Bir neçə aydır ki, mətbuat səhifələrində
Bakıda keçiriləcək I Avropa Oyunları ətrafında qara piar aparılır.
Bu oyunların Azərbaycana lazım olmadığına, onunla bağlı xərclərin
lüzumsuz xərclər olduğuna insanları inandırmağa çalışan qüvvələr bu
mövzuda yanlış informasiyaları mətbuat səhifələrində yaymaqla
məşğuldurlar.
Bu kateqoriyaya aid olan
müəlliflər apardıqları təbliğatın istənilən nəticə vermədiyini
gördükdə "şok effekti" yaradacaq informasiyalar yaymağa başladılar.
İstinad nöqtəsi olmayan məlumatlar yayan bu adamlar Avropa
Oyunlarında iştirak edəcək hər bir əcnəbi idmançıya görə Azərbaycan
hökumətinin 39 min manat, köməkçi heyət üzvlərinin isə hər birinə
16 min manat xərc çəkəcəyi barədə uydurmanı tirajlamaq yolunu
tutdular.
Xatırlayırsınızsa, martın əvvəlində bu
rəqəmlərin heç bir ciddi əsasa söykənmədiyini göstərən təhlillə
çıxış etmişdik. "Avropa Oyunları indiki vaxtda Azərbaycana
lazımdırmı" başlığı altında təqdim etdiyimiz həmin təhlil
xarakterli yazıda bir əcnəbi idmançıya 39 min manat xərc
"hesablayan" müəlliflərə suallar ünvanladıq: Haradan götürmüsünüz
bu rəqəmləri? Onları necə hesablamısınız?
Təbii ki, suallarımız cavabsız
qaldı. Bir nəfər ortaya çıxıb bir kəlmə də demədi ki, bu nə
rəqəmlərdi, onları necə hesablayıblar və ya ümumiyyətlə haradan
götürüblər? Susdular və üstəlik də həmin rəqəmləri bir daha
səsləndirmədilər. Bilirsinizmi niyə? Çünki suallarımıza cavab tapa
bilmədilər. Bu, siyasi motivlərə söykənən və obıvatelə hesablanmış
bir hay-küy idi, "bəlkə keçər" prinsipi ilə ortaya atılmışdı.
Əvvəlcə bu hay-küyü yaratdılar, sonra görəndə ki, onu cəmiyyətə
sırımaq o qədər də asan olmayacaq, yenə qayıtdılar köhnə
bayatılara, heç bir ciddi arqumentə söykənməyən ümumiləşdirilmiş
ittihamlara...
Hakimiyyətə siyasi müxalifətdə dayanmaq
tamamilə normal haldır. Ancaq dövlətin maraqlarına qarşı çıxmaq,
onun nüfuzunu düşünməmək, "Avropa dəyərlərinə xidmət" adı altında
öz ölkəsinə, xalqına qarşı az qala xəyanət yolunu tutmaq heç bir
halda normal qarşılana bilməz. Bir idmançıya görə çəkiləcək xərci
10 dəfə şişirdərək cəmiyyətə təqdim etmək müxalifətçilik deyil,
yalançılıqdır. Bax, əslində bu YALANlara son qoymaq
lazımdır!
Gəlin yenə də real rəqəmlərin və faktların
dili ilə danışaq. Çünki əlahəzrət fakt həmişə öz sözünü deməyi
bacarır. Ötən yazımızda qeyd etmişdik. Bir daha təkrar edirik ki,
bir idmançının Avropanın ən ucqar ölkəsindən Azərbaycana gəlib
getməsinin nəqliyyat xərci ən çoxu 1500 manatdan, bir idmançının 15
günlük yemək xərci isə maksimum 2000 manatdan artıq ola bilməz.
Gələn idmançıların Olimpiya kəndində pulsuz yaşayacaqları,
nəqliyyat xidmətini isə özəl bir nəqliyyat təşkilatının göstərəcəyi
halda bir idmançıya çəkilən xərcin 39 min manat olacağını deyən
adamlar hansı hesablamalara söykənir? Bir idmançıya Azərbaycan
hökumətinin çəkəcəyi xərcin 3500-3900 manat olduğunu bilə-bilə bu
rəqəmi cəmiyyətə 10 dəfə şişirdilmiş formada təqdim etmək qərəzdən
xəbər vermirmi?
39
minlik iddianı ortaya atmış, bu rəqəmi əlində bayraq etmiş
qəhrəmanlar aylardan bəri ilk dəfə bu ilin mart ayının 15-də
keçirdikləri mitinqdə nədən bu rəqəmləri səsləndirmədilər? Görünür,
özləri də dərk edirlər ki, bu böyüklükdə yalan olmaz! Bir
idmançının xərcı maksimum 3900 manat olsa belə (nəzərə alaq ki,
yarışları uduzan idmançı həmən öz vətəninə qayıdır, ancaq biz 3900
manat xərci hər bir idmançının yarışların sonunadək qalması şərti
ilə hesablamışıq) 6 min idmançıya Azərbaycan hökumətinin çəkəcəyi
xərc 23,4 milyon manat edir. İndi götürün bunu 21 milyard manatdan
çox olan Azərbaycan büdcəsinin xərcləri ilə müqayisə edin! Bu,
0,1%-dən bir qədər artıqdır! Azərbaycanın Avropa Oyunlarından əldə
edəcəyi dividentləri nəzərə almayanlar dövlət büdcəsindən bu
oyunlarla bağlı xərclərin 1,3 milyard manat təsdiq edilməsi faktını
görməzdən gəlib infrastruktur layihələrinə, idman qurğularının
tikintisinə ayrılan vəsaitləri də oyunların təşkilinə çəkiləcək
xərc kimi göstərirlər. Görəsən bu adamlar xərclərin gah 8 milyard,
gah da 4 milyard manat olacağını deyəndə heç məsuliyyət hiss
etmirlərmi?
Bakıda keçiriləcək I Avropa Oyunlarını 1
milyarda qədər insan izləyə biləcək. Deməli, bu qədər insan iki
həftə ərzində Azərbaycanı daha yaxından tanıyacaq. Bu oyunları
1500-dən artıq jurnalist işıqlandıracaq. Məgər bütün bunlar
Azərbaycanın dünyaya daha yaxından tanıdılması, onun son 10 ildə
əldə etdiyi uğurların dünyaya göstərilməsi imkanı deyilmi? Ölkəyə
xarici investisiyaları daha geniş şəkildə cəlb etmək, turizmin
inkişafına təkan vermək, yerli istehsal şirkətlərini tanıtdırmaq
üçün yaranmış fürsətdən niyə istifadə olunmamalıdır?
O
ki qaldı idman qurğularının tikintisinə və bərpasına çəkilən
xərclərə, bu tikintilər Azərbaycana qalacaq, bura gələn idmançılar
onları söküb özləri ilə aparmayacaqlar...