Yuxarı

Niyə bu qədər yalan danışırıq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə evində olduğum bir isveçli ailəsində sıradan, adi bir hadisə məni düşündürdü.

Gənc ata və ana hansısa bir şənliyə getmək üçün bir yaş yeddi aylıq olan uşaqlarını babasının yanına qoyacaqdılar. Valideynlərinin getmək havasını hiss edən Vinsent (uşağın adı belədir) ağlamağa başladı. Düşündüm ki, indi babası uşağın başını qatacaq ki, ata-anasının getdiyini görməsin və onlar geri qayıdana qədər uşağın ağlamamağı üçün min cürə yalan uyduracaq: nə bilim, ananın dişi ağrıdı, həkim atana iynə vuracaq və sair və ilaxır...

Amma düşündüyüm kimi olmadı. Ana hər şeyi olduğu kimi ağlamsınan uşağına anlatmağa başladı: "Vinsent, biz ad günü şənliyinə gedirik, sən babanın yanında qalacaqsan, çünki uşaqları ora aparmaq olmaz".

Uşaq anasını nə qədər anladı, nə qədər başa düşdü, bilmirəm, amma nə olursa-olsun, gedilən yerə aparılmayacağını, ata-anasının gedəcəyini və babasının yanında qalacağını hiss etdi. Ağlaya-ağlaya babasının qucağında pəncərədən ata-anasına əl elədi və... sonra da həqiqəti qəbul etdi, başı qarışdı.

Məni düşüncələrim bir az uzağa apardı. Bəlkə, bizə o qədər də qorxulu görünməyən bu kiçik yalanlarla özümüz də bilmədən uşaqlarımıza hələ balacalıqdan yalan danışmağı öyrədirik. Bəlkə buna görədir ki, isveçlilər yalan danışmağı sevmirlər və buna vərdiş etməyiblər.

Bir az ağır görünə bilər, amma İsveçdə ölümcül xəstəliyə tutulmuş adamın qohum-əqrəbasına, ailəsinə deyil, birbaşa özünə xəstəliyi barədə məlumat verilir, yəni nə olursa-olsun, adam həqiqəti bilməlidir. İsveçdə yalanın rəngləri - ağ yalan, sarı yalan, bəyaz yalan - olmaz. Yalan yalandı – nə qarası, nə bəyazı?!

Hətta bizim dilimizdə bəzi ifadələr var ki, onlar İsveç dilinə tərcümə olunduqda çox qorxulu səslənər. Bizsə gündəlik danışığımızda bu cür ifadələri tez-tez işlədərik. Məsələn, "səni öldürərəm", "canını alaram", "gözünü çıxardaram" və başqa təcavüz xarakterli sözlər... İsveçdə bu cür ifadələr həqiqət kimi başa düşülər.

Burada uşaqlar lap kiçik yaşlarından yeməyini özü yeməlidir. Üst-başı, ağız-burnu, oturduğu masanın altı-üstü yeməyə bulaşar, amma yenə də özü yeyər.

Bağçaya gedən uşaqlar hava şəraitindən asılı olmayaraq, çox vaxt bayırda olarlar (onu da deyim ki, İsveçdə günəşli və isti hava asanlıqla ələ düşən şey deyil) və onlara "üst-başını palçıq eləmə", "suya girmə" və s. kimi qadağalar qoyulmaz. Bu sizə qəribə görünə bilər, amma əyninə isti və güvənli kombinezon geyinmiş uşaqların qarlı havada istədiyini eləməsi, qarın içində dombalaq aşması, quru yerdən deyil, məhz gölməçələrin içindən keçərək suyu şappıldatması, palçıqla oynamağın ləzzətini dadması, qumda eşələnməsi həzzi çox gözəldir...

Qızım Nərgiz Füzuli meydanının yanında yerləşən bir bağçaya gedərdi balaca olanda. Azərbaycanın belə gözəl hava şəraitinə baxmayaraq, onları çox az halda bayıra çıxarardılar, balaca bir bağçanın içində dördbucaq şəklində basdırılmış oturacaqlarda oturardılar, ayaqlarını yelləyərdilər.

Mən İsveçdə 8 ildən artıq yaşamağıma baxmayaraq, hələ də azyaşlı görəndə onunla uşaqca, sözləri əyə-əyə, uşaq dili ilə danışıram, çünki belə görmüşəm, belə öyrəşmişəm. Bir isveçli şəxs uşaqla heç vaxt bu şəkildə danışmaz.

İsveçdə bağçaların, məktəblərin missiyası tək elə təhsil vermək deyil, eyni zamanda, onların tez böyüyüb ata-anasından asılı olmadan ayaqları üstündə durmasına yardım etmək, haqlarını, hüquqlarını, vəzifələrini yaxşıca bilməsinə yardımçı olmaq, azad, rahat bir şəkildə düşünə bilmək, qərar vermək, fikir yürütməyi aşılamaqdır. Bunun üçün onları lap körpəlikdən hazırlayırlar...

Tarix
2015.11.23 / 15:00
Müəllif
Şəlalə Əbil
Şərhlər
Digər xəbərlər

Bakı və Moskva restoranlarının fərqi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla