Ana səhifə Toplum |
"Azərbaycanda 2014-cü ilin rəsmi statistikasına əsasən,
narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.
Onlardan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614
nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir".
Bu barədə Publika.az-a Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin
sədr müavini Leyla Yolçiyeva məlumat verib. L.Yolçiyevanın
sözlərinə görə, onlardan 666 nəfəri anonim müalicə alanlar, 52
nəfəri isə toksikomanlardır.
L.Yolçiyeva bildirib ki, ən çox narkotik vasitə Azərbaycanın cənub
bölgəsində istifadə olunur: "Lənkəranda, Masallıda, Cəlilabadda
narkoisfadəçilərin sayı daha çoxdur və onların yaş həddi də
aşağıdır. İstifadəçilər arasında 12-13 yaşlı yetkinlik yaşına
çatmayan məktəblilərə də rast gəlinir. Respublikamızda məktəbyaşlı
uşaqlar arasında 14 yaşlı bir nəfər, 15-17 yaş həddində isə 5
nəfər, ümumi olaraq 6 nəfər narkotik istifadəçisi var. Azyaşlıların
narkotikdən istifadə etməsi isə onların daha çox məlumatsız
olmalarından irəli gəlir".
Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi
statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını
müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt
üzrə inkişaf edir.
Xatırladaq ki, 2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların
sayı 27 min 910 nəfər təşkil edib, 2011-ci ildə Azərbaycanda
narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.
Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü
ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki,
2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528
nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi
olaraq narkoman qadınların sayında 26 nəfər artım var.
Azərbaycana tranzit ölkə olduğuna, Rusiyanın qara bazarlarına,
Avropa ölkələrində satıldığına görə bizə ən çox narkotik İrandan və
Əfqanıstandan gətirilir. Əfqanıstandan gətirilən narkotik
Amerikaya, Avropa ölkələrinə, digər ölkələrə aparılır.
L.Yolçiyevanın sözlərinə görə, bu səbəbdən ölkəmizdə narkotik
istifadəçilərinin mövcud olması real hadisədir.
Qeyd edək ki, narkomanların bəziləri müalicə üçün həkimə çox gec
müraciət etdiklərinə görə, onlara kömək etmək çox çətin olur.
Tarix
2015.07.03 / 00:37
|
Müəllif
Axar.az
|