Azərbaycanın gömrük sərhəddindən keçirilən
avtomobillərlə bağlı yeni qayda qüvvəyə minib.
Report-un
xəbərinə görə, Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş qaydaları"nda dəyişiklik edib.
Bu qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycanın gömrük
sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını
müəyyən edir.
Dəyişikliyə əsasən, avtonəqliyyat vasitəsinin müvəqqəti
gətirilmə müddəti bitənədək, avtonəqliyyat vasitəsi tranzit qaydada
keçərkən isə 72 saat ərzində aşağıdakı şərtlərdən birinə əməl
edilməlidir:
1. avtonəqliyyat vasitəsi gömrük ərazisindən geri aparılır,
2. Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük
borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsulları tətbiq
olunur,
3. avtonəqliyyat vasitəsi gömrük orqanının müəyyən etdiyi
yerlərdə gömrük nəzarəti altında saxlanılır,
4. avtonəqliyyat vasitəsinin qəza nəticəsində sıradan çıxması
barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsi tərəfindən, avtonəqliyyat vasitəsi üzərinə həbs
qoyulduqda isə bu barədə qərar qəbul etmiş dövlət orqanı tərəfindən
verilən təsdiqedici sənəd təqdim edilir,
5. xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif
tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla, sadələşdirilmiş
qaydada gömrük rəsmiləşdirilməsi aparılır.
Avtonəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən
edilmiş yerlərə gətirilməsi və ya daşınması, habelə saxlanması ilə
əlaqədar əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb
olmamalıdır.
Qeyd edilən müddətlər bitənədək, avtonəqliyyat vasitəsini
müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident ölkə
ərazisini tərk etdikdə də həmin bənddə nəzərdə tutulan şərtlərdən
birinə əməl etməlidir.
Müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin müəyyən olunmuş
müddətlər pozulmaqla gömrük ərazisindən kənara aparılmasına və ya
bu qaydaların tələbləri pozulmaqla gömrük ərazisindən kənara
aparılmamasına görə qeyri-rezidentlə İnzibati Xətalar Məcəlləsinə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Qərar bugündən qüvvəyə minib.