Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


"Suyu çək, ay eşşək"dən başlayan mədəniyyət

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyətin əsası başqalarının təcrübələrindən yararlanmaqdır.

Çox gözəl fikirdir, təki biləsən o başqaları kimlərdir... Vərdişlərimizin böyük bir qismi gördüklərimizdir. Gördüklərimizsə ətrafımızdan ibarət. Ona görə də əminliklə demək olar ki, qonşumuz Əhmədağa kişi, Güldəstə xala nəzərdə tutulmayıb “başqalarının təcrübələri” deyiləndə. Bəs kimdir o başqaları?

Götürək elə Yaponiyanı. Bilirsinizmi, Yaponiya məktəblərində təmizlikçi, xadimə olmur. Məktəbin bütün təmizlik işlərini, tualetlərinə qədər, müəllim və şagirdlər edirlər. Tualeti hətta!

Çaşıb kiməsə “Tualet nədir?” sualını versən, gülünc vəziyyətə düşərsən, çünki hamı bilir təbii ehtiyacların ödəndiyi yer olduğunu. Bəs görəsən, mədəniyyətin başladığı yer olduğunu düşünənlər nə qədərdir? Hə, yanılmadınız, cənablar, mədəniyyət!

Çox da ki çirkab, iyrənc qoxular məskənidir. Lakin bu qoxular tualetdən daha çox ora olan münasibətimizdən gəlir.

Qaranlığı da kimsə sevməz, amma o boyda Günəş elə məhz qaranlıqdan boylanır üzümüzə. Niyə də mədəniyyət tualetdən boylanmasın?!

Bu yaxınlarda bir görüntü izlədim, adamın biri şikayətlənirdi xidmət müəssisəsindən. Ona görə ki, çalışanlardan başqa tualetdən istifadəyə izn verilmir. Şikayətində haqlıydı, təbii, amma iş burasındadır ki, qarşı tərəf də haqsız deyildi (kobud və qeyri-etik münasibətləri qınanılır, əlbəttə).

Bəs bu iki haqlı tərəfin “toqquşması”na səbəb nə?

Səbəb o ki, biz qorxuruq, nədən qorxmasaq da, tualetdən qorxuruq.

Niyə qorxmağımızınsa səbəbləri çox dərində, baş ağrısı vermək fikrim yox, az-çox hamı bilir. Amma bəzən bilmək fayda vermir, elə biliklərimizi qorxularımıza qurban verdiyimiz bu məqamda ortaya çox iyrənc mənzərələr çıxır. İctimai “ayaqyolu”lar nəinki bildiyimiz üzrə təmiz saxlanılmalı, əksinə, qorxularımıza görə it günündə. İt demişkən, təmizlik söhbəti olar, itin mehriban düşməni pişik yada düşməz? Pişiklər belə batırdığı yeri təmizləyəcək qədər mədəni! Bəs biz?

Kimin kiminlə problemi var, kim kimə daş atmaq, qisas almaq istəyir, tualetdən “istifadə” edir. A kişi, tualetin qapısına nömrə yazıb “intim xidmətlər” elanı vermək nədir?

Sevib qarşılıq görmədiyi qıza lənət oxuyan da ürəyini ora boşaldır, bir də görürsən, ictimai tualetin qapısında: “Görüm, ər evində gün üzü görməyəsən, ay vəfasız!” yazısı var.

Sifonu sındıran kim, krantı oğurlayan kim... Çarəsizlikdən qoyulan aftafalar belə canını qurtara bilmir “mədəniyyət”imizdən. Yoxsa bir aftafanın üzərində niyə yüz yırtıq əmələ gəlsin, sanki aftafa təmizlik əşyası yox, külqabıdır, elə əlinə siqaret alan bir deşik açır. Amma bunlar hamısı cəhənnəm, adamlarda bir azca pişik heysiyyatı da yox ki, pislədiyi yeri təmizləsinlər.

Bilirsiniz, niyə təmizləmirlər, çünki ayıbdır, çünki kişilikdən kənar hərəkətdir, çünki getdikləri “kişilik məktəbi”ndə tualet təmizləmək ən böyük təhqir hesab olunur; çünki nə uşaqlıqda atasının evdə əlini ağdan-qaraya vurduğunu görüb, nə anası bircə dəfə deməyib ki, a bala, kömək et.

Analar da oğullarını gələcək “təhqir”dən qorumağa çalışır. Bunlar da yığılıb bir gün iki haqlı tərəfin başında çatlayır.

İndi texnika əsridir, biz mədəniyyətin beşiyini dağıtmaqdan fürsət tapıb bir aftafa belə düzəldə bilməmişik, amma istifadə etdiyimiz bütün müasir texnikanın üzərində “təhqir olunmuşlar”ın imzası var.

Mədəni olmaq elə hər qapıya “suyu çək, ay eşşək”, “görmək istədiyin kimi təhvil ver” yazmaqla vərdişə çevriləcək bir şey deyil. Hər şey məktəbdən başlayır - mədəni vərdişlər də, mədəni inkişaflar da.

Məktəb demişkən, yaponları deyirdim axı, o tualet təmizləyənləri, onlar bu mədəniyyət mərhələsini uğurla keçib, kosmik fəzada su axtarışına çıxıblar. Ona görə yox ki, su tapıb töksünlər tualetlərimizə, ona görə ki, daim öyrənmək, kəşf etmək, yaratmaq üzrə təlim-tərbiyə ediliblər. Təmizlik də, həyat da sudan başlayır, elə yeni mədəniyyətlər də...

Biz doğrudan da başqalarının təcrübələrindən faydalanmalıyıq, amma bu başqaları dağıdıcılar yox, yaradıcılar olmalı...

Tarix
2018.05.22 / 08:15
Müəllif
Vəli Hüseyn
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünyanı idarə edən iki hiss – 20 qəpik və “bəyən”

Fürsət tapsalar, bu qadını yolun ortasında...

Anar Nağılbazı kim öldürdü?

Nizami küçəsində şok: ilan peyda oldu - Video

Nobelçi yazarın hekayəsi üzə çıxdı - 62 il sonra

Avropanın ən böyük küçə sənəti festivalı… - Foto

“28 Mall”ın qarşısında hər gün eşidilən vahiməli səs

Bakıda masaj salonunda ana dramı: Ərim dedi ki...

Cinçıxarma mərasimi və Elşənin üzük möcüzəsi

Planetin ən yaşlı sakini öldü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla