Qarabağ
planının vaxtı son dərəcə məxfi saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata keçiriləcək.
Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli
açıqlama verib. Politoloqun sözlərinə görə, Rusiya prezidentinin
səfəri ilə bağlı ortaya atılan məlumatlar ermənilərin Putinə son
yalvarışlarının nəticəsidir:
"Ermənilər Azərbaycan ordusunun məhz mayın 8-də Şuşa
istiqamətində hücuma keçəcəyini nəinki gözləyirmiş, hətta Moskvanı
da buna inandıra bilmişdilər. Rus hərbi kəşfiyyatı da müəyən
məlumatlar toplamışdı ki, guya Azərbaycanın bütün silah növləri,
hətta qırıcı təyyarələri də təmas xətti boyunca təlim uçuşları
həyata keçirir və mayın ilk ongünlüyündə sözügedən hücum planı baş
tuta bilər. Görünür, hər ehtimala qarşı Rusiyanın özü də bu məsələ
haqqında dəqiq informasiya toplamadığından Putinin Bakıya gəlməsi
xəbəri ilə hadisələri bir növ təxirə saldı. Putinin belə bir
darmacalda, Qələbə bayramına hazırlaşdığı vaxtda Bakıya səfəri
nəyisə həll edə bilməzdi. Bu dezinformasiya müəyyən mənada öz
rolunu oynasa da, əslində, Azərbaycana Dağlıq Qarabağ üçün daha
əlverişli şərait yaratdı. Qarabağ planının vaxtı son dərəcə məxfi
saxlanılmaqla ani bir qərarla prezidentin əmri ilə həyata
keçirləcək".
ATƏT-in Minsk Qrupunun fəaliyyətində diplomatik aktivlik
müşahidə edilmədiyini deyən politoloq bu kontekstdə Medvedyevin
Bakı görüşünə toxunub:
"Rusiyanın baş naziri Bakıda olanda Azərbaycanın bölgədə sülhün
yaradılması ilə bağlı konseptual planı ilə tanış oldu. Aprel
gərginliyi də sübut etdi ki, Azərbaycanın bu planı sırf ərazi
bütövlüyümüzün təmin edilməsinə yönəlikdir. Laçın və Kəlbəcərin
qaytarılmasının ikinci mərhələyə saxlanılması məsələsi Bakı
tərəfindən rədd edildikdən sonra Rusiya bunu Azərbaycan tərəfinin
maksimal mövqelərdə dayanması kimi qiymətləndirdi. Ermənistan isə
bundan istifadə edərək mülki əhalimizi yenidən atəşə tutdu. Bütün
bunlar isə Azərbaycanın irimiqyaslı təlimlər keçirməsinə təkan
verdi. Təlimlər artıq başa çatmaq üzrədir, döyüş vəziyyəti isə
yüksək səviyyədədir. Nə Ermənistan, nə Rusiya, nə də üçüncü bir
dövlət bölgədə ədalətli sülh yaratmağa hazırdır. Bu isə bölgədə
sülhün yalnız hərbi yolla mümkünlüyü fikrini gücləndirir".