Yuxarı

Hitleryuqendlər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində millətçi-sosializmin ayaq səslərinin simfoniyaya çevrildiyi 30-cu illərdə balaca hitleryuqendlər sinfi düşmənlərinə qarşı mübarizə üçün böyüklərin yanında yer almağa can atırdılar. Yox, onlar sovet quruluşu ilə bəhsə görə meydana çıxmamışdılar. Bəlkə də əksinə, bolşeviklər faşizmdən daha çox şeyləri əxz etmişdilər. Hər halda uşaq ordularının yaradılmasını hər iki ideologiyanın yayılmasında unikal nümunə hesab etmək olar.

"Hitleryuqendlər" termini məlum siyasi təşkilatın-NSAFP-nin gənclər qolunun adıdır. Lakin on yaşlı uşaqları gələcək Fəhlə cəbhəsinin, SS-in yəni partiyanın yaratdığı hərbi birləşmələrin və ən sonda Vermaxtın dayağı kimi qurarkən faşizmin ideoloqları yaxşı bilirdilər ki, milli və irqi düşmənləri üçün əsil mücahidləri məhz baxçada yetişdirirlər.

Doğrudur, xristianlığa həmin adı yaraşdırmayanlar yalnız islamın cihadçı və fədailər hazırladığını iddia edəcəklər. Lakin İsa Məsihi yalnız hakimiyyətə gələnə qədər tanıyan və onu xilaskar kimi görən Adolf Hitler öz ideologiyasına sitayiş edən milyonlarla insanın qarşısında çıxış edəndə şəxsini allah kimi hiss edirdi. Onda uşaqlar öz rəhbərlərinin dilində ölməyə və öldürməyə and içirdilər. Nəticəsi hər kəsə bəllidir: 50 milyondan artıq insanın yer üzündən silinməsi üçün törədilən dünya müharibəsi təkcə bir xalqın deyil, bəşəriyyətin faciəsinə çevrildi. Lakin yüksək kürsülərdən və siyasi tribunalardan elan olunan cənnəti qurmaq üçün ordulara xərclənən pullardan hamıya fərdi sığınacaq və çörək yoğurmaq mümkünlüyünü indi heç kəs xatırlatmır. Axı, tarix şərt şəkliçisini sevmir, ona görə.

İndi Suriyada insanlıq dramı içərisində qətlə yetirilən 400 mindən artıq insanın arxa cəbhəsində milyonla körpə və uşaq faşizm dərslərinə aid olan kütləvi qırğının əvəzsiz nümunəsidir. Hitlerizm həmin vəhşətin içərisində hər gün təcəlla edir və o səhnələri izləyən hər kəsi yoluxdurur, özünün qurbanına çevirir. Baxçalarda dil açmalı olan nəsil oyuncaqların dünyasından çıxaraq birdən-birə böyüyür, hətta gizlənqaç oynamağa macal tapmadıqları məhəllələrdə bir neçə ilin içərisində qocalırlar da. On beş yaşlı döyüşçülər indi Somalidə, Konqoda, yaxud Birmada deyil, İraqda və Suriyada ən mühüm hərbi tapşırıqlara və mürəkkəb əməliyyatlara göndərilirlər. Hə, balacalar qitə-qitə irəliləyirlər - Afrikadan Asiyaya və daha sonra Avropaya doğru.

Videoçarxlarda gördüyünüz kimi, daha böyük ictimai effekt doğursun deyə, əsir və girovları məhz uşaq terrorçuların əliylə qətlə yetirirlər. 3 il öncə Hələbi terroçular ələ keçirəndə şəhərin baş nahiyəsində keşik çəkmək üçün təyin etdikləri uşaq cəngavər qoruduğu postda kimi görsə, öldürmək tapşırığını almışdı. Özü də məhv etdiyi adamların hər nəfərinə görə 3 dollar mükafat da qazanacaqdı. Bir aya cəmi 15 nəfərin cəsədini yerə sərmək nailiyyət sayıla bilməzdi, ancaq daimi iş yeri və maraqlı məşğuliyyət baxımından qanlı keşikçiliyi nə əvəzləyə bilərdi? Hər halda pulsuz oynanılan baxça əyləncələrindən daha cəlbedicisi "ərəb başları"nı belə qiymətləndirmək deyilmi? Nə olsun, çox miskin rəqəmdir, ancaq əvəzində hər cür edam səhnəsini qurmağa qadir olan nəslin yetişməsi faktını heç kim inkar edə bilməz ki!

Hər gün dağılan binaların uçmuş divarları altından onlarla uşağı dartıb çölə çıxarırlar. Qorxudan və ətraflarında baş verən fəlakətdən sarsılan körpələrin gözləri yalağına sığmır. Qeyri-müəyyənliyə tikilmiş o baxışlar hamıdan hesab tələb etməyə hazır olsa da, onlar hakimləri və müttəhimləri qarşılarında görə bilmirlər. Əvəzində isti ocaqlarını tərk edərək dənizlər və okeanlar keçməyə məcbur olan azyaşlılar təpik və təhqir gördükləri Ağ Avropanın tikdiyi yeni Berlin divarlarını və tikanlı məftilləri yarıb keçməyə məhkum ediliblər. Uşaq nifrətinin nüvə silahlarından güclü olduğunu bilməyənlərin və silahlı polisin gücünə arxayın olanların məğlubiyyəti burada qaçılmazdır. Çünki ərəb balalarını o biri dünyanın adamları kimi qəbul edən, şirin yuxular içərisində yatan övladlarını qorumağa çalışan qoca qitə xərclədiyi milyardlara baxmayaraq, qarşılarında artıq qorxu hissini itirmiş hitleryuqendləri görürlər. Aciz olmayıb nə edəcəklər? Çin səddi belə doğma evinin toz-torpağını yanağında özgə qapılarına gətirənlərin qəzəbinə və hikkəsinə tab gətirə bilməz. Axı onlar inamlarında və etiqadlarında böyüklər kimi hakimiyyət və sərvət güdmürlər.

Bəli, vampirlər haqqında filmlər, qorxulu oyunlar artıq dünyanı əyləndirmir. Suriyalı-iraqlı uşaqların keçdiyi müharibə dərsləri əyani vəsaitlər kimi dünyanın sərvətinə çevrilib. Yuxularında görünən divi, əcinnəni yozmağa adam axtarmağa ehtiyac qalmayıb. Çünki gerçəklik daha eybəcərdir.

Ərəb dünyasında yaşananları bir qitənin və ya millətin fəlakəti sayanlar cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər. Ana laylalarını və isti qucaqları beton dağıntılardan ibarət beşiyə dəyişənlər, 20 yaşdan sonra böyüklərdən aldıqları dərsləri geri qaytaracaqlar. Silah səsləri zəngli saatın əvəzindən hər gün milyonlarla uşağı yerindən qaldırıb "təlim-tərbiyə"yə göndərir. Burada yatıb qalmaq yoxdur - ölmək və ya sağ qalmağın qiyamət yolu var.

Hər gün Nyu Yorka və London birjalarına zillənən, birjalardakı hay-küyün sədaları altında uyuyan beyinlər hələ ki, uşaq ordularının ayaq səslərini eşitmirlər. "Sağ qalma" oyunundan salamat çıxanların hamısının ayağına səsli çiplər yerləşdirib qədimdəki kimi onları daimi qladiator yarışlarına qoşa bilməzsən. İndi milyonlarla körpənin gözündəki Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir və hər qitənin öz "Yaxın Şərqi" olana qədər qatı sisli dumanını sürdürəcəyini vəd edir. Bax onda böyük siyasi paytaxtlarda sağçıların, yoxsa solçuların, dinsizlərin, yaxud allah ordularının adından çıxış edən ağzı köpüklü liderlərin vədlərinə baxan olmayacaq.

Hər halda dünyanı balans qanunu idarə edir. İsa Məsih necə deyirdi? Bəli, "daşları yığmaq vaxtı" mütləq gələcək!

Ona görə də qiyamət sözünün iki mənasının olduğunu unutmayın!

Tarix
2016.11.23 / 16:25
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla