Yuxarı

Səhərə qədər orada qaldıq...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar hadisələri Azərbaycanda müstəqillik hərəkatının ən mühüm məhək daşlarından biri kimi qəbul edilir. 1990-cı il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakı şəhərində 137 azərbaycanlı Sovet əsgərləri tərəfindən qətlə yetirildi.

Yanvarın 19-dan 20-nə keçən gecə Sovet tankları SSRİ lideri Mixail Qorbaçovun əmri ilə Bakı küçələrində müstəqillik yürüşü keçirən əhaliyə atəş açıb. Gülləbaran zamanı aralarında qadın və uşaqların da olduğu 137 Azərbaycan vətəndaşı həyatını itirib, 700-dən çoxu yaralanıb, yüzlərlə insan isə həbs edilib. Həmçinin ölkədə fövqəladə hal elan olunub.

Azərbaycanda etirazlar kütləvi hal alandan sonra Sovet ordusu Bakını tərk etmək məcburiyyətində qaldı.

1990-cı il yanvarın 20-də Bakıda nələr baş verdi? Gəlin bunu hadisələrə şahid olanlardan dinləyək:

“Qanlı bir gecədən qapqara səhərə oyanmışdı Bakı, bütün eyvanlarda şəhidlər üçün bayraq asılmışdı. Baş verənlər, əslində, səlib zehniyyətinin dini və milli kimliyə qarşı duyduğu nifrətin üzə çıxması, sovetlərin çöküşündən doğan narahatlığa görə türklərə kin bəsləməsi idi. İnsan olmayanların insanlara qarşı yaşatdığı qorxunc bir gecə idi 1990-cı ilin 20 yanvarı.

Gözü qanla dolmuş Sovet ordusunun mərhəmətsiz qırğınına ilk reaksiya Anadoludan - qardaş Türkiyədən gəldi. İstanbul, Ankara, Ərzurum, İqdır, Kayseri, Amasya, İzmir və s. bir çox şəhərlərdə Can Azərbaycanın əhalisinə qarşı tank-topla təşkil olunan bu qətliama etiraz etmək üçün yürüşə çıxdılar. İranda yaşayan soydaşlarımız ölümü gözə alaraq, Azərbaycanı ikiyə bölən Araz çayını keçib, tarixlərini silməyə çalışanlara inad olaraq, qardaşlarının köməyinə getdilər.

Xülasə, Azərbaycan türklərinin qana bulanan, ölümlə qaraldılan bir qış gecəsindən işıqlıq və ağ bir səhifənin açıldığı səhərə oyanışıdır 20 Yanvar...

Azərbaycanın şərəfli keçmişinə qan ilə yazılan, sovet rejiminə qarşı milli iradənin yüksəlişinin, şərəfli mübarizəsinin adıdır 20 Yanvar... Bir millətin oyanış hekayəsində Rus tankları və əsgərlərinin postallarının izi, etiraz zamanı həyat yoldaşını itirən Fərizənin onun eşqiylə həyatına son verməsi, XX əsrin son rübündə Leyli və Məcnunu qısqandıracaq qara bir sevdanın adıdır 20 Yanvar.

Azərbaycan tarixinin qırılma nöqtəsi, qəhrəman Azərbaycan xalqının təsdiq olunmuş sənədidir, ölümün gözlərinə baxaraq, işıq üçün qaranlığa meydan oxumaqdır 20 Yanvar... Ağrının, əziyyətin azadlıqla mükafatlandırıldığı, Bakı küçələrində oraq-çəkicə qarşı müqavimət ruhunun adıdır 20 Yanvar.

Əllərində silahla ürəkləri buz tutmuş, robotlaşan varlıqlara qarşı ürəyi azadlıq atəşiylə yanan Azərbaycan xalqının mübarizəsinin adıdır 20 yanvar. Ölümlü, ağrılı, amma bir o qədər də şərəfli bir mübarizədir 20 yanvar.

Yanvar ayında doğulan qızım Nərgizə mənə bu məktubu yazdıran gündür 20 yanvar:

“Qızım, sən hələ doğulmamışdın günahsız insanların qanını tökən Sovet İmperiyası deyilən dövlətin idarəçiləri, türk olduqlarını qışqırmaq, azad yaşamaq üçün küçələrə tökülən Azərbaycan xalqının üzərinə tanklarla gedilməsi əmrini verdi. Körpə-uşaq, qadın-kişi, yaşlı-gənc demədən hər kəsə atəş açdılar. Nə şərəfdir ki, anan da Bakıda, o tankların qarşısında duranlardan biri idi, Nərgizim. Qarabağda döyüşən dayılarının yaxın dostu Arif bəy (Arif Paşa) XI Qırmızı ordu meydanında son anda məni yerə yatırmasaydı, hazırda mən və sən həyatda olmayacaqdıq, bacın yetim qalacaqdı, qızım. Anan xilas oldu, amma yüzlərlə can Azərbaycanın müstəqilliyi üçün həyatını itirdi o gecə, qızım. Məleykə xalan mənim öldüyümü düşünüb, səhərə qədər ağılar deyib. Amma mən ölməsəm də, atəş düşən bir çox evdə olduğu kimi, evimizdən şəhid olan qardaşlarımız üçün ağılar heç əskik olmadı, qızım. 20 Yanvar gecəsi öldürməyə proqramlaşdırılmış vəhşi ordunun əsgərləri göz-gözə gəldiyimizdə qorxmadığımı və “Bakı Soveti” metrosundan Mərkəzi Komitənin (Prezident) önünə qədər olan ərazidə şəhidlərin ruhuna görə keşikdə dayananda anlamışdım bacaracağımızı.

Tökülən qanlarımız yerdə qalmayacaqdı, eyvanlarından bayraqlar sallanan, isti qan qoxulu Bakı küçələrində səhərə qədər orda qaldıq. Sən doğulmamışdın, doğulmağına çox qalmışdı, Nərgizim.

Sovetlər Birliyi deyilən lənətli dövlət azadlığımızı əlimizdən almaq, “müstəqillik” deyə hayqıran səsimizi kəsmək üçün vətənimizi eynilə 1920-ci ildə olduğu kimi qana bulamışdı. 20 Yanvar 1990-cı il mənim vətənimin qanlı, amma şərəfli tarixi, Rus imperializminin çöküşüdür, canım qızım. O şanlı tarixin səhifələrini bəzəyən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ruhları şad olsun. Sənə və sənin kimi o ağır günlərdən sonra doğulan insanlarımıza Allah uzun ömür versin və bir daha belə ağrılı günlər yaşatmasın.

Yanvarda doğulan qızım, yanvarda ölən insanları və öldürən caniləri əsla unutma, bu istiqlal ruhu daşıyan bayrağı yaşa və yaşat, qızım”.

Qeyd: Rusiya Xarici İşlər naziri Lavrov iki gün əvvəl bir açıqlama verərək, Dağlıq Qarabağda hərbi addım atmağın Azərbaycanın daxili məsələsi olmadığını bəyan edib. Soyadından (Kalantaryan) imtina etsə də, bu məyusedici açıqlama Lavrovun etnik şəxsiyyətinə olan bağlılığı ilə birlikdə Rusiyanın ermənipərəst siyasətinin də aşkar göstəricisidir. Bu ölkə ilə siyasətimizi bildiyimiz reallıq çərçivəsində (ehtiyatla) davam etdirməyimizin gerçəyini bir daha vurğulamaqda fayda görürəm və 20 Yanvar şəhidlərinin, Qarabağ yolunda həyatını itirənlərin ruhunu, bütün türklərin ürəyini yaralayan bu qəbuledilməz bəyanatı şiddətlə qınayıram. 20 Yanvar faciəsində məsum Azərbaycan türklərini qətlə yetirən rus tanklarının izlərinin silinmədiyi o torpaqlar haqqında bu cür açıqlama yayanların yaddaşımıza qanla yazdıqları 20 Yanvarı unutmadıq, unutmayacağıq.

Tarix
2017.01.19 / 22:36
Müəllif
Aygün Attar
Şərhlər
Digər xəbərlər

Qərb Türkiyəni tək qoydu, Əliyev dərhal hərəkətə keçdi

İlk dəfə xəcalətimizdən başımızı əymədik

Birinci Xanımın uğur hekayəsi

Bakı küçələri çılpaq qadın cəsədləri ilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla