Aşıq Maqsud Fəryadi Azərbaycan
əsillidir. 1961-ci ildə Qarsın Arpaçay kəndində dünyaya göz açıb.
1989-cu ildən İstanbulda yaşayır. Türkiyənin "Ulusal" kanalında
proqram aparıcılığı edən Maqsud Fəryadi eyni zamanda aşıqlıq
sənətini yaşadaraq Azərbaycanı layiqincə təmsil edir. Tanınmış
aşıqla görüşümüz də onun aşıq musiqisinə olan marağının haradan
qaynaqlanmasından, ümumilikdə aşıq şerinə, musiqisinə olan
münasibətdən bəhs etdik. İstanbulda söhbətimiz də elə Azərbaycandan
başladı:
- Maqsud bəy, Türkiyə doğumlu olsanız da, əslən
Azərbaycan türküsünüz. Azərbaycan xalqı, aşıqları ilə bağlı
fikirlərinizi bilmək istərdim.
- Düz buyurdunuz. Dədələrim Azərbaycandan gəlmədir. Biz burada
özümüzü Azərbaycandan kənar hiss etmirik. Azərbaycan musiqisi,
həmişə bizim iç dünyamızı oynadıb, bizi özümüzə, soy-kökümüzə
qaytarıb.
- Azərbaycan zaman-zaman parçalanıb, Azərbaycan türkləri
millət olaraq bir-birindən kənar düşüb. Sizcə musiqinin, aşıq
sənətinin mənəvi birliyinə nail olduğu bu millət nə vaxtsa birləşə
bilərmi?
- Bilirsiniz ki, bədəni idarə edən başdır. Baş olmasa, bədən
idarə oluna bilməz. Əl ayrı hərəkət edər, ayaq ayrı. Bu gün bizim
dərdimiz böyükdür. Azərbaycan türklərinin bir qismi İranda,
Türkiyədə, Gürcüstanda, İraqda parçalanmış şəkildə yaşayır.
Millətin birləşməsi üçün gərək xalqımız savadlı, məlumatlı olsun.
Bu istiqamətdə əsas vəzifə bizim sənət adamlarının - aşıqların,
şairlərin, qəzetçilərin üzərinə düşür. Gərək bizlər xalqımızı
düzgün istiqamətləndirək. Xalqın maariflənməsi əsasdır. Millət
keçmişini bilməlidir. Xəbərdar olmalıdır ki, haradan gəlib hara
getdiyini bilsin. Xalqımızın Babəkə, Rəsulzadəyə, Atatürkə ehtiyacı
var.
- Azərbaycan aşıqları ilə hər hansı ünsiyyətiniz
var?
- Azərbaycandakı aşıqları demək olar ki, tanıyıram. 1993-cü
ildən Azərbaycanla əlaqələrim var. Tez-tez gedirəm. Sizdə sənət üst
səviyyədədir. Bu gözəldir. Aşıq sənətinə dərin maraq və diqqət var.
Aşıq Ələsgərdən, Dədə Qasımdan, Tufarqanlı Abbasdan və digər böyük
aşıqlardan oxuyurlar. Eyni zamanda bizə ozanlıq da lazımdır.
Aşıqlarımız bizə xalqın yaşadığı problemləri də çatdırmalıdır.
İnsanımızın, məmləkətin dərdlərini dilimizə gətirməyimiz lazımdır.
Mən Türkiyədə yaşayıram, amma Qarabağ üçün yazdığım əsərlərim var.
Azərbaycanda da gözəl tanınan əsərlərimdən birində deyildiyi
kimi:
Nə çilələr çəkdim mən bu yollarda,
Məchulə sürüldüm yenə ölmədim.
Nə qanlar qeyb etdim bu
meydanlarda,
sırtımdan vuruldum, yenə ölmədim.
Qoç Koroğluyam, Dadaloğluyam,
Dağlarda aslanam, dillərdə dastan.
Bu cür əsərlərlə qoçaqlıqları Koroğlunu, Babəki, Fizulini,
Nəsimini cəmiyyətə düzgün çatdıra bilsək yaxşı olar. Bu
insanlarımızın nə etdiyini, onların mübarizəsini gənclərimiz
bilmir. Əgər gənclərimiz bu şəxsiyyətlərin kim olduğunu, nələr
etdiyini dərindən bilsələr, mən əminəm ki, aramızdan bizləri
birləşdirmək gücündə olan insanlar çıxacaq.
- Qarabağ savaşının həyəcanını necə
yaşayırsınız?
- Bütün Azərbaycan xalqının başı sag olsun, deyirəm.
Şəhidlərimizin, onların ailələrinin önündə baş əyirəm və Allah
şəhidlərimizə rəhmət etsin, deyirəm. Məsələn, mən öz televiziya
proqramlarımda Qarabagla bağlı söhbətlər açıram, mövzular təşkil
edirəm, öz seirlərimi oxuyuram, yəni səsim hara qədər çatarsa, ora
qədər də danışıram. Məlumdur ki, bu Ermənistan-Azərbaycan məsələsi
başdan ayağa oyundur. Ermənilər təcavüzkardır və bu torpaqlardan
təcili rədd olub getməlidirlər. Azərbaycanın ərazi bütövlüyü bərpa
olunmalıdır. Məcburi köçkünlər, qaçqınlar öz yurduna dönməlidir. Ən
acı verən budur ki, dünya bu işğalı sadəcə seyr etməklə məşguldur.
Türkiyənin bu istiqamətdə etdiyi çıxışlar var ki, bu çıxışalar
sadəcə Azərbaycanı məmnun edir. Azərbaycan xalqı yaxşı bilir ki,
Türkiyə bu məsələdə onun yanındadır. Türk hökuməti Ermənistanla
sərhədlərini bəlkə də indiyəcən açardı. Amma Türkiyə xalqı buna
imkan vermədi. Bunla bağlı mitinqlər təşkil edildi, seminarlar
keçirildi.
- Siz bir ozansız. Şeirlər yazırsız. Azərbaycan
ədəbiyyatı sizə nə qədər tanışdır?
- Özüm aşıq olduğum üçün Azərbaycandakı aşıq ədəbiyyatını yaxşı
bilirəm. Bir çox ədəbiyyatçıların, yazarların kitabları var məndə.
Mən Fizulini, Nəsimini oxumuşam, bilirəm. Türkiyədə Azərbaycan
ədəbiyyatını insanlara aşılayıram. Başa salıram. Əslində, 75 milyon
əhalinin sadəcə iki-üç milyonu Azərbaycan dilini başa düşür. İndi
75 milyona Fizulinin, Nəsiminin qəzəlini başa salmaq Aşıq Ələsgəri
başa salmaqdan çətindir. Mən bunu əsasən televiziyadakı
proqramlarda danışıram, türk xalqına aşılayıram. Neçə illərdi mən
bu işi görürəm. Əlimdən gələni həmişə tək başıma etmişəm.
Azərbaycanda çoxlu jurnalist, yazar dostlarım var. Şair Məmməd
İsmayılla ailəvi dostuq. Hətta iki ay əvvəl Qazax rayonunda "İncə
dərəsinin incə günləri" festivalı keçirildi. Ora dəvət
almışdım.
- Türkiyədəki siyasi prosesləri necə
görürsünüz?
- İndi Türkiyədə cərəyan edən hadisələr çox fərqlidir. On iki
ildir AKP iqtidardadır. Ərdoğan "yeni müxalifətə ehtiyac var",
deyir və haqlıdır da. Mənə elə gəlir ki, müxalifət vaxtında lazımı
addımları ata bilmədi. Müxalifətin yanında olan insanların
danışıqlarına baxırsan, görürsən ki, adamlar çox haqlıdır. Amma
nədənsə xalqın yüzdə 52-si Ərdoğana səs verdi. Buna görə də kimsə
bu seçimə bir şey deyə bilmir. Ən əsası isə, nə yaxşı ki, Türkiyə
bu bölgədəki ərəb ölkələri kimi deyil. Əgər Türkiyə qarışsa, bütün
bölgə qarışar. Və bunun qarşısını kimsə ala bilməz.