Robert Köçəryan Qarabağda
səfərdə olarkən separat rejimin rəhbəri Bako Saakyandan öncəki
"lider" Arkadi Qukasyanla görüşüb.
İki lider Qarabağda uzun müddət müzakirə aparıblar. Köçəryan
Qarabağda separat rejimin hərbi rəhbərləri, eləcə də "VivaSel"
şirkətinin rəhbəri Ralf Yirikyan, Daşnaksütyun partiyasının üzvləri
ilə görüşlər keçirib. Eks-prezidentlə Ermənistan Mərkəzi Bankının
rəhbəri Artur Cavadyan, keçmiş kənd təsərrüfatı naziri David
Lokyan, Fövqəladə Hallar naziri Armen Yeriçyan, Hökumət Aparatının
rəhbəri David Arutyunyan da görüşüb. Maraqlı məqamlardan biri isə
Köçəryanın Ovik Abramyanla görüşdən imtina etməsi olub.
Köçəryan bununla özünün yanında olan əsas komandanı
müəyyənləşdirmiş olub. Beləliklə, bir zamanlar qondarma "Dağlıq
Qarabağ"ın rəhbəri olan Köçəryan məhz burada İrəvanda yenidən
hakimiyyətə gəlmək üçün planlarını müəyyənləşdirib. Eks-prezidentin
görüşdüyü şəxslərin çoxu ölkə ərazisində və separat rejimin olduğu
bölgələrdə kifayət qədər söz sahibidir. İndinin özündə də Qarabağda
təsirini saxlayan Qukasyan müxtəlif hərbi dairələr tərəfindən
dəstəklənir. Həmçinin Bako Saakyan üzərindən böyük nüfuza sahib
olması onun Qarabağda əsas oyunları müəyyənləşdirməsinə şərait
yaradır.
Bir müddət öncə Ermənistan mətbuatı da Qukasyanın Sərkisyanla
arasının dəydiyi və İrəvanda müxtəlif dairələrlə iş birliyi qurduğu
haqqında məlumat yayıb. Qukasyan Ermənistan və Qarabağla bərabər,
diaspor daxilində də böyük dəstəyə sahibdir.
Başqa bir maraqlı məqam isə hazırda Ermənistan hakimiyyətində
oturan rejimin Qarabağ klanına aid olmasıdır. Ən mühüm amil isə
hazırkı mübarizənin məhz bu klanın üzvləri arasında getməsidir.
Əgər tarixə də nəzər salsaq, o zaman İrəvandakı hakimiyyət
dəyişikliklərinin Azərbaycanın işğal altında olan bölgəsindən
başlamış olduğunu görərik. Ermənistanın hərbi dairələrində də geniş
imkanlara malik olmaları və buraya əmrlərin Qarabağdakı terrorçu
liderlərdən gəlməsi yaxın gələcəkdə İrəvanda mühüm proseslərin
dönməsinə imkan yarada biləcək. Üstəlik, Köçəryanın əsas maliyyə
rəhbərləri ilə görüşməsi artıq Sərkisyanın hakimiyyətdən getməsi
prosesinin sürətləndiyindən xəbər verir.
Lakin Serj Sərkisyan üçün ümid hələ tükənməyib. Prezidentin
əlində oynanacaq iki əsas kart qalıb. Bunlardan biri Seyran
Ohanyandır ki, son günlər onunla da münasibətlərdə soyuma müşahidə
olunur. Digər ən önəmli kozır isə Moskvadır. Əgər Sərkisyan
Moskvaya öz sədaqətini nümayiş etdirə bilsə, bir zamanlar özünün
xaç atası hesab etdiyi Köçəryandan canını qurtararaq İrəvana
təsirini davam etdirmiş olacaq. Lakin Vaşinqton səfəri və burada
Moskvanın ən qatı düşməni olan Makkeynlə görüşdən sonra Kremlin
onun yanında olmayacağı şübhəsi günü-gündən artır.
Sərkisyan əleyhinə ən önəmli "rollar"dan birini isə Azərbaycan
tutur. İllərdir hakimiyyətdə qalmaq üçün Qarabağ amilindən istifadə
etməsi klan üzvlərinin artıq bu istiqamətdə bütün şanslarını
tükədib. İstər avqust hadisələri, istərsə də ondan sonrakı
dövrlərdə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozduqdan
sonra Bakıdan ağır cavab almaları Ohanyan və Sərkisyan birliyinə
qarşı münasibəti tam dəyişdirib. Özünü Qarabağ savaşının mühüm
liderləri sırasında təqdim edən bu iki şəxsin (əslində hər ikisi
terrorçudur və Xocalı soyqırımında mühüm rol oynayıblar – red.)
manevr etmək üçün imkanları qalmayıb. Erməni analarının hər gün
Sərkisyanın ofisi qarşısına toplanması isə deyilənlərə sübut ola
bilər.
Son illər ərzində Rusiyanın Ermənistanda hərbi mövcudluğunu
ikiqat artırması da məhz buna işarədir. Sərkisyan rus hərbi
elitasına hər cür şərait yaratmaqla ona necə sadiq olduğunu nümayiş
etdirir. Lakin digər tərəfdən Sərkisyan İran və Avropa kartlarını
da əlindən buraxmaq istəmir. İstənilən halda hazırkı dövrdə
Avropanın bu ölkədə möhkəmlənməsi üçün şərait sıfıra yaxındır.
İrana gəlincə isə Moskva heç bir halda bu cənub ölkəsini illərdir
hakim olduğu bölgəyə buraxmaq niyyətində deyil və buraxmayacaq. Ona
görə də Sərkisyanın seçim şansları yoxa çıxıb və yaxın aylar
ərzində onu ağır dövr gözləyir. Köçəryan hakimiyyətə gəlməyəcəyi
halda belə, onun təsir edəcəyi, amma Sərkisyandan daha sədaqətli
ikinci şəxsin İrəvana gətirilməsi artıq reallığa çevrilir.