Azərbaycan mühacirət tarixinin önəmli bir mərhələsi də
İkinci Dünya müharibəsi illərinə aiddir. Almaniyanın ardıcıl
qələbəsi, SSRİ üzərinə gözlənilən hücum mühacirətdə yaşayan keçmiş
azərbaycanlı siyasi liderlərin də aktivləşməsinə səbəb
olmuşdu.
Alman hökuməti hələ SSRİ-yə hücum etməmişdən qabaq da Qafqazda
onlara yardım edə biləcək siyasilərlə ilkin əlaqələr qurmuşdu.
Hələ 1941-ci ilin mayında Berlinə dəvət olunan Məhəmməd Əmin
Rəsulzadəyə Almaniya hökumətinin Qafqaz məsələləri üzrə müşaviri
olmaq təklif edilmişdi. Rəsulzadə
isə bu əməkdaşlıq təklifinə müqabil 4 şərt irəli sürmüşdü. Bu
şərtlərdən ən əsası Azərbaycanın azadlığı idi: "Azərbaycan almanlar
tərəfindən azad edildiyi təqdirdə həm daxili, həm də xarici
siyasətdə müstəqillik alacaqdır".
Almaniya hökuməti isə qalibiyyət və məğlubedilməzlik
əhval-ruhiyyəsi ilə hələ ki, bu şərtləri qəbul etmək istəmirdi.
Onlar Qafqazdakı siyasi vəziyyətlə bağlı qərarlarını ərazi
bolşeviklərdən təmizlənəndən sonra vermək niyyətində idilər. Lakin
Almaniyanın 1941-ci ilin sonunda Moskva ətrafındakı uğursuzluğundan
sonra hökumət siyasi mühacirlərin nüfuzundan istifadə etməyə,
legionların təşkil edilməsinə qərar verdi.
1941-ci ilin avqustundan etibarən Sovet əsirləri milliyyətlərinə
görə bölünüb, ayrıca düşərgələrdə yerləşdirilməyə başlanıldı.
1942-ci ilin yanvarından etibarən isə Sovet İttifaqının qeyri-rus
xalqlarının nümayəndələrindən ibarət Şərq legionlarının
yaradılmasına start verildi.
Alman Baş Komandanlığının təklifi
İnternet üzərindən auksionda aldığım bir broşürdə azərbaycanlı
əsgərlərin Hitler ordusuna keçmələri üçün onlara verilən vədlər
qeyd olunub. Broşür latın qrafikasında çap olunub. Çünki
legionerlərin Almaniyada çıxardıqları "Azərbaycan" qəzeti də latın
qrafikası ilə çap olunurdu və böyük ehtimalla bu broşün mətnini də
onlar hazırlayıb. Digər tərəfdən, Sovet ordusunda vuruşan
azərbaycanlı əsgərlər latın qrafikası ilə təhsil aldıqları üçün
müraciət həmin qrafika ilə hazırlanıb .
Qeyd edək ki, bu işlə "Fəal Təbliğat" xidməti məşğul olurdu. Bu
xidmətin əsas vəzifəsi sovet ordusunun hərbi qulluqçularını
almanlar tərəfə keçməyə çağıran vərəqə və plakatların, eləcə də,
almanların ön cəbhədə istifadə etdikləri lent yazılarının
hazırlanmasından ibarət idi. Bu vərəqələr SSRİ-də yaşayan xalqların
- Azərbaycan, gürcü, rus, erməni, qumuq, kalmık, çeçen və tatar
dillərində tərtib edilmişdi .
Broşürün mətni belədir:
"Azərbaycanlılar!
Öz günəşli Vətəninizə, öz doğma torpağınıza, sizi səbirsizliklə
gözləyən öz arvad-uşaqlarınızın yanına geri qayıtmaq
istəyirmisiniz? Qalibiyyətli alman ordusu tərəfindən azad edilən
yerlərdə; kəndlilər Hitlerin aqrar reforması sayəsində yenidən
xüsusi torpaqlara sahib olmaqla, xüsusi mal-qara saxlamaq hüququna
malik olmuşlar.
Siz yenidən azad edilən torpaqda azad kəndli olmaqmı və ya köhnə
qaydalara qayıtmaqmı istəyirsiniz? Yenə də kolxozlara, sovxozlara
möhtac olmaq, talançı hazırlıqlara, fəlakətə, NKVD-nin zülmlərinə,
köləliyə məruz qalmaq və ya sürgünlərə və icbari işlərə qayıtmaqmı
istəyirsiniz?
Bolşevizmin və bununla bərabər və xüsusən özünün mütləq məhvini
görən Stalin, əlacsız can çəkişmələrində sizi yeni hücumlara qovur.
Stalin öz məhvinin vaxtını uzatmaq məqsədilə Amerika və İngiltərə
kapitalistləri ilə birləşmişdir. O, bu qış bütün qüvvəsilə hücuma
keçməyi amerikan və ingilis kapitalistlərinə vəd etmişdir. Alman
qoşunları özlərinin yaxşı hazırlanmış qış pozisiyalarında istirahət
etdikləri və ilin ən yaxşı vaxtında döyüşə hazırlandıqları bir
halda, Stalin sizi ac və yarımçılpaq bir vəziyyətdə hücuma və qəti
ölümə göndərir.
Azərbaycanlılar!
Bu əqilsizliyi bitirməyin vaxtı çatmışdır. Azərbaycanlı
qardaşlarınızın dəstələrində birləşiniz. Alman silahı atəşindən
məhv olmağı gözləməyin. Bizim tərəfimizə inamla gəliniz! Sizin
arvad-uşaqlarınız, ata-analarınız və qohum-qardaşlarınız buna şad
olacaqlar və bizə isə təşəkkür edəcəklər! Sizdən hər hansınız bizim
tərəfimizə könüllü keçərsə, biz onunla bir dost kimi rəftar
edəcəyik. Öz xalqının gözəl gələcəyini qurmaq işində ona hər cür
imkanlar veriləcəkdir.
Azərbaycan azad olacaqdır!
Azərbaycanlılar, Vətəninizi azad etməyə kömək edin!
Almaniya Baş Komandanlığı".
Keçmək vəsiqəsi:
"Bu vəsiqə Qızıl Ordunun çoxlu miqdarda döyüşçü, komandir və
siyasi işçilərinə məxsus olmaqla, müharibənin sonuna qədər
etibarlıdır. Hitlerin yeni əmri üzrə bizim tərəfimizə könüllü
keçənlərlə biz xüsusi olaraq yaxşı rəftar edirik.
Onlara xüsusi vəsiqələr veririk. Almaniya komandanlığı hərbi
əsirlərin familiyalarını elan etmir. Çalışmaq istəyənləri öz
ixtisasları üzrə işə təyin edirik. Özünüzlə şinel və koteloq
götürməyi unutmayın.
Alman qoşunlarının tərəfinə vəsiqəsiz də keçmək olar. İki əlini
qaldırıb: "Stalin kaput" və ya "Ştıki v zemlyu" çığırmaq kifayət
edər".
Dilqəm Əhməd (Yazı müəllifin tezliklə çap
olunacaq "Mühacirlərin dönüşü" kitabındandır).
Teleqraf.com