Hər şey səninlə getdi – qürurum, güvəncim, özünəinamım,
heç nəyi və heç kimi eynimə almamağım, dünya qayğılarına
uğraşmamağım…
Hər şey sənin adınla bağlıymış, demə; cəsarətimin səbəbi
sənsənmiş, demə; qəddimi dik tutmağımın, Yeri yerindən oynatmağa
yetən gücümün qaynağı sənsənmiş…
Sənə göndərilən salamlarmış üstümdə gəzdirdiyim "silahım"; sənin
yaxşılıqlarınmış hörmətli olmağımın sirri; sənin adınmış
talismanım.
Səni ölümsüz sayırdım. Heç düşünmürdüm ki, nə vaxtsa bu gücün,
bu qürurun dalana dirəndiyi gün ola bilər.
O qədər uşaq idim ki, insan qəddini qocalığın deyil, SƏNSIZliyin
əydiyini heç bilməzdim.
Dizinin yanından əl çəkməzdim, ağzından çıxan sözlərlə baxardım
dünyaya. Sonra, çox sonra biləcəkdim ki, özüm kimi, sözüm də səndən
gəlirmiş;
Sən hər şeyi bilirdin – bütün suallarımın cavabı səndəydi. Nə
müşkülə düşsəm, çözərdin. Mənim dünyamda hər şeyi bilən, Ən güclü,
Ən cəsur, Ən istedadlı Adam səndin.
Özümü kişi sayırdım – vurub-tutan yaşdaydım, sevilirdim,
fərqlənirdim, tanınırdım.
"Kimsən?" - deyirdilər, Yusifin oğlu deyib, adını verirdim – sal
qaya kimi donuq üzlər bir anda çilik-çilik olurdu, çiçək açırdı,
yaz gəlirdi. Sənə olan səmimiyyəti sevə-sevə sinəmə taxıb,
qürurlanırdım.
Məsləhətindən doymazdım, nəsihətini kəsməzdin. "Haqqımı halal
etmərəm - əgər dostu, doğmanı darda qoyub, pul dalınca qaçsanız"
deyərdin.
Nümunəm idin, amma ünvanı həmişə özündən yayındırırdın: "Məndən
əvvəl də İbrahimdi, sonra da…"
"Səndən əvvəl" bizlər yox idik, "Səndən sonra…"nın mövcudluğunu
isə qətiyyən təsəvvür etmirdim.
"Səndən sonra" - ümumiyyətlə, yox idi: dünya sənsiz necə ola
bilərdi ki?!
Dəyərim üzündəydi: "niyə belə etdin?" deməzdin, "bunu yaxşı ki
etdin!" kimi...
Üzünə baxmaq kifayət idi – nəticəni özüm çıxarırdım.
Dosta sədaqətin heç yadımdan çıxmaz… Qibləmizə çevirdiyin
Qardaşımız bal istədi, "gözlə, - dedin, - hələ kəsilən vaxtı
deyil". Üstündən dəqiqələr keçdi, uzaq bir kənddə yaşayan dostundan
soraq gəldi: həkimlər ona təmiz bal məsləhət bilmişdi.
Geyindin, "vaxtı çatmadığını" dediyin pətəklərə yaxınlaşdın, bal
kəsdin və elə Qardaşımla da dostuna göndərdin…
Kimsəyə borclu qalmadın, kimsənin yükünü boynumuza qoymadın.
Amma hamının yükünü çəkməyi də səndən öyrəndik;
Kimsənin qeybətini etdiyini eşitmədim – bircə dəfə də olsun!
Kimsəylə bizi müqayisə də etmədin. Müqayisənin əvvəli də, sonu
da İbrahim idi...
Kimsəylə "haqq-hesab" aparmazdın, ancaq prinsiplərindən də qəti
dönməzdin.
Öz Yolun, öz Məqamın, öz Sözün vardı…
…Amma niyə belə etdin ki!?
Heç vaxt düşünməzdim ki, məni bu dünyada qoyub belə erkən
gedəcəksən…
Darıxıram – təsəvvürə gəlməyəcək, duyulmayacaq tərzdə darıxıram.
Həm də təkcə mən darıxmıram ki!
Tumarınçün saçım darıxır; sözünçün qulağım; üzünçün gözüm…
Ətrindən darıxmışam, Dədə!
Hər dəfə sualıma cavab verəndə dediyin ilk söz – "Oğlum" üçün
burnumun ucu göynəyir…
Hər şey səninlə getdi, hər şeyi sən apardın.
Bilirsənmi, səndən sonra nələr oldu?
Dizin yox oldu, Təkliyimə sığındım – ilk dəfə İnsanı gözdən
ürəyə köçürməyin ağrısını daddım!
Gözüm səni axtarır – daha qarşıma yox, ürəyimə baxıram. Ona görə
qəddim də bükülüb…
20 ili zarafatmı hesab edirsən? YAŞımın yarısını Sənsiz yaşamaq
bilirsənmi nə deməkdir?
Yaşamadım, Dədə, YAŞım qurudu - sənsiz çox çətindir…
Səndən sonra "Səndən sonra"ya qaçıram, ovunmaq üçün.
Bilirsən, O da Sənsizdir, axı?!