1964-cü ildə Sovet İttifaqı üçün o dövrdə sensasiya sayıla
biləcək dəhşətli bir hadisə baş verir: Sovet qırıcısının pilotu
hərbi təyyarə ilə birlikdə Türkiyəyə qaçır və orada siyasi
sığınacaq alır.
1961-ci il böhranından kifayət qədər uğurlu çıxan və
hegemonluğunu bir daha sübut edən, hərbi-iqtisadi-siyasi gücü ilə
dünyaya meydan oxuyan Sovet İttifaqında bu cəsarəti kim göstərə
bilərdi? Dünyanı bir KQB kabusu dolaşdığı məqamda bu addımı atan
şəxs Sovet xəfiyyəsinin əlindən qurtula biləcəyini necə düşünə
bilərdi?
Bu, o illər idi ki, Sovet kəşfiyyatı ABŞ-ın özündə əməliyyatlar
keçirirdi: Con Kennedi olayından tutmuş ABŞ aliminin bir gecəyə
oğurlanıb-qaytarılması və ixtirasının ələ keçirilməsinə qədər elə
bir mif dolaşırdı ki, KQB-ni dünyanın ən mükəmməl kəşfiyyatı
imicinə yüksəltmişdi.
Yalnız bir düşüncə yardım edə bilərdi. 1964-cü ildə Sovet
İttifaqında Xruşşov loyallığı hələ tamamilə çəkilməmişdi və
"Brejnev buntu" dəmir çətiri daha da qalınlaşdırmamışdı. Bütün
bunların KQB casuslarının dünyanı saran fəaliyyətinə aidiyyəti
olmasa da, ölkədən qaçıb da salamat yaşamağa kiçicik bir stimul
verə bilərdi.
Hər nədirsə, əksəriyyətimizin əsl ad-soyadını və hansı zərurətin
onu rəsmi Ankaraya sığınmağa məcbur etdiyini bilmədiyimiz,
Türkiyədə "Mehmet Altunbay" kimi tanınan soydaşımızın izinə
düşürük. Sırf təsadüfən Bakıya gəlmiş Türkiyənin tanınmış iş
adamlarından Necati Keserdən dostlar vasitəsilə xəbər tuturuq ki:
Mehmet Altunbay adlı belə bir azərbaycanlı varmış və Necati bəy
onunla birgə işləyibmiş.
Əslində, Necati bəy onun haqqında daha çox məlumat öyrənmək üçün
Azərbaycanda Mehmet bəyin taleyi ilə maraqlanıb. Amma burda məlum
olub ki, Bakıda onun haqqında ümumiyyətlə bilgi yoxdur.
Sovet sistemi bu hadisəni elə yat-yut edib ki, təyyarənin
qaçırılması da Mehmet Altunbayın varlığı kimi ilğıma çevrilib.
Əlbəttə ki, belə olmalıydı: kimsənin ağlının ucundan belə keçə
bilməzdi ki, Sovet qırıcısını oğurlamaq, qaçırtmaq və bir NATO
ölkəsinə sığınmaq, hətta sağ-salamat, ömrünü sonacan yaşamaq
olar.
İlk ip ucu kimi vaxtilə "abi" deyib yanında işlədiyi Mehmet
Altunbay kimi tanınan azərbaycanlının vətəninə indi iş adamı kimi
sərmayə qoymağa gələn Necati bəyi aradıq.
AZƏRBAYCANI AYRI TUTMAQ
OLMAZ
Beləliklə, Necati bəylə Bakıdakı böyük və yaraşıqlı "Kessa"
mebel evində görüşdük. Bizi səmimi qarşıladı. Əl tutduq:
- Bakıya xoş gəlmisiz, - dedik.
Gülümsər çöhrəsində doğmalıq yuvalamışdı:
- Xoş bulduq, - dedi, əlimizi sıxdı.
Söhbətə girişməzdən öncə cavabı məlum olan sualları da verməkdən
yan keçmədim:
- Azərbaycan sizin üçün Türkiyə kimi
doğmadırmı?
- Yüz faiz, heç ayırmaq olurmu?
- İstanbuldamı olursunuz?
- Xeyr. Ankarada.
O BİZİM ATAMIZ KİMİ İDİ
Qısa gəzişmədən, tanışlıqdan sonra məqsədimizin nə olduğunu
açıqlamağın vaxtı çatır:
- Mehmet bəyi necə xatırlayırsız?
- 50 il öncənin söhbətini eləyirəm. O, mənim müdirim idi. 14-15
yaşlarım vardı, onun sexində şəyird kimi çalışırdım. İki il sonra
usta oldum. Məhmət abini oradan tanıdım. Onu bir də çox sonralar -
1985-1986-cı illərdə gördüm. 1987-ci ildə vəfat etdiyini eşitdim.
Çox üzüldüm. "Necə xatırlayırsız", - deyə soruşdunuz. Məhmət abini
sizə necə təsvir edim?! O zamanlar uşaq idik. O, bizim atamız kimi
idi. Yanında hər şeyi danışa bilmirdik. Amma zaman ötdükcə məni çox
istəməyə başladı. Elə çox istədiyi üçün də arada mənimlə söhbət
edərdi. Bizim çalışdıgımız atelyenin dəftərxanası vardı. Məhmət abi
gəlib o dəftərxanada oturardı. Onun atelyesi Etemizkurtdaydı.
UZUN-UZADI FİKİRLƏŞƏN QƏRİB
- Nə sexi – atelyesi idi elə? Məhmət bəy nə işlə məşğul
olurdu ki?
- O qədər də böyük olmayan bir sex idi. Hərbi hissələrə,
əsgərlərin yataqxanalarına sobalar düzəldilirdi. O da Etemizkurtda
idi və bu onun öz sexi deyildi. Lal və karlara kömək etmək üçün
onların sexini icarəyə gotürmüşdü. Həm onlar istifadə etsin, həm də
hazırlanan sobaları ordumuza çox ucuz verirdik. Etemizkurtla
Ankaranın arası 20 km idi. O zaman gediş-gəliş də asan deyildi,
marşrut, avtobus yox idi. Gündə 4 dəfə qatar gedərdi. Məhmət abi o
trenlə gəlib dəftərxanasında oturar, pəncərədən uzaq meşəliyə
baxaraq uzun-uzun, qərib-qərib düşünərdi. Bəzən mən saata fikir
verərdim. Bu qədər eyni yerə baxıb da fikirləşmək mümkündürmü, -
fikirləşərdim...
HAQQINDA EDAM QƏRARI
- Necə bir insan idi? Başqalarından nə ilə
fərqlənirdi?
- Məhmət abi, Allah rəhmət eləsin, film aktyoru kimi çox
yaraşıqlı bir adam idi. Çox mədəniydi. Həmişə ona həsəd aparırdım.
Mənə elə maraqlı gəlirdi ki, axı bu adam kimdir? Türkcəsi pis idi.
Danışıqda hiss olunurdu. Sonra öyrəndik ki, hərbi məktəbdə komandir
imiş. Rus rejimi türk vətəndaşının hərbi məktəbdə komandanlıq
etməyini istəməmişdi. Dediyinə görə, 1964-cü ildə haqqında edam
qərarı da çıxarılmışdı. Ondan sonra Türkiyəyə qaçmışdı.
"501 NÖMRƏLİ HÜCRƏ"
- Ailəsi vardımı Azərbaycanda?
- Azərbaycanda ailəsi olduğunu bilirdik. Amma neçə uşağı
olduğundan xəbərsizdik. Gündəliyinə Azərbaycanla bağlı xatirələrini
yazırdı. Bir dəfə iş otağına girdim. Ağ kağızda yazdıqlarını
gördükdən sonra azərbaycanlı olduğunu bildim. O vaxta qədər heç
bilmirdim ki, yer üzündə belə bir məmləkət var.
Sonra yazdıqları xatirələri toplandı. Onun haqda film çəkmək
istədilər. Özü bunu istəyirdi. Parası filmin çəkilişinə yetərli
olmadığından bizim əsgərlər para toplayıb filmi başa çatdırdılar.
Flimdə 20-25 nəfər dövlət aktyoru çəkildi. "501 numarali hücrə"
filmi idi bu. Filmin 200-cü saniyəsində mən də varam. Məhmət abi
çox istədiyi üçün mənə də rol verdi. İndiyə qədər bir dəfə də olsun
izləyə bilməmişəm o filmi. Təsadüfən iki gün əvvəl oğlunu İsveçrədə
tapdım.
- Oğlunun adı nədir?
- Oqtay.
- Soyadı Altunbay gedir?
- Hə.
AZƏRİ SOYADINI BİLMƏDİM
- Necati bəy, siz Məhmət bəyi görüb tanıdığınız zaman
soyadını Altunbay kimi təqdim etdi? Yoxsa Azərbaycan türkcəsində
soyadı başqa idi?
- Mən onun Azərbaycan soyadını heç vaxt bilmədim. Elə Altunbay
kimi tanıdım onu.
- O öz idarə etdiyi təyyarəsi ilə uçub gəlmişdi
Türkiyəyə?
- Mənim bildiyimə görə, hə.
- O zamanın 14-15 yaşlı uşaq olaraq könlünüzdən hər
hansı bir istək keçirdimi ki, macəralarından bəhs etsin
sizə?
- Əlini öpərdim. Evinə gedərdim. 14-15 yaşında buyurduğu
işlərinin ardıyca qaçardım. Mənə etibar edərdi. 15 yaşımda o sexin
usta başçısı oldum. Çox sevdiyi üçün hər şeyi mənə əmanət etmişdi,
məndən böyük işçilər mənim tabeliyimdə idi.
MƏNİ GÖRƏNDƏ SEVİNDİ
- Bəs, uzun illər necə oldu ki, bir-birinizdən ayrı
düşdünüz?
- Mən Məhmət abi ilə fasiləsiz işləyə bilmirdim. Orduya soba
lazım olduğu zaman sifariş verilirdi. İş bitdikdən sonra da
gözləyirdik ki, yenidən iş verilsin, işləyək. Ona görə mən başqa
işə, mebel işinə getdim. Sonra əsgər oldum. Əsgərlikdən gəldikdən
sonra Məhmət abini tapa bilmədim. O da həmin işlərdən vaz keçmiş,
başqa işlərlə məşğul olmağa başlamışdı. Sonra 1985-ci ildə bir
ortağımın sayəsində yenidən görüşdük. Mənim böyüdüyümü görəndə çox
sevindi.
O FİLMİ "OYNADA" BİLMƏDİ
- Belə hiss etdim ki, o zaman onun işləri yaxşı
getməyib.
- Bəli, o filmə görə ziyana düşdü. Filmi sata bilmədi, nümayişi
az oldu.
- Bütün varını filmə qoymuşdu?
- Bəli, Azərbaycanı tanıtmaq üçün bütün imkanlarıni filmə
yatırdı. Filmdə rusların Azərbaycanda elədiyi zülmlər
göstərilirdi.
- Bəs rusların Ankarada səfirliyi? O özünə qarşı hər
hansı bir basqı hiss edirdimi? Yaxud siz onun hansısa təhlükədən
ehtiyatlandığını hiss edirdinizmi?
- Vallah, o vaxtlar mən uşaq idim, heç nə hiss eləmirdim. Amma
indi siz bu sualı verdikdən sonra gözümün qabağına gətirirəm ki,
Məhmət abi həmişə həyəcanlı idi, nədənsə ehtiyatlanır, narahat
olurdu. Yeriyəndə, danışanda, yanına tanımadığı kimsə gələndə
dəyişirdi. İndi siz deyəndə yadıma düşdü onun o hərəkətləri. Amma o
zaman biz uşaq olduğumuz üçün bilmirdik. Bəli, çox güman ki, Sovet
kəşfiyyatı onu güdürdü...
(ardı
var)