Qocaman şair Fikrət Sadıq ömrünün 84-cü baharını da yola
saldı. Artıq 85-in ilk vərəqlərini yazır.
Elə bu münasibətlə şairlə telefon əlaqəsi saxladım.
İstədim onun "Xatirə dəftəri"ni birlikdə vərəqləyək.
Dəstəyi xanımı götürür. Fikrət müəllimi soruşuram.
Nəzakətli səslə:
- Bu dəqiqə, - deyir. Sonra, - Ay Fikrət, səni istəyirlər.
Bir qədər gözləməli oluram. Nəhayət şairin ahıl səsi
öskürəyin müşayiəti ilə qulaqlarıma "toxunur".
- Kimdir?
- Mənəm, Faiq. Necəsiz?
- Hə, ay Faiq, ay bala, çox sağ ol ki, zəng edibsən. Necə olaram
səncə, qoca kişiyəm, xəstəyəm.
- Usta, nə qocalıq, nə xəstəlik, siz hələ çox cavanlara
nümunəsiz.
PİSƏM, XƏSTƏYƏM...
Sonra şairin ad günün təbrik edirəm və ondan
müsahibə almaq üçün icazə istəyirəm.
- Ay Faiq, pisəm. Xəstəyəm. Bala, yenə də zəng vurdun, mən də
danışa bilmirəm. Əvvəllər də bir neçə dəfə zəng vurduğumu
unutmayıb.
Şairi öskürək tutur. Çətinliklə danışır.
- Haranız ağrıyır?
- Soyuq tutub məni. Qoca kişiyəm də... Lazım deyil müsahibə.
Xətrinə dəyməsin e... səni tanıyıram. "Ədəbiyyat qəzeti"ndən
tanıyıram. Sən yaxşı oğlansan. Amma mən ağrıyıram. İnşallah işə
çıxım görüşərik.
- Nə vaxt? – soruşuram və ani olaraq düşünürəm; deyəsən,
şairin mənə xoş üz göstərməsi mənim daha da ərklə danışmama səbəb
oldu, axı. İnciməz ki?
Fikrət müəllim isə dəstəyin o biri başında vaxtı
dəqiqləşdirir:
- Bu gün ayın 29-dur. 30-a keçsin, bazar gününü də yola salaq,
təzə ayın 2-də görüşək.
Razılaşırıq.
MƏN SƏNƏ MÜSAHİBƏ VERMİRƏM
İyunun 2-də fotomüxbirimiz İsmi ilə AYB-də Fikrət Sadıqla onun
iş otağında görüşürük. Şair Abbas Abdulla və AYB-nin işçisi Məlahət
xanım da otaqdadır. Salamlaşırıq.
Fikrət müəllim:
- Sən müsahibə istəyirsən. Amma mən sənə müsahibə vermirəm.
Özümü pis hiss edirəm. Həm də... - Sözünün ardını gətirmir.
Özümü ərkyana aparıram. Yerimi rahlayıram və şairi söhbətə
tuturam. Sözü o yerdən başlayıram ki, qocaman şairi ötənlərə,
ömrünün ən çılğın, qaynar vaxtlarına apara bilim. Xatirələrini yada
salım, duyğulandırım və söhbətimiz məcrasına düşsün.
ÖZÜMÜ ATDIM BU DƏNİZƏ
- Siz dənizçi də olubsuz. Dünyanın ən qabaqcıl, ən
şanslı adamlarının əksəriyyətinin dənizlə əlaqəsi
olub...
Şairin elə bil çiçəyi çırtlayır:
- Uşaq vaxtı ürəyimdən keçdi ki, dənizçi olum. Ancaq böyüdüm,
ola bilmədim. İstədim, amma görünür az istədim. Bu sahədə çox az
işlədim. Mən gəmidə elektrik idim, zavodda işləyirdim. Xəzər
dənizinin çox yerlərində "dolaşmışam". Sonra alınmadı, Allahın işi
idi də... dənizçi ola bilmədim. Başqa bir dəniz vardı - poeziya
dənizi. Özümü atdım bu dənizə.
- Bu dənizin çox gözəl qəvvası oldunuz. Açdınız
yelkəni...
- Ona görə də dəniz mənə doğmadır. Bilirsən nə var, Qurultay
bitsin, sonra danışarıq. Sənə söz vermişəm, müsahibə verərəm...
- Mən sizi nə müddətdir görmürəm. Niyə imkan vermirsiz
ki, sizinlə söhbət edim, mənəvi rahatlıq tapım... – deyirəm və
düşünürəm ki, deyəsən, lap ağ eləyirəm, ərkim yerinə düşməyə bilər,
- özü də mən sizdən müsahibə götürmürəm, sadəcə, söhbət
edirəm...
- Hə, söhbət eləmək olar, yoxsa jurnalistin sualları ütülənmiş
olur. Xəstəyəm də... Görmürsən, öskürürəm?
Fikrət müəllimin zarafatlarından,
atmacalarından söz açıram.
Məlahət xanıma tərəf baxır:
- Qızım, buna 3 kitab bağışlayacam. Əvvəl fikirləşirdim ki,
mənim haqda o qədər də məlumatı yoxdur, verək məlumatlansın, indi
görürəm ki, məlumatı çoxdur, verək mükafatlansın... – zarafat
edir.
QIRMIZINI GÖTÜRSƏ, QOYMA
- Fikrət müəllim, sizin hazırcavab olmanızda, sözü
yerində və dəqiq demənizdə dənizçi olmanızın rolu
olub.
- Yox. Mən şamaxılıyam və şamaxılılar zarafatcıl olur... Bir
xatirə danışım. Demək, Nəriman Həsənzadənin Əhliman adında bir
qohumu vardı, indi bilmirəm sağdı, ya ölüb. Polkovnik idi. O zaman
Rabitə naziri işləyirdi. Mənə 8-ci mikrorayonda ev vermişdilər,
ancaq telefonu yox idi. Kimin imkanı var idi, dirəkləri basdırır,
xətlə telefon çəkir. Mənə də Nəriman dedi ki, get, qorxma, sən
tanışlıq ver, de Nərimanın dostuyam. Getdim onun yanına. Məni
hörmətlə qarşıladılar. AYB-nin adı ilə girdim içəri. İttifaqdan
kağız da almışdım ki, kiməm, nəçiyəm. Hamısını verdim baxdılar.
Ancaq bir nəfər məni ayıltmışdı, o da ora gedib-gələn adam idi,
demişdi ki, nazir əlinə üç karandaş götürür, biri qırmızı, biri
göy, biri də yaşıl rəng. Əlinə qırmızını götürsə, imza atmaq
istəsə, qoyma. Qırmızı rəng onun inkar cavabıdır. Ancaq yaşılla
yazsa, demək, işin düzəlir.
"T" HƏRFİ İLƏ "F" HƏRFİNİN YERİNİ DƏYİŞƏRƏM
- Mən də orada bütün dərdimi danışdım. Çox fikirləşdi, müavindən
soruşdu ki, kabel var? Dedi var, ancaq xətti çəkməmişik o
istiqamətə. Fürsətdən istifadə edib dedim ki, özü də Səməd Vurğunun
yubileyidir, mən Moskvayla da əlaqə saxlayıram, başqa şəhərlərdən
də qonaqlar gələcək. Dedim, telefonla çox danışanam. Həm də Səməd
Vurğunun xətrinə mənə hörmət edin. Fikrə getdi. Stolun üstündə bir
vərəq vardı, götürüb "telefon" yazdım. Dedim, Əhliman müəllim, mən
bütün dərdlərimi danışdım, həm Səməd Vurğunun xətrinə, həm də
xeyirxahlıq edib fağır adamı telefonla təmin edirsən. Həm də mənim
"telefon" sözünə zarafatım var. Dedi nə zarafat, dedim, telefon
sözündə "t" və "f"in yerini dəyişirsən, olur "felyeton". Bir az
baxıb dedi ki, yaman hazırcavab adamsan. Dedim, mən Şamaxıda
doğulmuşam, orada camaat sevir zarafatı. Dedi, çox çətindir, ancaq
mən nazirəm, sənə telefon verəcəm. Bir dənə dirək qoydular, o biri
binadan xətt çəkdilər, hava telefonu, həmin binada bir il tək mənim
telefonum olub, heç kəsdə telefon olmayıb. Həm zarafatıma, həm də
Səməd Vurğuna görə telefonum oldu.
Artıq Fikrət müəllimin xatirə dəftərinin
vərəqlərini çevirməkdəyəm. "Xatirə dəftəri"ni vərəqlədikcə hiss
edirəm ki, ötən günlərin xiffətini çəkir. Söhbət edir, amma hiss
edirəm ki, özü o günlərə qayıdır, o günlərlə nəfəs alır. Yeni bir
səhifəni çevirirəm:
TƏKƏRİN ALTINA DÜŞƏYDİK?
- Bir dəfə də deyəsən gənc şairlərdən biri ilə qatarda
yol gedərkən "SV"niz təkərin üstünə təsadüf edib...
- Yox, cavan şair deyildi. O
kişi indi də sağdır. Mərkəzi Komitənin məsul işçisi Xeyrulla Əliyev
idi. Qazaxa gedirdik. Hansısa tədbir olacaqdı. Onu MK-dan, məni də
AYB-dən düz bir ay qabaq ezam etmişdilər. Vağzalda görüşüb mindik
qatara. "SV" vaqon çox gözəl və səliqəli idi. Axşam yatmaq vaxtı
qalxdım ikinci qatdakı yatağa. Mən də utandım, soyunmadım, eləcə
paltarda uzandım. Necə də olmasa o, yaşca böyükdü, həm də böyük
idarədə işləyirdi. Xeyrulla müəllim soyunub yatağa uzandı. Amma
gördüm ki, yata bilmir, narahatdı. Dedi:
- Ay Fikrət, yatıbsan?
- Yox, - dedim.
Gileyləndi:
- Əşi, bu qatar çox narahat gedir, kupemiz də təkərin
üstündədir. Təkərin üstünə düşmüşük. Qazaxa çatana qədər üç-dörd
dəfə dedi bunu. Qazaxa çathaçatda mən yuxudan oyanıb düşdüm aşağı.
Dedim, Xeyrulla müəllim, bilirəm, gecəni yata bilməmisən,
narahatsan, amma sən nə fikirləşirdin, gərək təkərin altına
düşəydik?
Fikrət müəllimin səsindəki yorğunluq yoxa
çıxıb artıq. Ürəklə danışır. İsmiyə işarə edirəm ki, "silahını" işə
salsın. Artıq fotoaparatın şaqqıltısı ağsaqqal şairin eyninə də
deyil.
O YERDƏ Kİ HƏYAT VARDI...
Fikrət Sadığın xatirə dəftərinin ağrılı səhifələri də var. O
səhifələri də vərəqləmək yerinə düşərdi, düşüncəsi ilə:
- Fikrət müəllim, deyəsən geniş, rahat evə çox
çətinliklə köçmüsüz...
Gülümsəyir. Əlləri ilə uzun ağ saçlarını
alnının, gözünün üstündən geri daraqlayır:
- Bildim nəyi deyirsən, "o evdə ki, həyət vardı, həyat yox".
Mənə şəhərdə mənzil vermişdilər. Ailəli idim, bir uşağım vadı. Amma
iki nəfərdən ibarət olan ailəyə üç otaq verirdilər. Evim olan yerdə
bütün şərait vardı. Yaxında mağazalar, məktəb, iş yerindən də uzaq
deyildi. Ancaq o evin həyəti yox idi. Sonra oradan məni atdılar
səkkizinci mikrorayona. Burda otaqların sayı 3 idi. Amma ətrafda
şərait yox dərəcəsində idi. Onda mən o dörd misranı yazdım. Verdim
Mirzə İbrahimova. Bizim katibimiz idi. Mən şamaxılıyam da, başa
düşürəm, yumor hissi güclüdür şamaxılılarda. Kim başa düşdü, kim
düşmədi, onu bilmirəm. Ancaq mən o dörd misrada dedim ki:
O yerdə ki, həyat vardı, həyət yox,
O yerdə ki, həyat vardı,
həyət yox.
O yerdə ki, həyət də var,
həyat da,
Həmin yerdə adam yoxdur mən
adda...
BU MİLLƏT XIRDALANMAĞI
SEVİR
- Keçən dəfə biz telefonla
danışanda bir söz dediniz, məni duyğulandırdı. Dediniz, adamlarımız
çox soyuqdur.
- Hə, yenə də deyirəm, adamlarımız çox soyuqdur. İyirmi il
bundan əvvəl belə deyildi. Abbas müəllim də bilir, o zaman adamlar
mehriban idi. Nə isə ümumi bir şey vardı, ancaq indi o yoxdur,
parça-parçadır. Əhməd öz Əhmədlilərini və Əhməd kəndini, Səməd öz
Səmədli kəndini fikirləşir. Ona görə də insanlar bir-birindən
soyuyub. Atam rəhmətlik deyirdi ki, Şamaxıda şamaxılılar öz yerli
camaatını təəbələrə bölüb. "Təəbə" təhrif olunmuş sözdür, təbəqə
sözüdür əslində. Yəni bu "Şifminaz" məhəlləsidir, bu "Qalağayın",
bu "Minaxor" məhəlləsidir, bura köçəri türklər, bura İrandan
köçmələr yığışır və s... Məhəllə-məhəllə tanıyırdılar, bilirdilər
kim kimdir. Ona görə də atam mənə öyrədirdi, deyirdi ki, sən onlara
qulaq asma, ola bilsin, sən deyərsən atam filan məhəllədəndir, səni
istəməzlər. Sən bu söhbətə fikir vermə. Şamaxı bütövdür, böyükdür
deyə fikirləş. Mən gözümü açdım, təbəqələşmə gördüm, elə indi də
elədir. Bu millət xırdalanmağı sevir, özü özünü xırdalayır. Bu
insanların içində eqoizm, paxıllıq var. Bütün dünyada paxıllığın
səviyyəsini ölçsələr, ən yüksək paxıllıq Azərbaycandadır.
- Bunu siz müşahidələrinizə, başınıza gələn hadisələrə
söykənib deyirsiniz də...
- Gördüklərimi, olanları deyirəm. Görmüşəm, görməsəm
demərəm..
(ardı var)