Yuxarı

O “7 min şəxs” hara yoxa çıxdı?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın zamanlara qədər qloballaşma müasir dövrün ən sürətli və qarşısıalınmaz bir prosesi kimi təsəvvür olunurdu. Qlobal miqyasda fəaliyyət göstərmək məqsədilə dünyada 7 mindən çox hüquqi şəxs yaradılmışdı və onlar bu gün də mövcuddurlar.

Bu hüquqi şəxslərin bir qismi dünya miqyasında tanınan və fərqli həyat və fəaliyyət sahələri üzrə dünya miqyasında aparıcı rol oynayan, siyasətdə və iqtisadiyyatda dünya birliyi üzvlərinə istiqamət verən beynəlxalq qurumlara çevriliblər. Onlar tərəfindən ümumiləşdirilən hesabatlar və irəli sürülən ideyalar bir anda bütün dünya ölkələrində yayımlanır, müzakirə olunur və demək olar ki, bütün dövlətlər öz daxili və xarici siyasətlərində bu qurumlardan yayılan informasiya, təlimat və tövsiyələri nəzərə almağa çalışırdılar. Getdikcə dünyanın hər bir ölkəsi və bütün ölkələrin vətəndaş cəmiyyətləri öz nəzərlərini dünyanın vahid idarəetmə mərkəzlərinə yönəldir və təbii şəkildə, məmnuniyyətlə qloballaşma axınına qoşulurdular. Bu prosesi zərərli hesab edib onun qarşısını almağa çalışan antiqlobalistlərin vaxtaşırı olaraq təşkil etdikləri etiraz mitinqləri get-gedə güclənən qloballaşma meyilləri qarşısında artıq diqqət cəlb etməyən və maraq və etimad doğurmayan sönük bir hərəkata çevrilirdi. Sanki dünyada hamı qloballaşmaq istəyirdi və artıq belə hesab olunurdu ki, bu proses dünya birliyi üçün ən optimal və faydalı bir prosesdir və onun alternativi yoxdur.

Əslində bu cür düşünənlər müəyyən mənada haqlı idilər. Əgər dünyanın harasında baş verməsindən asılı olmayaraq bütün problemlərin ümumi bir həll yolu tapılırsa və bütün dünya dövlətləri eyni dərəcədə və eyni qaydalar əsasında bu problemlərdən xilas ola bilərlərsə, bunun nəyi pisdir ki?!

70 il davam edən qloballaşma marafonunun 2019 tarixində dünya birliyi qlobal problemlə üzləşdi və bu problem COVİD-19 pandemiyası adlandırıldı. Bütün sürprizlərlər də elə buradan başladı. Başlanğıcda son onilliklər ərzində qloballaşma nəzəriyyəçilərinin yaratdığı təsəvvürlərə səmimiyyətlə inanmış 7 milyardlıq Yer əhalisi pandemiya qarşısında təşvişə düşmədi. Bu virusun qlobal təkliflərdən irəli gələcək qlobal tədbirlər nəticəsində tez bir zamanda aradan qalxacağına ümid edərək Ümumdünya Səhiyyə Təşkilatının çaldığı həyəcan təbilinə və onun tövsiyələrinə də laqeyd təbəssümlə cavab verdi. Az sonra vəziyyətin getdikcə gərginləşməsi qlobal problemin qlobal şəkildə həll oluna bilməyəcəyini üzə çıxardı.

Yeri gəlmişkən, ÜST ilə yanaşı ilk həyəcan təbili çalan dövlət də Azərbaycan oldu. Ölkə daxilində ciddi hazırlıq işlərinə başlanıldı, Türk Şurası, Qoşulamama Hərəkatına üzv dövlətlər və BMT-nin xüsusi sessiyası çərçivələrində problemin müzakirəsini təşkil etdi və dünya dövlətlərini qlobal həmrəyliyə səslədi.

Bütün cəhdlərə baxmayaraq, dünya COVİD-19 pandemiyasının qarşısının alınmasında qlobal fəaliyyət göstərə bilmədi. Onilliklər ərzində qloballaşma haqqında dayanmadan danışan və təbliğat aparan beynəlxalq təşkilatlar və eləcə də bu prosesdən ən çox qazanan yüksək inkişaf etmiş ölkələr pandemiya şəraitində gözlənilən qlobal fəaliyyətdən uzaqlaşaraq öz daxili vəziyyətinə kökləndilər.

Pandemiyanın ilk həftələrində və aylarında tibbi ləvazimatlar uğrunda əsl “dünya müharibəsi” başladı. İlk növbədə sərhəd anlayışını artıq unutmuş avropalılar qloballaşmanın onlara verdiyi sərbəst hərəkət etmək hüququnu itirdilər. Sərhədlər möhkəmləndirilərkən formal olaraq mal və əmtəələrin sərbəst hərəkət edəcəyinə zəmanət verilsə də, reallıqda bu da həmişə mümkün olmadı. Çindən yüklənib zəngin bir Avropa dövlətinə yola salınan konteynerlər elə yolda ikən daha artıq ödəniş müqabilində daha zəngin dövlətlər tərəfindən ələ keçirildi. Talelərini bir ittifaqda birləşdirmiş Avropa dövlətlərinin hər biri ümumi problemin ümumi həllinə yox, ümumi problemin yalnız öz ərazisində həllinə qərar verdi. Rəsmən qloballaşma ideyasından imtina edilməsə də, ilk qlobal problem olan pandemiya şəraitində qlobal fəaliyyətdən geri çəkildilər. Suda boğulanların xilası hamının yox, yalnız suda batanın özünün probleminə çevrildi. Pandemiya uzandıqca xalqlar və dövlətlər də bir-birindən uzaqlaşmağa meyilləndilər.

Bugünkü peyvənd marafonu da eyni ssenari üzrə mərkəzdənqaçma prinsipinə əsaslanır. BMT Baş Assambleyasının xüsusi iclasında Azərbaycan kasıb ölkələrlə zəngin ölkələrin bərabər əsaslarda peyvəndlərə əlçatanlığının təmin olunmasına çağırış etmişdi. Lakin G-7 üzvü olan qüdrətli dövlətlər özlərinə lazım olan maksimum peyvənd sayından üçqat artıq peyvənd sifariş etməklə burada da öz dominantlığını göstərməyə çalışdılar. Beləliklə, dünya əhalisinin özünün bugünü və gələcəyi hesab etdiyi qloballaşmadan gözləntiləri özünü doğrultmadı.

Baş verənlər qlobal cəmiyyət və qlobal məsuliyyət anlayışlarını alt-üst edir. Artıq sayı 7 mindən çox olan qlobal təşkilatların da səsi çıxmır. Paradoks da elə bundadır. Qloballaşma xoş günlərin xülyası idimi, yoxsa dahi İmmanuel Kant dünya inkişafının dialektik qanunauyğunluğunu düzgün təyin etməmişdi?! Məncə, Kant dünya birliyinin çoxluqlardan vahidə doğru inkişafını labüd hesab etməkdə haqlı idi. Sadəcə bu gün qloballaşmanın yüyəni dünyanı inkişaf etdirmək istəyənlərin əlində yox, qloballaşmadan istifadə edərək dünyanı daha çox öz təsiri altına almağa çalışanların əlindədir. Ona görə də qlobal cəmiyyət qlobal böhran qarşısında bu qədər acizdir.

Tarix
2021.02.05 / 10:43
Müəllif
Cavanşir Feyziyev
Şərhlər
Digər xəbərlər

Bakının II Müttəfiqlik Sazişi: daha bir türk ölkəsi ilə…

Qarabağın azad olunması sonuncu aşırım idi

Laçında yeni həyat

Dağlarda qalamız Kəlbəcər

Orda yalnız ruhlar uçuşurdu...

Bakıya qarşı növbəti təxribat: Kin səfirdən təlimat alıb

Azərbaycanda “boz zona” birdəfəlik ləğv edildi

Heydər Əliyev Azərbaycan xalqının həyatının hər günündə var

Gənclik öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi

20 Yanvar – qanlı, amma şərəfli bir tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla