Ana səhifə Toplum |
Axar.az tanınmış jurnalist Mir Şahinin "Naşir" jurnalına müsahibəsini təqdim edir:
- Gözümüzü açdığımız andan yumacağımız ana kimi bir yol
gedirik. Siz də Mirşahin Ağayev olaraq bəlli bir yol qət etmisiniz.
Geri dönüb bu yola nəzər salanda sizi daha çox nələr sevindirir və
nələr incidir? Bəlkə, ömrünüzün ötən çağına qısa bir səyahət
edək.
- Hamının ömrü kimi mənə də bu ömrü Allah verib. Mən də öz alnıma
yazılanları yaşayıram. Amma alına yazılma və necə yazılma hələ hər
şey deyil, əsas məsələ budur ki, o yazını necə oxuyuruq. Məncə,
bunu oxumağa savadım çatır. Yardımlının Pirenbel kəndində bir
ruhani-iqtisadçı ailəsində doğulmuşam. Atam həm bu dünya, həm də o
dünya üçün saymağı öyrədib. Ailəmizdə mən qarışıq 10 uşaq olub.
Yazmağı anam, düşünməyi atam öyrədib. Çətin günlərimiz də, asan
günlərimiz də olub. Amma geri dönüb baxanda görürəm ki, məni bunlar
nə kədərləndirib, nə də sevindirib. Sevinc və qüssə səbəblərim
tamam başqadır. İnanmazsınız, amma mən ona kədərlənirəm ki, yaş
keçir... "Hayıf bir iş görməyə macal tapmadım, daha çox iş görə
bilərdim və s."lər kimi boğazdan yuxarı sözlər deyib ətinizi
tökməyəcəm. Yaş keçir. Mən bu dünyadan o dünyaya doğru gedirəm. Və
nə qədər qəribə səslənsə də... deyim ki, bunu istəmirəm. Yaşamaq və
çoxlu yaxşılıqlar etmək istəyirəm. Özü də ona görə yox ki, o
dünyada Allah mənə əvəzini cənnətlə-filanla verəcək. Ay nə bilim,
"yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək!"
Qətiyyən yox. Mən yaxşılığı yalnız ona görə etmək istəyirəm ki,
bunu etmək mənim xoşuma gəlir. Deyəsən, cənnətin də, cəhənnəmin də
nə olduğunu başa düşmüşəm. Vicdan rahatlığı - cənnət, vicdan əzabı
- cəhənnəmdi. Hər şey bu qədər sadə... Tərcümeyi-halım o qədər də
zəngin deyil. Üç cümlədən ibarətdir: Doğulmuşam. Yaşayıram..
Öləcəyəm.
- Niyə jurnalistikaya gəldiniz və bu gün jurnalistika sizin
üçün nədir?
- Görünür ona görə ki, bunu çox istəyirdim. İlk reportajım
"YAUZA-207" maqnitofonuna yazılıb. Mart ayının 21-i ərəfəsində atam
hədiyyə almışdı. 1975-ci ildə... Novruz bayramı münasibətilə ailə
üzvlərimizdən müsahibə almışdım. Səsimi ilk dəfə eşitdiyim o gün
dəqiqliklə yadımdadır. Bir az batıq, kəndimizin montyoru Səxavətin
ortancıl oğlu Nadirin səsinə oxşar bu səsə öyrəşmək çox çətin idi
mənə. Amma sonradan öyrəşdim. Deyəsən, elə mənim kimi başqaları da.
Necə deyərlər, səsim özümə xoş gəlir... Jurnalistika mənim üçün ilk
növbədə ünsiyyət vasitəsidir. Həm cəmiyyətə verə biləcəyim fayda,
həm də vura biləcəyim ziyan arasında səndələyən məşğuliyyət.
Yaşımın bu həddini - 52-ci ilimi və sözün həqiqi mənasında, daha
bundan sonra istəsəm də əlimdən başqa bir işin gəlməyəcəyini nəzərə
alsaq, belə də demək olar: jurnalistika mənim həyatımdır, yəni
bəlkə də, verdiyim reportajları bir yerə yığmaq mümkün olarsa,
ömrümün videoversiyasını qismən bərpa etmək olar.
- Mirşahin müəllim, bəlkə, bizi Jurnalistika fakültəsində
oxuduğunuz illərə qaytarasınız...
- Jurnalistika fakültəsi nadir fakültədir ki, oranı heç vaxt
bitirmirsən. O həmişə davam edir və sən sadəcə olaraq, günlərin bir
günü o fakültəyə, auditoriyaya baş çəkəndə görürsən ki,
müəllimlərinə - Şirməmməd müəllimə, Cahangir müəllimə, Akif
müəllimə imtahan verməyə gəlirsən... O illərdən mənim yadımda o
qədər fraqmentlər qalıb ki... Şirməmməd müəllimin fantastik zəkası
və şəxsiyyəti, Zinyət xanımın amansız və məsum tələbkarlığı, Tofiq
Rüstəmovun həmişə "bığ yeri yenicə tərləyən" ziyalı həyası,
Cahangir müəllimin səmimi təbəssümü arxasında gizlənən geniş
intellektual baqaj...
- Universitetin Jurnalistika fakültəsində Cahangir müəllim
peşəkar telejurnalistdən söhbət düşən kimi misalları sizdən
gətirirdi. Mirşahinin bir telejurnalist kimi peşəkarlığını -
özünüzü necə qiymətləndirirsiniz?
- Bu sual, yəqin ki, mənə deyil - mənim haqqımda olsa da. Mən öz
müəllimlərimin tələbəsiyəm. Və yəqin ki, Mirşahini tərifləmək
əslində, özünü tərifləməyin diplomatik üsuludur. Deyim ki, pis üsul
deyil və bu mənim xoşuma gəlir... Peşəkarlıq və tələbkarlıq
bir-birini doğurur. Hər kəs öz sahəsinin peşəkarı olanda faydalı
olur. Mənə görə peşəkarlıq vətənpərvərlikdən də vacibdir. Məsələn,
təsəvvür edək ki, əsgər vətənini dəli kimi sevir. Amma atəş açmağı
bacarmır, ya da peşəkar atıcı deyil... Və ya həkim vətənpərvərdir,
amma peşəkar deyil... Allah göstərməsin, mən nə pis vətənpərvər
əsgər, nə pis vətənpərvər həkim, nə də pis vətənpərvər jurnalist
olmaq istərdim. Heç istəmirəm də.
- Siz neçə illərdir ki, taleyinizi ANS-lə bağlamısınız. Bu
telekanala tamaşaçı gözü ilə necə baxırsınız?
- Yaxşı, çox yaxşı, lazımlı, etibarlı kanal kimi. Azərbaycanın ən
yeni tarixinin dürüst salnaməçisi kimi. Mən Azərbaycanı ANS-siz
təsəvvür belə edə bilmirəm. Məncə, ANS olmasaydı, Azərbaycanda çox
şeylər başqa cür olardı. Bizim kanal vətəndaşın dövlətlə rabitə
yaratmasında mühüm rol oynayıb. ANS xəbərin və xəbərçiliyin
mahiyyətini dəyişib. Amma məni bağışlayın, mən kanalımıza tamaşaçı
kimi baxıb onu, bəlkə də, düzgün qiymətləndirə bilmərəm... Ona görə
ki, mən onun tamaşaçısı deyil, işçisiyəm və ona da öz işim kimi
baxıram.
- Siz telemüsahibələrinizdə respondentinizə çox "ərk"
edirsiniz, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla
müsahibənizdə ilk sualınız çoxlarının yadındadır: "Cənab səfir, -
dediniz. - Siz bu Azərbaycanın daxili işlərinə niyə qarışırsınız?"
Yaxud mərhum Çingiz Aytmatovla qısa bir müsahibədə onun "ermənilər
və siz" deyərək, sizin fikrinizcə, özünü türklükdən ayırmasına iki
dəfə irad tutdunuz... Bunu başqa jurnalist etsəydi, respondent, özü
də o boyda respondentlər, yəqin ki, çox narazı qalardılar. Sizdən
niyə incimirlər?
- Bəlkə də, inciyirlər. Amma bu, önəmli deyil. Axı mən bu sözləri
deyəndə kiminləsə öcəşmirəm, sadəcə, soruşuram. Həm də müsahibə
aldığım insanların böyük əksəriyyəti ilə tarixdaşıq. Bu mürəkkəb
zamanı onlarla birlikdə yaşamışıq. Məni aldatmaq o qədər də asan
deyil. Məsələn, mən Şuşa şəhər İcra Hakimiyyətinin başçısından
işğal ərəfəsində şəhərin bankında qalmış külli-miqdarda pulun
aqibətinin necə olduğunu soruşuramsa, o, "pul hesabdan hesaba
keçirilir, o boyda pul necə mənimsənilə bilərdi?" - deyə cavab
verərkən bilməliydi: həmin pullar şəhərdən yük maşınında kisələrlə
çıxarılıb və təsadüfən də mən o kisələrdən birinin üstündə
oturmuşam... Və belə təsadüflər çoxdur...
- Sizin "Milli metr" proqramınızın adı dil faktı kimi son
dərəcə böyük bir tapıntıdır. Bu ad necə yarandı?
- Sadəcə. Düşündüm və tapdım. Metr - fransızca "müəllim", "öyrədən"
deməkdir. Millini də ki, bilirsiniz. Yaxşı ki, lazım olanda lazımi
sözlər yadıma və yerinə düşür...
- Müsahibələrinizi izlədikcə diqqət etdiyim məqamlardan
biri də budur ki, həmişə sözlərdən qənaətlə və yerində istifadə
etməyi məharətlə bacarırsınız. Sətiraltı sözləriniz və cümlələriniz
üstünlük təşkil edir... Bunun zəminində nə durur?
- Bilmirəm. Mən, sadəcə, bacardığım işi görürəm. Sətiraltılar isə
Azərbaycan dilini və məntiqi pis bilməməyimdən irəli gəlir. Həm də
mən televiziyada çalışan qəzet jurnalistiyəm. Yəni naturamda
qəzetçi, publisist birisi dayanır. Mən yaxşı bilirəm ki, məsələn,
"texnikanın dərdi" nədir, "dərdin texnikası" nə. Birində taxıl
sahələrində ilişib qalmış kombayn, o birisində isə Füzulinin
Məcnunu dağınıq görkəmi ilə dayanıb....
- Sizin ədəbi dairələrə yaxınlığınız ədəbiyyata sevginizi
göstərir. Çox müxtəlif üslublu şair və yazıçılar sizin
müsahibləriniz olur: Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Vaqif
Səmədoğlu... Sizcə, ədəbiyyatsız cəmiyyətin mövcudluğu hansı
problemlərə və xaosa yol aça bilər?
- Ədəbiyyat, ilk növbədə, adamı ədəbə öyrətmək üçündür. Sonrakı
məsələlər, janrlar, üslublar, müxtəlif məktəblər təfərrüatdır. Mən
ədəbiyyatı qəlizləşdirənləri, özünü fərqli göstərən ən böyük yazıçı
və şairləri əsl mahiyyətdən və hədəfdən müxtəlif adlarla
uzaqlaşmağa çalışan adi hoqqabazlar adlandırıram. Təbii ki, bunu
dahiyanəliklə edənlər də olur. Onları da qeyri-adi hoqqabazlar
adlandıraq. Məncə, böyük ədəbiyyat cəmiyyəti bəşəriyyətə çevirməyin
ən ümumişlək yoludur. Bu yol sevgiyə, azadlığa, inkişafa və
mübarizəyə aparmalıdır. Ədəbiyyat insanı heyvanlaşmağa qoymayan bir
neçə səbəbdən və vasitədən biridir.
- Mirşahin Ağayev təvazökar insandımı? Müsahibələrinizin
birində demisiniz ki, təvazökarlıq riyakarlıqdı əslində. Bunun alt
qatını, bəlkə, açasınız bir az...
- Təvazökarlıq pis xüsusiyyətdir. Ona görə ki, bu olan deyil,
görünən, daha doğrusu, göstəriləndir. Əslində, təvazökar insan
yoxdur. Hətta kimsə "mən təvazökaram!" deyirsə, bu artıq özündən
deməkdir. Məncə, təvazökarlıq Sovet İttifaqında doğulmuş və onunla
bərabər ölməli olan, amma heç cür ölə bilməyən mənəvi
xortdanlıqdır. Axı necə ola bilər ki, nəsə edəsən və əvəzində sənə
xoş sözlər desinlər, sən də qayıdıb etiraz edəsən ki, yox, nə
danışırsınız, mən bu sözlərə, bu mükafata layiq deyiləm?! Təsəvvür
edin. Messi qol vurur və sakit şəkildə yerində durur. Onu
qucaqlamaq istəyənləri də özündən itələyir ki, "yaxın gəlmə!"
Gülməlidir axı. Mən qol vururamsa, ondan doğan sevincimi də
layiqincə nümayiş etdirməliyəm... Amma bu zaman maykamı soyunub
hansısa qadağan olunmuş jestə yol verirəmsə, bu başqa məsələ... Qoy
sarı kart göstərsinlər...
- Dünyanın ruhsuz halını təsəvvür edə
bilirsiniz?
- Hə. Amma gərək bunun üçün dünya fırlanmaya, dayana və biz ona
baxaq.
- İstənilən cəmiyyət mənfiliklərdən xali deyil. Günümüzdəki
problemlərin mənbəyini nədə və harada görürsünüz?
- İnsanların özlərinin yaratdığı qanunlarla barışmaq bacarığına
malik olmamasında. Bu hər yerə aiddir. Misirə də, Birləşmiş
Ştatlara da, Azərbaycana da. Və bir də tamahda. Tamahkar insan elə
bilir ki, "Allah" "Al!" sözündəndir...
- "Kaş ki"ləriniz oldumu heç?
- Əlbəttə. O qədər. Elə biri bu: kaş ki, bu sualı mənə
verməyəydiniz...
- Yaş üstünə yaş gəldikcə nə baş verir, artan çox olur,
yoxsa azalan?
- Yaş həmişə azalır. Onun üstünə heç nə gəlmir. Yaş azalmaqdan
başqa heç nəyi bacarmır. Ona görə də bir klassikin fikri ilə
razıyam: "Dünyada ən pis şey həyatdır, ona görə ki, ondan
ölürsən..."
Tarix
2015.08.02 / 14:16
|
Müəllif
Axar.az
|