Coğrafiyaçıyıq. Ən müqəddəs siyasi və ya mənəvi
dəyərlərimizi belə çayın, yolun, suyun içində
axtarırıq.
Əgər Bakıya yağış yağıbsa, Qubaya ilk qar düşübsə, deməli, canlı
varlığın yaşaması üçün gərəkən nemətlərin Göydən düşməsi mütləq bir
kənarda qalacaq, əvəzində hamı toparlanıb ondan fəlakət mövzusu
düzəldəcək.
Bəndələrin şikayəti təbiəti özü olmaqdan çəkindirir. Hər gün
havadan asılılığımız artır. Bir xalq olaraq metohəssaslığımız bütün
başqa xüsusiyyətlərimizi üstələyir.
Halbuki müstəqlliyimizə gələn yol indi Bakıdan çəkib virtual
məkana daşıdığınız mənzərələrlə müqayisə oluna bilməzdi. Azərbaycan
qan gölünə çevriləndə heç kəs evindəki istilik sistemini
düşünmürdü.
Azadlığımız üçün özlərini fəda edənlər - şəhidlərimiz qaz, su,
işıq davası etməyiblər və onları müqəddəsləşdirən də elə budur.
Xiyabanlarımızın önündə alovlanan mavi yanacağı durdursanız
belə, Vətənin oğul və qızlarının ruhu özü əbədi məşələ çevrilib
millətimizə yol göstərəcək!
Azadlıq təkcə sizin görmək istədiyiniz Bakının sulu yollarından,
müvəqqəti işığı kəsilən daxmalarından, soyuq və kimsəsiz
guşələrindən ibarət deyil!
Azadlıq - sizin xilas üçün axtardığınız Nuhun gəmisinə malik
olmaq deyil!
Azadlıq - hər addımda tələb etmək və günahlandırmaq, özünə haqq,
başqasına nahaq nəzərləri ilə yanaşmaq deyil!
Azadlıq - yalnız ehtiyac zənbili və təqaüd, saraylar və komalar
arasında gedən maddi savaş deyil!
Azadlıq - hər kəsin qarşısında fəxarətlə "mənim dövlətim var"
deməkdir!
Azadlıq - öz taleyinə sahib olmaq, icazəsiz yazıb-yaratmaq
deməkdir!
Azadlıq - min illərdi səni yox etmək istəyənlərin əhatəsində var
olmaqdır!
Azadlıq - zülmət qaranlıqda işığı görməkdir!
Azadlıq - uluların ruhları ilə yaşamağı bacarmaqdır!
Azadlıq - ən ağır və məşəqqətli anında belə, Vətəni güzəştə
getməməkdir!
Ona görə də əziz dostlar, yağışdan çıxıb müstəqlliyə
qayıdın!
Bir məhəllədə batıb qalan, mənzilinə gec çatan adamlar uzaq
məsafəyə gedən bir millətin övladlarıdır. Hədəfə yetişmək üçün hələ
çox getməliyik. Bir vaxtlar SSRİ-də başımıza gələnlərin qanı,
vəhşəti, çətinliyi indi sizin 20 Yanvardan çəkib göstərdiyiniz
mənzərələrin hamısını asanlıqla örtə bilərdi.
Müstəqilliyimizin 25 yaşını qeyd edərkən onu məhəlli sularına
qərq etməyin!
Xalqımızın tarixi nailiyyətləri və min illik arzularının gerçək
mücəssiməsini məmura, parlament üzvünə, hakimə və yolçuya görə
qiymətləndirməzlər.
Azadlığımız hər birimiz üçün ayrıca bir nemətdir, sərvətdir,
hava və sudur!
Azadlığımız mübarək olsun!
İnsanlarımızın istiqlal ruhu hər cür seldən güclüdür!
Məhmət Akif Türkiyənin tarixinə çevriləndə yırtılmış köhnə
libasla kürsüdəydi. Yaxud, evlərində lampa yandıran babalarımız o
zəif hənirtidən böyük bir alov düzəldə bilmişdilər!
Suyumuz, istimiz, işığımız kəsiləndə azadlığımız kəsilməsin!
Müstəqillik qumaş deyil, adi kətan parçasına bürünmüş libasla da
gözəldir!
Bayramınız mübarək olsun!
Qoy həmişə millətimizin üstünə müstəqilliyin günəşi və yağışı
düşsün!
Müstəqillik yazısı sabaha qalsın!