İnsanların kəndə dönüşünün kökündə nələr dayanır? Nə
üçün son aylar ərzində minlərlə insan Bakını tərk edərək kəndə üz
tutur? Baş verənlərin kökündə nəyin dayandığını aydınlaşdırmağa
çalışan bir çox müəlliflərin bunu böhranla əlaqədar Bakıda iş
yerlərinin azalması ilə izah etməsi nə qədər döğrudur?
Nə üçün heç kəs demək istəmir ki, illərdir kənddən şəhərə qazanc
dalınca gəlmiş və həyatı boyu torpağa bağlı bu insanların bir gözü
həmişə kəndə qaytaran yola baxıb. Sadəcə onlar bu imkanın nə vaxt
yaranacağı məqamı gözləyiblər. Bu gün o məqam artıq yaranıb. Bu
məqamın yaranmasının başlıca səbəbi isə bir çoxlarının izah etdiyi
kimi təkcə şəhərdə pul qazanmaqla bağlı çətinliklərin artması
deyil. Apardığımız araşdırmalar göstərdi ki, bu dönüşün kökündə
konkret olaraq real sektorun inkişafı yolunda ölkə başçısının
atdığı qətiyyətli addımlar durur. Söhbət ölkə iqtisadiyyatının real
sektorunun bütün sahələrini əhatə edən və kompleks şəkildə
aparılmağa başlanan islahatlar toplusunun ortaya qoyulmasından
gedir. Bax bu səbəbdən də kəndlinin kəndə dönməsinin kökündə təkcə
şəhərdə iş yeri tapmağın çətinliyi deyil, ölkə başçısının "keçən il
kənd təsərrüfatı ili olub, bu il də və bundan sonrakı bütün illər
də kənd təsərrüfatı ili olmalıdır" deməsi və bütövlükdə real
sektorun sürətli inkişafını hədəfləmiş qətiyyətli addımları
durur.
Bütün ömrünü torpağa bağlamış insan indi ona bir tərəfdən əkib
becərmək, digər tərəfdən isə əldə edəcəyi məhsulu normal şəkildə
satıb qazanc əldə etmək üçün real şəraitin yaradılmağa başlandığını
görüb kəndə üz tutur. Bu siyasət ölkə başçısının aqrar sektoru
inkişaf etdirmək üçün müəyyən etdiyi strategiyanın ana xəttini
təşkil edir. İndiyə qədər də kəndli pis-yaxşı hər hansı bir məhsulu
əkib becərə bilirdi. Lakin o istehsal etdiyi məhsulu sata
bilməyəndə növbəti ildə bu işlə məşğul olmamaq qərarı verirdi. Heç
bir təsərrüfat ziyanla işləmək istəməz və ya belə işləməyi uzun
müddət davam etdirə bilməz. Ancaq indi bu buz sındı. Keçən ilin
sonlarına yaxın gömrük sistemində aparılan ciddi islahatlar,
malların idxalı və ixracı sahəsində edilən sadələşmələr yerli
istehsala geniş bir meydan aça bildi. Bu gün haqqında danışdığımız
kəndli-fermer artıq çox yaxşı bilir ki, inhisarçılıq buzunun
sınması səbəbindən onun istehsal edəcəyi məhsul daxili bazarda
qiymət baxımından idxal olunan eyni adlı məhsulu kifayət qədər
üstələyə biləcək. Kəndli–fermərə də elə bu lazımdır. O, indi artıq
tək daxili bazar haqqında deyil, ixrac haqqında da ciddi düşünməyə
başlayıb. Nə üçün də düşünməsin?
Manatın devalvasiyası heç kimin arzuladığı bir şəkildə baş
verməsə də, milli valyutanın bugünkü məzənnəsi təkcə aqrar sektorda
istehsal edilən məhsulların deyil, digər daxili istehsal
məhsullarının da rəqabət qabiliyyətliliyini kifayət qədər arta
bildi. Devalvasiyaya qədər daxili bazarda yerli xammal əsasında
istehsal olunan hər hansı bir məhsulun bir vahidi xarici valyuta
ifadəsində 15 dollara başa gəlirdisə, devalvasiyadan sonra həmən
məhsulun xarici valyutada dəyəri təxminən iki dəfə azalaraq 7
dollar həddinə enə bildi. Devalvasiyaya qədər qiymətinin baha başa
gəlməsi səbəbindən həmin məhsulu xarici bazara çıxarmaq mümkün
deyildisə, indi bunu etmək tam realdır. Devalvasiyaya qədər həmin
məhsul başqa ölkələrin istehsalçıları tərəfindən xarici bazara
bizdəkindən 30-40% ucuz qiymətə təklif olunduğundan, bizim məhsul
həmin bazarda satıla bilmirdi. Çünki bahalı manat həmin məhsulun
dollar ifadəsində olan qiymətini də bahalandırırdı. Təbii ki, baha
başa gələn məhsulu aşağı qiymətə satmaq ziyanla işləmək demək
olardı. Bu səbəbdən də həmin mallar xarici bazarlarda satıla
bilmirdilər.
Keçən illin sonlarında gömrük sistemində aparılmış islahatlardan
sonra yerli istehsalçı bir tərəfdən öz məhsulunu qiymət baxımından
xarici bazarlar üçün rəqabətqabiliyyətli edə bildi, digər tərəfdən
isə o qiymət məsələsində daxili bazarda xaricdən gətirilən eyniadlı
məhsulları kifayət qədər üstələdi.
Bir sözlə, artıq valyuta ilə alınıb ölkəyə gətirilən məhsulların
dəyəri yerli istehsalın eyniadlı məhsulları ilə rəqabət aparmaq
gücündə deyil. Çünki ölkə daxilində məzənnəsi yumşalmış manatla
istehsal olunan məhsulun dollar ifadəsindəki dəyəri idxal olunan
eyniadlı məhsulun dollarla olan dəyərindənən azı 30% ucuz başa
gəlir. Bu səbəbdəndir ki, artıq illərlə ayrı-ayrı məhsulun idxalı
ilə məşğul olan adamlar indi həmən məhsulların ölkə ərazisində
istehsalını təşkil etmək yolunu tutmağa başlayıblar. Bir çox
istehsalçılar isə daxili bazarda qiymət balansının onların xeyrinə
əsaslı şəkildə dəyişməsi səbəbindən istehsalın həcmini
artırırlar.
Aparılan islahatlara dövlət səviyyəsində kifayət qədər dəstək
verilir və bu dəstəyin getdikcə artırılacağı da heç bir şübhə
doğurmur. Ölkə iqtisadiyyatının real sektorunun inkişafında artıq
bankların da öz sözlərini demək vaxtı çatıb. Bu gün banklar
sahibkara, fermerə şərtləri yalnız öz tərəzilərində
ölçülüb-biçilmiş kreditlər təklif etməklə vəzifələrini bitmiş hesab
etməməlidirlər. Bu gün banklar verdikləri kreditlərin şərtlərini
özlərini real olaraq o sahibkarın, fermerin yerinə qoyaraq müəyyən
etməlidirlər. Təəssüf ki, hazırki dönəmdə əksər banklar real
sektora real da ola biləcək kreditlərin verilməsini təmin edə
bilmirlər. İndi ölkədə qeyri-neft sektorunun inkişafına real bank
dəstəyinin verilməsi çox vacibdir. Bu səbəbdən bank islahatlarının
sürətinin bir xeyli artırılması zəruridir.
Bu gün bizə kimlərəsə yalnız gəlir gətirmək düşüncəsinə
söykənərək fəaliyyət göstərən, dəyəri verdiyi kreditin həcmindən
bir neçə dəfə artıq daşınmaz əmlakları girova çevirməklə məşgul
olan banklar lazım deyil. Bu banklar bir qayda olaraq dəyəri
verdikləri kreditlərin həcmindən bir neçə dəfə çox olan girovu
rəsmləşdirdikdən sonra müştərinin krediti qaytara bilməsi
şanslarını üzdən də olsa araşdırmırlar. Bu bank fəaliyyəti deyil.
Bu lombard fəaliyyətidir. Bizə isə iqtisadiyyatımızda bu gün
aparılan islahatlarının maliyyə dəstəyini təmin edə biləcək real
bank fəaliyyəti ilə məşğul olan banklar lazımdır.