Ana səhifə Toplum |
"ABŞ liderləri gec-tez etiraf edəcəklər ki, Azərbaycanla
bağlı strateji maraqlar var və onları müdafiə etmək
lazımdır".
APA-nın məlumatına görə, bunu "Vestnik Kavkaza" nəşrinə
müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza
deyib.
Hələlik Vaşinqtonun bu məsələdə tələsmədiyini qeyd edən diplomat
bildirib ki, bir neçə aydan sonra strateji düşünən insanlar
Azərbaycana diqqət yetirəcək və vəziyyət yaxşılaşacaq.
M. Brayza Azərbaycandakı durumu şərh edən bəzi amerikalı
siyasətçilərin ölkəmizdə baş verənləri dərk etməməsindən
təəssüfləndiyini bildirib: "Bu siyasətçilər sözü havaya sovururlar.
Onlar Azərbaycanı, ölkədəki durumu anlamırlar. Onlar bu
fikirdədirlər ki, Azərbaycan yalnız korrupsiya, insanlar haqları və
demokratiya sahəsində böyük problemləri olan ölkədir. Lakin əgər
ABŞ-dakı həmkarlarım burada olsaydılar, əsl problemləri görərdilər
və dərk edərdilər ki, hər şey elə də asan deyil. Üstəlik, əgər
Obama Səudiyyə Ərəbistanına kömək etməklə, strateji maraqların
müdafiəsindən danışırsa, Azərbaycanla münasibətdə bunu etmək
olmazmı?"
ABŞ-ın Cənubi Qafqaza az diqqət yetirdiyini deyən diplomat bildirib
ki, ABŞ-ın strategiyası olmalıdır, bu strategiyanın ilk addımı isə
Vaşinqtonun regionda maraqlarının müəyyənləşdirilməsidir.
"Vaşinqton regiona demək olar ki, heç diqqət göstərmir. Regionda üç
ölkə var. İqtisadiyyat, əhali və strateji quruculuq baxımından ən
aktiv şübhəsiz ki, Azərbaycandır. Lakin hər bir ölkənin öz
xüsusiyyəti var. Şübhəsiz ki, Rusiya bölgədə böyük rol oynayır.
Ancaq Azərbaycan müstəqil dövlətdir, özü də tarixində ilk dəfə öz
taleyini müstəqil şəkildə müəyyənləşdirə bilir", - deyə
vurğulayıb.
ABŞ-ın Qarabağ nizamlanması ilə bağlı yanaşmasına gəldikdə, M.
Brayza Vaşinqtonun bu problemlə yetərincə maraqlanmadığını bildirib
və qeyd edib ki, ABŞ rəhbərliyi danışıqlarda dönüş anına nail olmaq
üçün Azərbaycan və Ermənistan prezidentlərinə siyasi dəstəyə dair
təminat verməlidir: "ABŞ prezidenti də vaxtilə Medvedevin etdiyi
kimi, vaxtaşırı Əliyev və Sarkisyanla birbaşa görüş keçirməlidir.
Obama bu münaqişənin ABŞ üçün əhəmiyyətli olduğunu nümayiş
etdirməlidir".
M. Brayza həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinə və onun
nizamlanmasına marağı digər vasitələrlə də təmin etmək mümkündür:
"Azərbaycan diasporu bu məsələdə türk diasporu kimi daha fəal rol
oynaya və ABŞ-da rəy formalaşdıra bilərdi. Bu, yaxşı olardı, lakin
yenə də yetərli olmazdı. Lakin əgər Bakı, ya İrəvan, yaxud da hər
ikisi eyni vaxtda hansısa addımlar atsaydı və prezidentlər birbaşa
danışıqlar aparmağa hazır olduqlarını bəyan etsəydilər, bu,
ABŞ-dakı məmurların diqqətini cəlb edəcək pozitiv səs-küy
yaradardı".
Tarix
2015.01.31 / 14:44
|
Müəllif
Axar.az
|