Son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox
haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur. Bu
tənqidin əsas səbəbi bankların vətəndaşlara bahalı kreditlər
verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada
götürməyə təhrik etməsi, digər tərəfdən, xarici valyutada olan
kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə
güzəştə getmək istəməməsidir.
Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində
bunlardan dolayı cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar
mövcuddur. Belə ki, son zamanlar banklar borca ehtiyacı olan
müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların
zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə
baha faizlə (ən azı 60-70%) təklif edirlər. Bununla da bank bir
tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur,
digər tədəfdən isə öz qazancını azından iki dəfə artırır. Nəticə
etibarilə ehtiyac içində olan və öz problemini həll etməyin yolunu
yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit
götürməkdə görən insanlar bankların girovuna çevrilirlər. Bu
insanların heç xəbəri də olmur ki, onların lombarda girov
qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır.
Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir
ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq
istəyəndə ciddi problemlərlə üzləşir. Çünki bahkın kredit şərtləri
ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik
müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problem
yaradır.
Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq
müflüs olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər
insanların hakimiyyətdən narazığına gətirib çıxarır. Belə
özbaşınalıqlarla üz-üzə qalan vətəndaş tək lombardı və ya bankı
deyil, eyni zamanda, hakimiyyəti günahkar bilir. Keçən ilin
sonlarından lombard fəaliyyətinə verilən lisenziyaların ləğv
edilməsi isə bir neçə ay ərzində onların sayının yağışdan sonra
göbələk kimi artmasına gətirib çıxardı. Bəzi hesablamalarla indi
ölkə ərazisində 1500-ə qədər lombard fəaliyyət göstərir və onların
fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam
özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi
davranırlar. Bu səbəbdən də təcili olaraq "Lombard fəaliyyəti
haqqında" qanun qəbul edilməlidir.
Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə
lombard kimi fəaliyyət edən banklar dərhal bağlansın. Bu bankların
fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib.
Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real
sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə
Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də,
əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq
uğrunda bir-biri ilə yarışa giriblər. İndi də sırf lombard donuna
bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı
salmaqla məşğuldurlar.
Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi
Azərbaycanda bank sisteminin kökündən sökülüb, yenidən qurulmasını
zəruri edir. Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri
kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün
qınayırıq. Bu gün girovunu hər hansı bir formada alan bankı
götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür.
Bank müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit
aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır.
Çünki ikiqat girov götürməklə o, verdiyi krediti 200% sığortalaya
bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünki bank
arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını
da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə
bank kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin
gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti
verməlidir.
Bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər
islahatlardan daha sürətlə aparılmasını zəruri edir. Çünkü ölkə
iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda
real sektora dəstək də banklardan gəlməlidir. Fikrimizcə,
Azərbaycanda ilkin mərhələdə 10-a qədər bankın olması və sonradan
onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On
milyona yaxın əhalisi olan Azərbaycana geniş şəbəkəsi olan, sahə
maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər.
Lombard-dükan xislətli bankları isə onların nizamnamə kapitalına
olan təlabatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə
olarsa, onda müştərilər banka üz tutanda onlara lombard xidməti
deyil, sivil bank xidməti göstəriləcəkdir.