Mən şou-biznesdə baş verən bir çox proseslərdən
uzağam.
Bu sözləri xalq artisti Aygün Kazımovanın prodüseri Roland
Bayramov müğənni Türkan Heydərova ilə çalışmağa başlaması haqda
Axar.az-a danışarkən deyib. O, Aygün Kazımova ilə də işbirliyini
davam etdirdiyini bildirib:
"Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni
layihələr olduğu zaman jurnalistlərlə bölüşməyi üstün tuturam.
Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq
artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda
Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq.
Öncədən söyləməyim, sürpriz olsun".
Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən
danışıb:
"Bu günə qədər heç vaxt reklam dalınca qaçmamışam. Bu sənətə
təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə, "Yeni ulduz"
yarışmasından sonra təhsilimlə əlaqədar olaraq, yaradıcılığıma
fasilə verdim, indi isə yenidən sənətimə start verirəm. Məhz buna
görə də prodüser Roland Bayramovla işləməyə qərar verdim.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili
teatr aktrisası" fakültəsində xalq artisti Afaq Bəşirqızının
tələbəsi olmuşam. Bundan başqa, təhsili 2012-2013-cü illərdə
Moskvada davam etdirmişəm. Bu gün isə sözləri, aranjimanı Nadir
Nəğdpula, musiqisi Kazım Cana məxsus "Canım" adlı yeni mahnımı
dinləyicilərin ixtiyarına verirəm. Düşünürəm ki, bu mahnı
şou-biznesə qayıdışımda mənə uğur gətirəcək və insanlar tərəfindən
seviləcək".