın görünür. Fransada milyonların seçdiyi əsas müxalifət lideri yekun məhkəmə qərarı qüvvəyə minmədən prezident seçkisindən kənarlaşdırılma təhlükəsi ilə üzləşdi. Şvabe AŞPA tribunasından Fransada siyasi plüralizmin təhlükədə olduğunu demədi. Əli Kərimli haqqında hər iddianı araşdırılmadan, həqiqət kimi qəbul edən Şvabe öz ölkəsindəki siyasi hüquq problemləri qarşısında eyni həssaslığı nümayiş etdirmir.

2024-cü ilin yanvarında Frank Şvabe Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etirazın önündə dayandı. Etimadnamə təsdiqlənmədi. Azərbaycan parlamenti 2025 və 2026-cı illərdə AŞPA-ya nümayəndə heyəti göndərmədi.

İndi isə Azərbaycan nümayəndələrinin zalda olmamasından istifadə edərək, məruzəçinin özünün ölkəyə faktaraşdırıcı səfər edə bilmədiyini etiraf etdiyi şəraitdə, birtərəfli mənbələr əsasında ölkəmiz haqqında qərar qəbul edilir. Əvvəlcə tərəflərdən biri siyasi prosesdən kənarlaşdırılır, sonra onun zalda olmamasından istifadə edilərək hökm çıxarılır. Məhkəmə bir tərəfi dinləmədən iclas keçirə bilər, lakin belə iclas ədalətli sayılmaz.

Fransa Milli Assambleyasının saytında 23 iyun tarixində dərc edilən Xarici İşlər Nazirliyinin cavabı ilə AŞPA-nın 24 iyun tarixli qətnaməsinin eyni həftəyə düşməsi də ayrıca diqqəti çəkir. Fransa hökuməti Vaşinqton razılaşmalarını dəstəklədiyini bəyan edərkən, eyni zamanda keçmiş separatçı rəhbərləri “siyasi məhbus” adlandırır. Ərazi bütövlüyünü tanıdığını söyləyir, lakin hökumət sənədlərində “Dağlıq Qarabağ xalqı” ifadəsini saxlayır. Mövcud olmayan qurumun adını hər sənəddə yaşatmaq - onun gələcəkdə bərpasını arzulamaq deməkdir.

AŞPA-da Azərbaycana münasibətin müharibədən sonrakı sərtləşməsinin izahı var. Uzun illər xarici dairələr Azərbaycanı Qarabağ münaqişəsi vasitəsilə təzyiq altında saxladılar. Münaqişənin həll olunmaması regionda geosiyasi müdaxilə üçün əlverişli zəmin yaradırdı. Azərbaycan öz gücü ilə bu mexanizmi dağıtdı.

İndi Qarabağ adlı təzyiq silahı əvvəlki formada işləmir. Separatizm ləğv edilib. Azad edilmiş ərazilərdə şəhərlər, yollar, məktəblər qurulur. Keçmiş məcburi köçkünlər öz yurdlarına qayıdır. Məhz buna görə Azərbaycana qarşı kampaniyanın ağırlıq mərkəzi başqa sahələrə keçirilib. Dövlətimizin hər bir hüquqi addımı “repressiya”, hər bir cinayət işi “siyasi təqib”, hər bir təhlükəsizlik tədbiri “rejim” kimi təqdim olunur.

Xarici təzyiq sxeminin məntiqi budur: işğal dövründə Azərbaycana təzyiq effektiv idi - çünki ölkə torpaqlarını geri almaq üçün xarici dəstəyə ehtiyac görünürdü. Qələbədən sonra formal siyasi asılılıq da yox oldu. Yeni zərurətlər yaratmaq üçün fərqli alətlər axtarılır. İnsan hüquqları əlverişli seçimdir - çünki onunla bağlı mübahisə etmək siyasi cəhətdən çətin görünür.

Lakin bir sual cavabsız qalır: nə üçün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi - beynəlxalq hüququn tələb etdiyi addım - AŞPA-nın bir fraksiyası tərəfindən “cəzalandırılmalı” hal kimi qiymətləndirilir? Cavab: AŞPA elan etdiyi dəyər və ideallara sadiqlik göstərmir, siyasi maraqları təmsil edir.

Prezident Şuşa Forumunda Azərbaycanın AŞPA-dan çıxması məsələsinə toxundu. Yetərincə soyuqqanlı və rasional bir strategiya müəllifi olan, torpaqlarımızın azadlığı uğrunda strateji səbrin sahibi olan qalib liderin bəyanatı beynəlxalq mediada böyük əks-səda doğurub.

Azərbaycanın AŞPA-dan tam çıxması beynəlxalq insan hüquqları sistemi üçün ciddi institusional problem yaradar. Söhbət “Brexit” kimi iqtisadi nəticəsi olan hadisədən getmir. Lakin Cənubi Qafqazda — Rusiya ilə, İranla, Türkiyə ilə həmsərhəd strateji bir regionda — AŞ-ın heç bir institusional təsir gücü qalmaz. Ölkə 46 üzv dövlət arasındakı ən mühüm coğrafi körpülərdən birini itirər.

Üstəlik, Azərbaycanın AŞPA-dan çıxması regional dezinteqrasiya prosesləri üçün bir presedent yaradar. Gürcüstan öz seçimi üzərindən parçalandı. Ukrayna müharibə içindədir. Əgər Azərbaycan da klubdan çıxarsa, Cənubi Qafqazda AŞ-nın real əhatə dairəsi sıfra yaxınlaşar. Nəticədə, Strasburqda hökmranlıq edən lobbi qruplarının istədiyi ssenarilər iflasa uğrayar — lakin onların həyata keçirdiyi kampaniya məhz həmin nəticəyə aparır.

Onlar dəfələrlə Azərbaycandan Şuraya qayıtmağı xahiş ediblər. Lakin dönüşün şərtləri Strasburqda müəyyənləşmir, anlaşmaya uyğun gəlməyən birtərəfli tələblər, əsassız qətnamələr, gizli məruzəçi şəbəkələri və Azərbaycan nümayəndələrinin mandatının təsdiqlənməməsi şəraitində gündəmə gətirilməsi ciddi diplomatik ziddiyyət yaradır.

Azərbaycan heç bir obyektiv tənqiddən çəkinmir. AİHM çərçivəsindəki öhdəliklər, məhkəmə islahatı, media qanunvericiliyi, penitensiar şərait — hər bir məsələ peşəkar və qarşılıqlı hörmətə əsaslanan dialoq çərçivəsində müzakirə oluna bilər.

Lakin dialoq üçün şərtlər bərabər olmalıdır. İddia sübutla əsaslandırılmalıdır. Dövlətin mövqeyi dinlənilməlidir. Mənbələrin siyasi maraqları araşdırılmalıdır. AŞPA deputatları özlərini milli məhkəmələri əvəz edən fövqəlhakim kimi aparmamalıdırlar. Heç bir şəxs jurnalist, müxalifətçi və ya fəal adı daşıdığına görə qanundan üstün sayıla bilməz.

Azərbaycan siyasi balansı müdafiə edir. Biz hüquqa hörmət edirik, lakin Avropa qurumlarının geosiyasi silaha çevrilməsi qəbul edilə bilməz.

“Səbrimizin hüdudu var”, deyən ispaniyalı deputat Pablo Hispan Kataloniyaya müstəqillik məsələsində ən sərt siyasətin tərəfdarıdır, Qafqazlarda isə separatizmin müdafiəçisi kimi çıxış edir. Onda Avropa Şurasına da suallarımız var: nə üçün Azərbaycan torpaqlarının 30 il işğal altında qalması dövründə sərt qətnamələr qəbul edilmirdi? Nə üçün yüz minlərlə azərbaycanlının öz evindən qovulması Avropanın siyasi gündəliyinə az düşürdü? Nə üçün ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan bəzi fraksiyaların əsas hədəfinə çevrilirdi?

Nə qədər ki, bu suallar cavabsız qalacaq, AŞPA-nın insan hüquqları siyasətinin universallığına dair şübhələr də çəkilməyəcək.

Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. Ölkəmiz 1990-cı illərin məğlub geosiyasətini dəyişdirən və yeni regional reallıqlar yaradan, öz təhlükəsizliyini təmin edən, dağıdılmış əraziləri bərpa edən, Orta Dəhlizin əsas dayaqlarından biri olan, sülh gündəliyini irəli aparan orta güc dövlətidir.

Qarabağ vasitəsilə Azərbaycanı idarə etmək mümkün olmadı. İnsan hüquqları şüarları vasitəsilə də ölkəmizi milli maraqlarından geri çəkindirmək baş tutmayacaq.

Ölkəmizin Avropa Şurasından çıxması Strasburqun institusional etibarını və Cənubi Qafqazda təsir imkanlarını daha da zəiflədəcək. Ölkəmiz heç vaxt antiavropa platsdarmı və Brüssel əleyhinə koalisiyaların üzvü olmayıb. Ona görə də Şuranın sədri və lobbiçi deputatlar bir sualın cavabını axtarsınlar: belə vəziyyət kimə sərfəlidir?

Cavab birdir - Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü beynəlxalq iradənin gücü ilə yox, xalqımızın və ordumuzun qətiyyəti nəticəsində bərpa olunduğu üçün itirən Qərbin institusional birlikləri olacaq.

Tarix
2026.07.14 / 12:13
Müəllif
Zahid Oruc
Digər xəbərlər

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevdən Makrona: Yeni dövr başladı!

İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

AŞPA-nın Bakıya qarşı “ənənəvi” təzyiq vasitəsi...

Sahibə Qafarova MM-in son iclasında niyə iştirak etmir?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla