Ana səhifə Gündəm |
Millət vəkili Erkin Qədirlinin blogerə müsahibəsində özünün belə demokratik yolla seçilməsinə şübhə etdiyini bildirməsi MM üzvləri arasına bomba kimi düşüb: bunu erməniyə işləyən açıqlama sayan kim, təhqir hesab edən kim...
Ciddi müsahibənin min kilometrliyindən belə keçməyən, əyləncə-şou mahiyyətli tiktokçu açıqlamanın millət vəkillərini niyə bu qədər narahat etdiyi özü heyrətamizdir. Adamı heyrətə salan həm də odur ki, hər gün Azərbaycana qarşı bir bəyanat çıxır, əleyhimizə kampaniyalar aparılır, düşmən durmadan işləyir, nəinki bu barədə fikirlərini xarici dillərdə, heç Azərbaycan dilində oxucularına çatdırmayan, siyasətdən daha çox bizneslə məşğul olan deputatlar indi əsəbiləşəsi olublar: bir-birinin ardınca Erkin Qədirlini yıxıb-sürüyürlər...
Bu qədər şəxsi maraqmı olar? Erkin Qədirlinin sözü sizin şəxsi müstəvidə “maraqlarınıza” toxunur, ona görəmi belə hay-küy salmısınız? Bir tiktok-şou-əyləncə süjeti, cəmi bir dəqiqəyə çatmayan mənasız-məzmunsuz-hədəfsiz sual-cavaba da belə reaksiyamı verərlər?
Ruben Vardanyan “Hard Talk”da Azərbaycan əleyhinə fikirlərini onmilyonlara çatdırır – sizin reaksiyanız sıfır!
Mirzoyan artıq müharibə haqda danışır, Azərbaycan barədə siyasi müstəvidə xeyli anti-təbliğat aparandan və istəyinə əhəmiyyətli dərəcədə nail olandan sonra hərbi ritorikaya keçir – bizim millət vəkillərinin cınqırı çıxmır!
Ermənistan cidd-cəhdlə silahlanır, İran PUA-lar, raketlər, komplekslər bağışlayır, Ukraynadan silah daşınır, İrəvan orduya yatırımları artırır – millət vəkillərinin bir analitik yazısı yoxdur!
Avropa Birliyi “mülki missiya” adı ilə hərbçilərdən ibarət böyük bir komandanı Ermənistana göndərir və hər kəsə bəllidir ki, onlar monitorinq aparmağa yox, Ermənistanı “NATO standartlarına keçirməyə”, erməni əsgərlərinə təlimə gəlirlər – bir deputat bu barədə narahat olmur!
46 gündür Şuşa yaxınlığında ekofəallar sürətlə silahlanan Ermənistanın Xankəndiyə silah-sursat, əcnəbi mütəxəssis göndərməsinin qarşısını alır və əsl mücadilə verirlər - Milli Məclisin üzvlərindən bircəciyi indiyə qədər onlara baş çəkməyib!
Ancaq özlərinə aid bircə xoş olmayan şou xarakterli mənasız bir söhbətə elə reaksiya verirlər ki, sanki bu, milli məsələdir. Hətta bunu “ermənilərə işləyən açıqlama” kimi qələmə verməkdən belə çəkinmirlər.
“Ermənilərə işləmək” indiki vəziyyətdə milli məsələlərdə susqunluqdur, öz vəzifəni yerinə yetirməməkdir, şəxsi əlaqələrindən və dövlətin sənin üçün yaratdığı maddi imkanlardan ölkəmizin maraqları naminə istifadə etməməkdir, Azərbaycanın təbliğatını aparmamaqdır, düşməni izləməmək, hansı təhlükəli oyunlar getdiyini görməmək və yaxud görüb də susmaqdır!
Yalnız bahalı maşınlarının sayını artırmaqla məşğul olan biznesmen deputatların bircəciyi o maşınlardan birini satıb, Sakurla görüşə getməyi ağlından keçirirmi? Milyonları olan deputatlardan bircəciyi Qərbin nüfuzlu media qurumları ilə xoş münasibət saxlayırmı?
Son bir neçə ayda hansı beynəlxalq media qurumunda bir millət vəkilinin milli məsələ ilə bağlı açıqlaması yayılıb, Laçın yolundakı aksiyanın səbəbləri ilə bağlı hansı millət vəkili neçə xarici mediaya məlumat göndərib?
Xarici medianı bir kənara qoyun, Türkiyənin böyük media qurumlarından hansında bizim deputatların bircəciyinin açıqlaması var?
Türkiyə kritik seçkiyə girir və bu, Azərbaycanın taleyinə əhəmiyyətli dərəcədə təsir edə bilər: siz Ərdoğanın Azərbaycan üçün miqyasını bilirsinizmi? Onun seçkisinə hansı qatqı verirsiniz? Hansı biriniz Türkiyə kanallarına çıxıb, heç nə yox, Ərdoğanı niyə və necə sevdiyimizi demisiniz?
Bir dəqiqəlik mənasız şouya görə Erkin Qədirliyə nifrət püskürənlərin profilinə baxın: Ermənilər Xocalı soyqırımı zamanı çəkilən fotolardan özlərinə aidmiş kimi sui-istifadə edir; erməni deputatlar hər gün görüşlər keçirib, Qarabağdakı ermənilərin guya blokadaya alındığı, çörəyə möhtac olduğunu deyir; ermənilər delimitasiyadan qaçır, sülh sazişini imzalamır və məqsədli şəkildə ciddi qarşıdurmaya hazırlaşır – deputatlarımızın bir analitik təhlili yoxdur;
İrəvan Qarabağdan əsgərlərini çıxarmır, iş o yerə çatıb ki, azərbaycanlı operator Qarabağda Azərbaycan əsgərinin durduğu yerlə üzbəüz erməni əsgərinin dayandığını çəkib-göstərir və onunla dialoqunu da təqdim edir – Azərbaycan siyasiləri, deputatları, fəalları bundan təbliğat üçün istifadə etməyi ağlına belə gətirmir.
Millət vəkillərinin hətta Heydər Əliyev kimi nəhəng haqda yazdığı “yazıların” plagiat olduğu, “kopi-past”dan başqa bir şey olmadığı da üzə çıxır.
Dəhşətlidir – demək ki, sizlər Heydər Əliyev haqda da onun nəhəngliyini dərk etmədən, yalnız “şəxsi karyera” üçün “yazırsınız”: yazdığınız da “palaz”, taftologiya, mənasız söz yığını, quru şüarlar...
Mirzə Cəlil deyirdi, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Siz fransız senatorlardan – bizi eşitmək belə istəməyənlərdən - hansına gün ərzində həqiqətləri özündə əks etdirən məktublar göndərirsiniz? Siz AP-çılara, ATƏT-çilərə, AŞ-çılara, konqresmenlərə, senatorlara, dumaçılara... reallıqlara söykənən faktları heç olmasa, poçt vasitəsilə təqdim edirsinizmi?
Ümumiyyətlə, gün ərzində biznesinizin maliyyə hesabatını qəbul edəndən sonra vaxtınız qalırmı ki, milli məsələlərlə bağlı nəsə düşünəsiniz?
Demə, vaxtınız qalırmış – sizin “nüfuzunuza” toz qondurma cəhdləri olanda, vaxt ayıra bilirsiniz, həvəslə adamı dar ağacına çəkirsiniz.
Ancaq Azərbaycana qarşı böyük bir hiylə, məkr dolu kampaniyada, müharibə təhlükəsində yoxsunuz – heç ekofəalların da yanında deyilsiniz.
Sizin, ümumiyyətlə, ünvanına ağır sözlər dediyiniz o blogerdən mahiyyətcə fərqiniz nədir?
Tarix
2023.01.26 / 12:38
|
Müəllif
Anar
|