ANS-in bölgələr departamenti ilə bağlı durum çox pisdir
Son günlər ölkə mətbuatında gündəmdən düşməyən ANS-lə
bağlı xəbərlər bir keçmiş televiziya əməkdaşı kimi məni də narahat
etdi. Mən bu xəbərlərin nə dərəcədə doğru və ya yalan olduğunu deyə
bilmərəm. Amma təəssüf hissi ilə qeyd etmək istərdim ki, bu gün
bölgələr departamenti ilə bağlı durum çox pisdir.
ANS TV-nın müxbir məntəqələrindəki vəziyyət şirkət prezidentinə
düzgün olmayan tərzdə və sərf olunan şəkildə çatdırılır. Belə ki,
bölgə müxbirlərinin maddı-texniki problemləri həmin departamentin
rəhbər şəxsləri tərəfindən qulaqardına vurulur. Müxbirlər sərfəli
işdən sonra öz zəhmətlərinin haqqını ala bilməyəndə narazılıq
yaranır. Bu o demək deyil ki, onlara verilən qonorar və maaş azdır.
Normal səviyyədədir. Lakin onların müxtəlif rayon və kəndlərə sərf
etdikləri yol və benzin xərcləri bölgələr departamenti tərəfindən
mühasibatlığa düzgün çatdırılmır. Nəticədə ayın sonunda onların,
necə deyərlər, "pulları kəsilir".
Mən ANS TV-də işlədiyim müddətdə bölgələr departamentində bir
dəfə də olsun böyük narazılıq olmayıb. Elə televiziya yaranandan
şirkət prezidentinin bölgə müxbirlərinə qayğısı arzuolunan şəkildə
olub. Ötən ilin son aylarında isə bu problem baş qaldırıb və bölgə
müxbirlərinin hüquqları pozulub. Nəticədə isə bir neçə müxbir oranı
tərk etməli olub.
Mənim 7 il ərzində ANS-də öyrəndiyim çox şey olub. ANS nəinki
jurnalistika, hətta mən deyərdim ki, həyat məktəbidir. Vahid və
Seyfulla Mustafayevlər, Mirşahin Ağayevin sayəsində mənim nəzəri və
təcrübi biliklərim daha da möhkəmlənib, mən əldə qələm tutmağın bir
çox sirlərini məhz onlardan öyrənmişəm.
2006-cı ildə mən ANS-in telejurnalistika akademiyasını bitirib
ora işə qəbul olunmuşam. Müxtəlif dövrlərdə radioda və televiziyada
bir çox verilişlərdə işləmişəm.
"İç xəbər" və "Xəbərçi" veriliçlərinin müxbiri, "Salam
Azərbaycan" verilişinin redaktor-prodüseri, verilişin xəbərlər
bölümünün aparıcısı olmuşam.
Ötən il öz xahişimlə oranı tərk etdim. Düzdür, mənə müəllimlik
etmiş insanların təəssüfü ilə qarşlaşdım. Mənim indinin özündə də
oranın rəhbərliyi ilə çox yaxşı münasibətim var. ANS-i tərk etmək
oranı atıb getmək deyil, əslində, bu, bilikləri digər mətbu
orqanlarda tətbiq etməkdir. ANS-i tərk edənlərin hamısı oranın
digər mətbu orqanlardakı "səfirləri"dir.