Mayın 6-da Kanadanın paytaxtı Ottava şəhərində
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 93
illiyi münasibətilə anım mərasimi təşkil edilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Ottava
şəhərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar
iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil
Hüseynli ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasındakı rolundan, ölkəmizin
nüfuzunun dünyada möhkəmlənməsi sahəsində müstəsna xidmətlərindən,
xarici siyasətçilər arasında böyük hörmətindən söhbət açmışdır.
Azərbaycanın bugünkü uğurlarından söhbət açan müvəqqəti işlər
vəkili vurğulamışdır ki, əsası Heydər Əliyev tərəfindən qoyulan
xarici və daxili siyasət prinsipləri hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan
soydaşlarımızın təşkilatlanması sahəsinə xüsusi diqqət və qayğısı
barədə də fikir mübadiləsi aparılmışdır.
Tədbir zamanı ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film
nümayiş etdirilmişdir.