Hörmətli Mahir! Ad günüm ərəfəsində saytlarda hədiyyə
olaraq yerləşdirdiyin yazını kağızda çıxarıb mənə gətirdilər.
Yazının adı xoşuma gəldi: "Anar yazıçı deyil və ya tənha Anar".
Uğurlu tapıntıdır, şübhəsiz, belə başlıq sayta girənlərin sayını
qat-qat artıracaq. Şübhəsiz, bu məqsədlə daha sensassion
başlıqlardan da istifadə etmək olardı, məsələn: "Anarın yazılarını
özü yazmayıb", yaxud "Anarın yazıları benqal dilindən
tərcümələrdir".
Hər halda buna da şükür. Öncə səni İlayda adlı nəvən olması
münasibətilə təbrik edirəm. Unudulmaz dostum Qabilin sözlərilə
desəm, "Bəxti gözəl olsun".
Yazılarım haqqında, Yazıçılar Birliyində, parlamentdə gördüyüm
az-çox işlər haqqında xoş sözlərinə görə sənə minnətdaram. Amma
bununla belə, yazdığın bəzi məqamlarla razılaşmıram, bəzi
məsələlərə isə aydınlıq gətirmək istəyirəm. Atana istinad edərək
yazırsan ki, guya Qabil deyib: "Rəsul müəllimin məndən acığı gəlsə
də (şəxsi yox, sərbəst və heca vəznində yazanların davası
baxımından), yüksək tribunadan mənim üç şeirimi poetik kəşf
adlandırıb" və bu sözlərə əlavə edirsən: "Heyf ki, adları mənim
yadımda deyil".
Adlarını mən deyim, sən də yadında saxla: "Küləkli havalarda,
yağışlı havalarda", "Məhəbbət deyil", "Tramvay parka gedir".
Doğrudan da bu şeiri Rəsul Rza çox bəyənirdi və hər hansı
Azərbaycan şeir antologiyasına düşməyə layiq bilirdi. Mən də bu
şeirləri çox sevirəm, tərtib etdiyim "Min beş ilin Oğuz şeiri"
antologiyasına Qabilin başqa şeirlərilə bir sırada bu şeirləri də
daxil etmişəm. Rəsul Rzanın şəxsiyyət kimi də, heca və əruz
vəznlərində yazan şair kimi də Qabildən xoşu gəlməməsi düz deyil.
İntəhası, Qabil "Azərbaycan" jurnalında işləyərkən sərbəst vəzndə
yazan gənc şairlərə müəyyən dərəcədə ögey münasibət bəsləməsindən
razı deyildi və Fikrət Qocaya qarşı yazdığı məqaləsini ədəb və
ədəbi etika çərçivəsində tənqid etmişdi.
Mənim Qabillə son dərəcə isti və mehriban münasibətlərim yəqin
sənə məlumdur. Onun bir kitabına Ön söz və ümumiyyətlə müxtəlif
illərdə haqqında dörd məqalə yazmışam. Onlardan birinin adı hamısı
üçün səciyyəvidir: "Qabili çox sevirəm".
Özünü "ədəbiyyatın partizanı" adlandırıb arada-sırada Yazıçılar
Birliyi barədə solaxay fikirlər söyləsən belə, sənə də Qabilin oğlu
kimi hörmətim var. Amma məhz Qabilin oğlu olduğun üçün gərək,
məsələn, Mirzə İbrahimovun əsərləri haqqında "ürək bulandıran"
ifadəsini özünə rəva bilməyəydin. Bu ifadəni dolayısıyla işlətsən
də, 60-cılarla bağlasan da, bu sözləri sənin və mənim bu gün
yazdığımız dilin qorunub saxlanmasında böyük xidmətləri olan Mirzə
İbrahimova aid etmək (müəyyən əsərlərini bəyənməsək belə) çox böyük
ədalətsizlikdir... Eləcə də 60-cıları bəhanə edərək "Səməd Vurğun,
Süleyman Rüstəm, Rəsul Rza, siz sovet şairlərisiniz. Kimə lazımdır
axı sizin yazdıqlarınız?" cümləsini bir an təsəvvür elə ki, eynən
Qabilə şamil edəydilər, buna necə münasibət bəsləyərdin? Yazırsan
ki, "atam həmişə Anarı mənə nümunə çəkirdi. Yazdığı "Sizsiz"
əsərinə görə".
Çox məmnunam ki, atanın bu sözlərinə riayət edirsən, xatirəsini
daima əziz tutursan. Bu hər bir övladın vicdan borcudur, amma
vicdanımız qarşısında daha bir borcumuz odur ki, ən xoş niyyətlə
belə olmayanı yazmayaq...
1987-ci ildə, iyunun 18-də Yazıçılar Birliyinin Plenumunda mənim
bu təşkilatın rəhbəri seçilməyim barədə yazırsan ki, namizədliyimi
Qabil verib. Bu düz deyil. Mənim namizədliyimi ilk olaraq Əkrəm
Əylisli təklif etdi, sonra İsi Məlikzadə, İsa İsmayılzadə, Tofiq
Bayram dəstəklədi və sonda İsmayıl Şıxlı özü də bu çıxışçılarla
həmrəyliyini bildirdi. Qabil o Plenumda çıxış etməyib. Plenumun
stenoqrammı durur. Bu həqiqətdir. Amma o da həqiqətdir ki,
işlədiyim bütün müddətdə Qabilin dost münasibətini də, mənəvi
dəstəyini də duyurdum və mən də bu xoş davranışa qarşılıq olaraq
ona layiq olduğu hörməti göstərirdim. Mənim təklifimlə Qabil
Ağsaqqallar Şurasının və Sabir poeziya günlərinin rəhbəri
seçilmişdi, onu xalq şairi adına təqdim etmişdik. Mənə həsr etdiyi
şeiri də minnətdarlıq hissilə xatırlayıram.
Yazında razılaşmadığım bir məqamı da qeyd etmək istəyirəm: Bizim
nəsil haqqında yazırsan ki, onlar özlərinə xüsusi ad – 60-cılar adı
qoydular. Bu, düz deyil. Bu ifadə yalnız Azərbaycan
ədəbiyyatşünaslığında deyil, bütün o vaxtkı sovet məkanında, o
cümlədən, rus mətbuatında da bu nəslə aid termin kimi işlənirdi və
indi də işlənir. Azərbaycanda bu nəslin guya "arxalı" olduğu
haqqında fikrin də yanlışdır. Özəlliklə mənim haqqımda bunu
dönə-dönə təkrar edirsən. Sən o vaxtı xatırlaya bilməzsən, amma o
dövrün mətbuatına baxsan, görərsən ki, ilk çap olunan "Keçən ilin
son gecəsi" adlı hekayəm, "Ağ liman" adlı ilk povestimdən tutmuş
"Qobustan" toplusunun redaktoru kimi fəaliyyətimə qədər,
"Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində, "Azərbaycan
kommunisti", hətta "Kirpi" jurnalında necə amansız tənqidlərə məruz
qalmışam. Eləcə də "arxalı" Vaqif Səmədoğlunun şeirləri… O vaxt
artıq Moskva mətbuatında ən çox çap olunan Azərbaycan
yazıçılarından idim (güman edirəm ki, bunu "arxam" olduğu üçün zənn
etmirsən), Bakıda, Moskvada, xarici ölkələrdə kitablarım çıxmışdı,
pyeslərim oynanırdı, filmlərim çəkilirdi, amma nəinki SSRİ
Yazıçılar İttifaqının, heç Azərbaycan Yazıçılar İttifaqının da
40-dan çox üzvü olan İdarə heyətinə düşmürdüm. Atamın ölümünə qədər
bir dəfə də olsun nə respublikanın, nə də SSRİ-nin yazıçılar
qurultaylarına nümayəndə seçilmişdim. Budur mənim "arxalı"
olmağımın göstəriciləri. "Arxalılar" sırasında Müslüm Maqomayevin,
Emin Sabitoğlunun, Yusif Səmədoğlunun da adlarını çəkirsən: nədir,
Müslümə babası Müslüm Maqomayev o gözəl səsi miras qoyub? Sabit
Rəhmanın oğlu olmasaydı, Eminin bəstəkarlıq istedadı, Səməd
Vurğunun oğlu olmasaydı, Yusifin yazıçılıq istedadı parlamazdı? Sən
də məşhur şairin oğlusan, Mahir, sənin də hər hansı uğurunu atanın
adıyla bağlasalar, bu, ədalətli iş olarmı?
Məndən hər hansı səbəbdənsə (ya əksər hallarda heç bir səbəbi
olmadan) narazı qalanların daima çeynəyib tökdükləri iftiraların
sənin yazında da yer almasını istəməzdim. Bilənlər bilir, bilmək
istəməyənlər bilməsin, mən Bakıda da, Moskvada da deputat olduğum
zaman xalqımızın ən ağrılı problemlərilə bağlı dəfələrlə çıxışlar
etmişəm, Qorbaçovla şəxsi görüşdə onunla mübahisələrim olub, yalnız
bir dəfə çıxışa yazılmadığım üçün Qorbaçovun mənə söz verməməsi
indiyəcən bədxahlarımın ən sevimli mövzularındandır. Özü də mənim
heç vaxt demədiyim, adımdan uydurduqları sözləri sən də təkrar
edirsən. Guya mən "o tərbiyənin yiyəsi deyiləm axı, ailə tərbiyəsi
görmüşəm" demişəm. Ailə tərbiyəsi gördüyüm doğrudur, amma
başdan-ayağa uydurma olan o sözləri mən heç vaxt dilimə
gətirməmişəm. Onu demişəm ki, Qorbaçov o gün çıxışa yazılmadığımçün
mənə söz vermədi, amma səhərisi gün Rəyasət Heyətində onunla yanaşı
oturan Püstə xanım Əzizbəyovanın vasitəsilə: "Mən sizin yazıçınızı
tanımamışam, söz vermədiyimçün üzr istəyirəm" sözlərini
çatdırmışdı. Ölkə başçısının bu üzrxahlığı mətbuatda da əks olunub,
amma bunu görməzliyə vururlar, çünki məqsəd ayrıdır. Yeri
gəlmişkən, Vəzirovdan da mənim heç bir şəxsi xahişim olmayıb,
ictimai-siyasi problemlərlə, həbs olunanların azadlığa
buraxılmasıyla bağlı müraciətlərim olub, amma hər dəfə bunları
aləmə car çəkməliydimmi ki, əleyhdarlarım hər şeyi öz arşınlarıyla
ölçməsinlər…
Bir dəfə Qabilin Şəhidlər Xiyabanında Ulu Öndərə yanaşmasının
necə tərs yozulması yəqin yadındadır.
Dönə-dönə "Anar yazıçı deyil" yazırsan. Yəqin, bu da bir növ
məzələnmədir, amma məncə, bu sayaq məzələnmə nə sənin, nə mənim
yaşıma yaraşır. Bu sözləri israrla təkrar edib gözlənilmədən belə
nəticəyə gəlirsən: "Anar yazıçı deyil. Amma Anar KLASSİK
yazıçıdır". Əgər bu sözlərin də zarafat deyil, səmimi etirafdırsa,
çox sağ ol, amma mən özümü canlı klassik saymaqdan çox uzağam. Eyni
zamanda yenə də sənin zənn etdiyin kimi nə yazıçıılığımı ictimai
xadimliyə, ya Yazıçılar Birliyi sədrliyinə qurban vermişəm, nə də
sənin sözlərinlə "özümü yazıçı kimi öz əlimlə silmişəm". Düşündüyün
kimi, Kəbirlinski də deyiləm, ömrüm boyu Kəbirlinskini dolamağa
çalışan Məcidlərə (o da həmin povestin personajıdır) rast gəlsəm
də.
İstərdim ki, vaxt tapıb mənim elə XXI əsrdə yazdığım
povestlərlə, hekayələrlə, esselərlə, ssenarilərlə, Bakıda,
Moskvada, Türkiyədə və son illər ona qədər başqa ölkədə nəşr
olunmuş qalın-qalın kitablarımla tanış olasan, işdir, buna macalın
yoxdursa, heç olmasa, ən son illərdə yazdığım əsərlər haqqında
Bakı, Moskva, Türkiyə mətbuatında çıxan məqalələrə, son dövr
yaradıcılığıma həsr olunmuş ayrı-ayrı kitablara baxasan. O zaman
mənim yazıçı kimi sönüb sıradan çıxmağım sarıdan nigarançılığın
qalmaz.
Əsərlərim haqqında dediyin xoş sözlərçünsə bir daha təşəkkür.
Sənə ədəbi partizanlıq fəaliyyətində ədalətli, insaflı, obyektiv
olmanı arzulayıram. Onda doğrudan da daşıdığın ata adına layiq
olarsan.
Hörmətlə
Anar
9 mart 2016