Məzahir Süleymanovu xalq tanımır. Əbülfəs Qarayevin
Allah atasına rəhmət eləsin ki, artist olmayanları xalq artisti
elədi.
Axar.az xəbər verir ki, bunu Akademik Milli Dram Teatrının
tanınmış aktyoru Əli Nur deyib. Aktyor Ölkə.az-a geniş
müsahibəsində Sumqayıt Dövlət Teatrının aktyoru, xalq artisti
Məzahir Süleymanov barəsində açıqlama verib:
"O mənə demişdi ki, heç bir teatr məni qəbul etmir. Dedim, səni
Sumqayıt teatrına apararam. Soruşdu ki, məni ora işə götürərlər?
Cavab verdim ki, zamin duracağam.
Ağakişi Kazımov Azərbaycanda bir neçə teatrın baş rejissoru
olub, professordu. Girdim onun qəbuluna və Məzahir Süleymanovun
xahişini etdim.
1977-ci ildə "Poladəridənlər" əsərinin məşqi zamanı Məzahir mənə
yaxınlaşıb dedi ki, özümü öldürmək istəyirəm. Səbəbini soruşdum.
Dedi ki, yoldaşım mənə xəyanət edib. Məsləhət gördüm ki, elədirsə,
boşanın. Məlum oldu ki, yoldaşı həm də bunu evdən qovub".
Ə.Nurun sözlərinə görə, Məzahirin yoldaşının kimin sevgilisi
olduğunu da öyrənib: "Bundan sonra altı ay Məzahiri evimdə
saxladım. Gedib qadınla danışdım. Zina adlı qadın idi. Dedim ki,
Zina, bu aktyoru bədbəxt eləmə, get ərizəni ver, boşan. Dedi, onun
hünəri var boşansın, mən boşanmıram. Məzahirin o qadından iki uşağı
var idi. Qadını bir az sıxma-boğmaya salandan sonra boşanma haqda
ərizə yazmağa razı oldu. Mən boşatdırdım. Çünki arvad onu it yerinə
qoymurdu".
Aktyor söyləyib ki, Məzahir yoldaşından ayrılandan sonra onu çox
adamlara elçi göndərib: "Elçi getdiyim adamlar deyirdilər ki, biz
sənə ərə gedərik. Amma bu gözləri göy, dişləri seyrək kürənə
getmərik. Bunu Məzahir özü də eşidirdi, bilirdi".
M.Süleymanov isə Ə.Nurun sözlərini qismən
təsdiqləyib: "Əli Nurun intihar etmək istəməyimlə bağlı dedikləri
40 il əvvəl olub. Mən heç vaxt ona yaxınlaşıb belə söz deməmişəm.
Bəli, 38 il əvvəl yoldaşım mənə xəyanət etmişdi. Amma bu barədə ona
deməmişəm.
Dərdimi elə adamlara açmıram. Ancaq birinci ailəm xəyanət
ucbatından dağılmışdı, həyat yoldaşım mənə xəyanət etmişdi. Ailədə
belə hadisələr olur da. Bəli, onu düz deyir".
M.Süleymanovun dediyinə görə, 6 ay onun evində yaşamayıb: "Evim
yox idi ki, onun evində yaşayırdım? Biz qonşu idik. Deyir ki, guya
mənim üçün elçi gedib. Tamamilə yalandır. Ümumiyyətlə, bu adam
şizofrenikdir. Onun sözünə ciddi münasibət bəsləmək də heç düzgün
deyil".