Bizi xalq və dövlət olaraq, imza atmaq istədiyimiz
ilklərin qarşılığında zamanın hər döngəsində tarixin acı bir
zərbəsi, haqsızlığı haqlayıb. Lakin bu torpağın aurasında
müstəqillik, özgürlük həmişə hakim olub. Odur ki, nə şah İranı, nə
Çar Rusiyası, nə də Sovet imperiyası xalqımızın dövlət üçün
yaşatdıqlarını tarixin yaşanmış mərhələsinə çevirə
bilməyib.
18 oktyabr - bu tarix bütün yaşanmış acıların son sərhəddidir.
Tarixin müstəmləkə məhbəsinin tikanlı məftillərindən o üzə qalan
nəinki illər, hətta əsrlər belə bu xalqın qürur və ləyaqətini
zədələyə bilməyib. 1992-ci ilin bu günündə yaranmış ictimai-siyasi
şərait ortaya iradə qoyan xalqımızın müstəqillik dönəminə
birdəfəlik və əbədi qədəm qoyduğunu təsbit etdi!
Yaşadığımız bu illər bir daha sübut etdi ki, dünya heç də
özgüvəni, özgürlüyü birmənalı qəbul etmir. Hətta demokratik
dəyərlər ikili standartlarla müşayiət olunur. Əldə olunan
müstəqilliyin dönməz xarakter alması üçün layiqli liderin olması
isə tarixin diktəsidir. Məhz Heydər Əliyev kimi azman şəxsiyyətin
varlığı bütün təhdid, təhlükə və sapıntılara cavab oldu.
Azərbaycanın müstəqilliyi çox da böyük olmayan itkilər hesabına
qorundu və 22 il əvvəl, çox qarışıq geosiyasi dönəmdə Ulu Öndər
Heydər Əliyevin hesabına "Əsrin kontraktı" imzalandı. Dünya
Azərbaycanla işbirliyinə, etibarlı tərəfdaşlığa, qarşılıqlı faydalı
əməkdaşlığa məhz Heydər Əliyev dühasına görə razılıq verdi. Elə
bugünkü dövlətçiliyimizin malik olduğu iqtisadi-siyasi
uğurlarımızın kökündə o illərdə təməli qoyulmuş ənənələr durur.
Müstəqillik bəzən malik olduğu coğrafi ölçülərindən min
dəfələrlə balaca və min dəfələrlə böyük dünyanın orbitində yeri
gələndə bir içim su, bir udum hava misalıdı.
Düşmənlərin hər tərəfdən əhatəyə aldığı Azərbaycan üçün dünya,
əlbəttə ki, həddən artıq dar bir məkandı!
Uğurları sərhədlərindən qat-qat geniş yayılan Azərbaycan üçün
dünya, əlbəttə ki, çox böyükdü!
Azərbaycanın müstəqilliyi əlbəttə ki, yüzlərlə dövlətin
etirafıdı - qürurumuz bu!
Azərbaycanın müstəqilliyi eyni zamanda bayrağımızın və
himnimizin səslənişi, yüksəlişi demək oldu. İstər beynəlxalq
aləmdə, istərsə də paytaxtımızda keçirilən beynəlxalq miqyaslı
tədbirlərdə himnimiz və bayrağımız ölkəmiz adına, xalqımız adına
şərəf gətirən ən yüksək nəticələrlə diqqət mərkəzində oldu. Birinci
Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, Avroviziya kimi
tədbirlər sırası artan silsilə ilə davam edən ev sahibliyini
təcəssüm edir.
Azərbaycanın müstəqilliyi onun hərtərəfli inkişafı ilə bərabər
yerdə və göydə bir brendin - süni peykimizin varlığı dünyanın ən
nəhəng dövlətləriylə bir sırada, bir gücdə olmağımızın
təsdiqidi.
Müstəqilllik günü ilə bağlı fərdi və rəsmi düşüncələr bir-birini
tamamlayır. Təsadüfi deyil ki, Prezident Ilham Əliyevin oktyabrın
11-də imzaladığı Dövlət Müstəqilliyinin Bərpasının 25-ci ildönümü
haqqında sərəncamda deyilir: "... Ötən 25 il ərzində Azərbaycan
xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və
niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi
nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici
siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat
inkişaf edib, mədəniyyətimiz zənginləşib. Müstəqil Azərbaycan
Respublikası bu gün hər bir vətəndaş və xaricdə yaşayan soydaşımız
üçün əsl qürur mənbəyidir".
Bütün nüfuzlu ictimai-siyasi beynəlxalq təşkilatların - BMT,
İKT, YUNESKO, İSESKO, Avropa İttifaqı, Avropa Parlament
Assambleyası - öz sırasında görməkdən məmnun qaldığı Azərbaycanı
müstəqil Vətən, xalqımızı bu dövlətin vətəndaşı kimi görmək,
əlbəttə ki, yenə də qürur mənbəyidi.
Müstəqil Azərbaycan döyüş meydanında - istər Qarabağ uğrunda
savaşın ilk illərində, istər atəşkəs dönəmində, istərsə də son
Aprel döyüşlərində xalqımızın qəhrəmanlıq salnaməsinə imza atmaq
gücündə olduğunu sərgiləyib. Yüksək səviyyədə aparılan ordu
quruculuğunun son təsdiqi də elə Aprel döyüşləri oldu - Azərbaycan
Ordusu bir daha sübut etdi ki, öz torpaqları, ərazi bütövlüyü
uğrunda vuruşmağa qadirdir, öz torpaqlarını azad etmək
gücündədir!
Müstəqil Azərbaycan siyasət meydanında - BMT, Avropa İttifaqı,
dünya ölkələrinin parlament salonlarında öz uğurlu xarici siyasəti
ilə söz sahibi olduğunu sərgilədi.
25 il tarix üçün çox qısa bir zaman kəsimidir, amma bu dövrdə
əldə olunan uğurlar və aparılan siyasət mümkün bütün imkanlardan
maksimum istifadənin göstəricisidir.
Azərbaycan qələbələr və özünütəsdiq testlərindən çox uğurla
çıxır. Tarix həmişə qalibləri alqışlayır. Bu gün biz 18 oktyabrın -
Müstəqilliyimizin Bərpasının 25 illiyini qeyd ediriksə, çox az
sonra, 2018-ci ildə Azərbaycanımızın dövlət olaraq 100 illiyini
bayram edəcəyik.
Müstəqilliyimiz hər birimizi bu xoşbəxtliyi yaşamağa, bunun
uğrunda ölməyə, rahat, firavan həyata səsləyir.
Yetər ki, layiqli vətəndaş olaq!
Bayramın mübarək, Azərbaycan!