Ana səhifə İqtisadiyyat |
Bu gün Bakı şəhər Baş Gömrük İdarəsində Azərbaycanda
sahibkarlıq fəaliyyəti ilə məşğul olan aparıcı iş adamları ilə
görüş təşkil olunub.
Publika.az-ın
məlumatına görə, sözügedən görüş Prezident İlham Əliyevin sədrliyi
ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında səsləndirdiyi müvafiq məsələlərə həsr
olunub.
Sahibkarlar qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK)
sədr müavini Şahin Bağırov bildirib ki, bu cür görüşlər
Azərbaycanda hökumət-biznes əlaqələrinin daha da sıxlaşmasına və
ölkədəki biznes mühitinin inkişafına gətirib çıxaracaq. Onun
sözlərinə görə, Dövlət Gömrük Komitəsi hər zaman Azərbaycan
iqtisadiyyatının rəqabətli və sağlam inkişafına dəstək verir: "Bu
gün sahibkarlarla keçirilən görüşdə Azərbaycan Prezident
Administrasiyasının da məsul nümayəndəsi iştirak edir. Burada bizim
sahibkarlarla aparacağımız qarşılıqlı müzakirələr hesab edirəm ki,
gələcəkdə dövlət-sahibkar münasibətlərinin daha da inkişafına
gətirib çıxaracaq".
Ş.Bağırov qeyd edib ki, son illər Azərbaycan Prezidenti tərəfindən
sahibkarlığın inkişafı istiqamətində böyük və uğurlu addımlar
atılıb: "Cənab Prezident bu sahədə hüquqi müstəvinin daha da
genişləndirilməsi, sahibkarlıq subyektlərinin hüquqlarının
müdafiəsi, qanunsuz yoxlamaların qarşısının alınması, yeni
üsulların tətbiq edilməsi və yeni çağırışlara cavab verilməsi
istiqamətində uğurlu addımlar atıb. Bu gün bizim qarşımızda duran
əsas məsələlərdən biri də səmərəli dövlət tənzimlənməsi
tədbirlərinin həyata keçirilməsi və bazar iqtisadiyyatına əsaslanan
formaların tətbiq edilməsi ilə bağlıdır. Bütün bu məsələlər cənab
Prezident tərəfindən imzalanan sənədlərdə və "Azərbaycan 2020:
Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapıb".
Komitə sədrinin müavini söyləyib ki, Azərbaycanda sahibkarlıq
sahəsində işgüzar mühitin yüksəldilməsi üçün bütün dövlət
qurumları, o cümlədən gömrük orqanları qarşısında konkret vəzifələr
qoyulub. Onun sözlərinə görə, gömrük orqanlarının əsas
vəzifələrindən biri də Azərbaycanda sahibkarlıq işinin sərbəst
fəaliyyətinə dəstək verilməsini təmin etməkdir: "Bununla yanaşı,
yeni üsulların tətbiqi və qanunvericilik tələblərinə cavab vermək
məsələnin vacib tərəfidir. Bilirsiniz ki, son dövrlər dünya
iqtisadiyyatında olduğu kimi, ölkə iqtisadiyyatında da müəyyən
dəyişikliklər baş verib. Son vaxtlar Azərbaycana idxal edilən
malların həcmi bir qədər azalıb. Bunun da əsas səbəbi ölkədə yerli
istehsalın güclənməsidir. Yerli istehsalın daha da gücləndirilməsi
üçün bütün zəruri tədbirlər görülür. Bunun nəticəsi olaraq idxal
mallarının həcmində azalmalar baş verir".
Ş.Bağırov bildirib ki, Azərbaycanda biznesin inkişafı üçün əlavə
imkanlar yaradılmalıdır: "İdxalın çeşidinin genişləndirilməsinə və
daha yaxşı məhsullarla əvəz edilərək ölkəyə gətirilməsinə, həmin
malların gömrük rəsmiləşdirilməsi prosesindən operativ
keçirilməsinə və biznes subyektlərinə normal xidmət şəraitinin
yaradılması vacibdir. Bununla bağlı tərəfimizdən tədbirlər planı
müəyyən edilib. Bu sahədə əlavə hansı işlərin görülməsinə ehtiyac
varsa, bu barədə də sahibkarların özlərindən birbaşa təkliflər
eşitməyə hazırıq. Mən burada iştirak edən sahibkarlardan xahiş
edirəm ki. hər hansı təklifləri varsa, bildirsinlər. Burada açıq
müzakirədir, hər kəs öz təklifini səsləndirə bilər. Çünki cənab
Prezident bizim qarşımızda konkret vəzifələr qoyub. Biz də
sahibkarlığın inkişafına yardım göstərməliyik. Ölkəmizin iqtisadi
potensialın daha da gücləndirilməsi üçün müvafiq tədbirlər
görməliyik. Bu baxımdan da hesab edirəm ki, bu gün keçirilən görüş
həm bizim üçün, həm də sahibkarlar üçün çox maraqlı olacaq".
Daha sonra Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov
ölkə prezidentinin keçirdiyi son müşavirədə bəzi dövlət
orqanlarının fəaliyyətsizliyini və öz vəzifələrinin öhdəsindən
layiqincə gələ bilməməsini, xüsusilə də ölkədə sahibklarların
sərbəst fəaliyyətinə süni maneələr yaradılmasını tənqid etdiyini
xatırladıb: "Azərbaycan Respublikası Prezidentinin ölkədə
sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının
alınması barədə 28 sentyabr 2002-ci il tarixli fərmanı ilə gömrük
orqanları qarşısında mühüm vəzifələr qoyulub. Həmin fərmandan sonra
sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin xeyli artmasına
baxmayaraq, bu sahədə mövcud olan bəzi problemlər gömrük orqanları
tərəfindən mərhələli şəkildə aradan qaldırılıb. Sahibkarların
fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılması üçün gömrük
orqanları ilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici
sahibkarların əlaqələri genişləndirilib, onların fəaliyyətinə
yerli-yersiz və əsassız yoxlamalar aparılmasının qarşısı alınıb,
qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan
şəxslərə qarşı aparılan mübarizə sərtləşdirilib, ədalətli rəqabətin
daha da gücləndirilməsi imkanları yaradılıb. Ümumiyyətlə,
Azərbaycanda iş adamlarının haqlı narazılığına səbəb olan bir çox
maneələr aradan qaldırılıb. Baş verən bu dəyişikliklər son nəticədə
gömrük orqanları qarşısında qoyulan əsas vəzifələrdən ən vacibi
hesab edilən gömrük vergi və rüsumlarının yığımına da müsbət təsir
edib. Həmçinin, bu, dövlət büdcəsinin mədaxil hissəsinin
formalaşmasına da birbaşa müsbət təsir göstərib".
V.Novruzov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən 26 fevral 2011-ci il tarixli 45 saylı "Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial
müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların
sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi
tədbirlər haqqında" fərman imzalanıb: "Fərmanın icrası ilə bağlı
Bakı Baş Gömrük İdarəsində qanunvericiliklə müəyyən edilmiş bütün
gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə
ödənilməsini təmin etmək üçün müxtəlif banklara aid 14
poçt-terminal quraşdırılıb. Həmin vaxtdan etibarən, nağd qaydada
ödənişlərə birdəfəlik son qoyulub və bu sahədə şəffaflıq təmin
edilib. Bundan əlavə, Bakı şəhər Baş Gömrük İdarəsində gömrük
xidmətlərinin şəffaflığını və operativliyini artırmaq məqsədilə
elektron idarəetmə sistemi yaradılıb. Bununla da sahibkarla idarə
rəisi arasında birbaşa rabitə xətti quraşdırılıb".
V.Novruzov daha sonra bildirib: "Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 saylı fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac
əməliyyatlarının tənzimlənməsi qaydaları"na və bu qaydalara əlavə
edilmiş dəyişikliklərə ölkə prezidenti və hökumətin digər normativ
və hüquqi sənədlərinə istinad edərək nəzərinizə çatdırıram ki,
mülkiyyət hüququndan və tabeçiliyindən asılı olmayaraq bütün hüquqi
və fiziki şəxslər heç bir maneə olmadan vergi və rüsumları
ödəməkdən azad olmaqla, yalnız gömrük rəsmiləşdirilməsi haqqı
ödəməklə daxildə istehsal olunan mal və məhsulları sərbəst şəkildə
xarici ölkələrə ixrac edə bilərlər. Bu növ ixrac əməliyyatlarının
sayının və çeşidinin çoxalması cənab prezident İlham Əliyevin
önəmli hesab etdiyi məsələlərdən biridir. Bu, ölkənin ixrac
potensialının inkişafını sürətləndirir, Azərbaycana xarici valyuta
axınını çoxaldır və bunlar da öz növbəsində ümumdaxili məhsulun
artmasına səbəb olur".
Daha sonra o, tədbirdə iştirak edən sahibkarlara müraciət edərək,
şəffaflığın təmin olunması üçün daha sıx əməkdaşlıq şəraitində
çalışmağa çağırıb.
Sonra tədbir KİV üçün qapalı şəraitdə keçirilib. Qapalı keçirilən
görüşdə bir sıra sahibkarların təklifləri dinlənilib, müzakirələr
aparılıb.
Tarix
2015.07.29 / 15:54
|
Müəllif
Axar.az
|