Yuxarı

Hakimiyyətin ən zəif yeri...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə yerə gəlib çıxmışıq, vacib görünən çox şey önəmini itirməkdədir. Fəqət insan oğlu onun həyatından çıxan və ya çıxmaqda olan o "vacibləri" hələ də çox lazımlı bilib əl çəkmir, yeni şərtlərə uyğunlaşa bilmir. Ya istəmir, ya bacarmır…

“Media haqqında” yeni qanun ətrafında yaranan və yaradılan ajiotajı anlamıram, açığı. Fərqində deyilik, amma yeni şərtlər, yeni dünya düzəni bəzi qanunları qanundankənar duruma salıb.

İnternet, sosial media olan yerdə “Media haqqında” qanun nə qədər aktual, nə qədər əhəmiyyətlidir? Bu, hökumətin və biz jurnalistlərin işinə nə dərəcədə yarayacaq? Cəmiyyətə nə kimi yardımı toxunacaq? O qanunda hansı maddə necə yazılacaq, kimin nəyinə lazım olacaq? Hara qədər təsir göstərə biləcək? Bunlar əsla ritorik suallar deyil. İzah və cavab tələb edən suallardır. Jurnalistin qəzetini bağlayacaqsan, Feysbukda yazacaq, televiziya işçisini vəzifəsindən azad edəcəksən, Yutub kanalı açıb, sözünü deyəcək, şoumeni TV-dən uzaqlaşdıracaqsan, siyasi blogerə çevriləcək. Yaxud müxalifətçini xaricə qovacaqsan, internetdən PUA kimi istifadə edib, cəmiyyətin və hökumətin başına söyüş, təhqir, yalan yağdıracaq.

İndi elə bir insan varmı ki, sözünü deyə bilməsin, özünü ifadə etməyə çətinlik çəksin? Bir başsağlığı mətnini çap etdirmək üçün rayondan Bakıya gəlib redaksiyaları gəzən adam indi evində oturub, dostunun anasının ölümü haqda xəbər yazır, başsağlığı verir. Üstəlik, mərhumənin 3, 7 və 40 mərasimlərinin hansı ayın hansı günündə olacağını anons edir öz Feysbuk səhifəsində. Dəfnlərdən, toylardan, səfərlərdən, aksiyalardan, seçki məntəqələrindən, daha haralardan canlı yayınları xatırladım? Xalq jurnalistikasının, sosial medianın pik dövründə “Media haqqında” qanunun necə olması ətrafında bu qədər müzakirəni izafi əziyyət və əlavə enerji itkisi sayıram. Tam məsuliyyətimlə deyirəm, heç müzakirə etmədən qəbul olunmasına iki əlli razılaşmaq lazımdır.

1998-ci ilin avqustu deyil ki, ölkədə siyasi senzuranın ləğvindən sonra mətbuatın indən sonrakı aqibətini müzakirə edək. O qanun ki var, formal bir şeydir. Uzaqbaşı hökuməti müdafiə edən medianın və jurnalistlərin işini çətinləşdirəcək, məhdudiyyətlərini artıracaq. Əks düşərgənin isə İP-nə yağ sürtəcək.

Hökumət sosial media siyasətinə yenidən baxsa, yaxşı olmazmı? Orada güclənmək və ya yenidən təşkilatlanmaq haqda qərar verilməlidir. Hakimiyyətin ən zəif yeri sosial şəbəkələrdir. Tez nişangaha gəlir. Bu zəif yeri qapatmaq asan deyil, amma mümkündür, həm də vacibdir. Dövlətin sosial mediada ideoloji snayperləri çox azdır. Troll dəstələri də yenidən təsnifatlaşdırılmalı, təşkilatlandırılmalıdır. Bəzən çox zərər vururlar. Az qala rəqib qədər...

Yeni qanunun xaricdəki məlum qrupun fəaliyyətinə nə kimi təsiri olacaq? Ən humanist qanunlar belə bu dövlət düşmənlərinin antixalq fəaliyyətini əngəlləyə bilməyəcək. Dövlətin beyin mərkəzləri internetdə fəaliyyət keyfiyyətini artırsın, yeniliyi, "qanunu" burada tətbiq etsin. Azərbaycana qarşı əsas döyüş internet məkanında gedir. Rəqiblərə mehdiyevçi metodları ilə cavab verməyin vaxtı keçdi. “Teleməkanı sağlam tənqidin və ağıllı, həm də abırlı adamların üzünə açmaq lazımdır” təklif-ideyası da real görünmür. Hansı televiziya rəhbəri edəcək bu riskli işi? Kim istəyər, hansısa nazir onun efirində tənqid edilsin? Bunun sonrası var axı...

Düşüncə azadlığının üzünə bağlanmış qapıları açıb, həmin düşüncələrin “efir məkanını”, təsir imkanlarını böyütmək, onları dövlətin, xalqın xidmətinə vermək lazımdır. Bilirsiniz, nə əjdaha mütəxəssislər var?!

Şuşanı azad etmiş bir hakimiyyət 10-15 internet “döyüşçüsü”nün əlində aciz qalmamalıdır. Xaricdəki “söyüş mediası” təkcə hakimiyyətin sütunlarını zədələmir, cəmiyyəti də zəhərləyir. Onların hansı mərkəzlərin təsirində olduğunu dövlət yaxşı bilir. Əhəmiyyətlərini və baxış saylarını təbii şəkildə azaltmaq üçün daha üstün intellektual performans ortaya qoyulmalıdır.

Fikrimcə, “Media haqqında” yeni qanunla olmur bu işlər. Yeni baxış, yeni düşüncə, fərqli yanaşma ilə olur.

Tarix
2021.12.17 / 22:14
Müəllif
Azər Ayxan
Şərhlər
Digər xəbərlər

Bu, təkcə ədalətsizlik deyil, həm də əxlaqsızlıqdır!

Əliyev oyunu mərkəzdən başladı – Top yenə Ordudadır!

Fars rejimini dəli edib, düzlərə salan budur!

Nikolun provokasiyaları: Rusiya geri çəkiləcəkmi?

Ermənilər vahimədə: Azərbaycan Xankəndini geri qaytarır!

Əliyevlə Putinin razılaşması: Rusiya lideri sadiqdir!..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla