Ana səhifə Gündəm |
"Diffamasiya" mövzusunda təşkil edilən bugünkü tədbir
uzun müddətdir Azərbaycanda hərtərəfli müzakirə olunan məsələlərdən
biridir. "Diffamasiya haqqında" qanun layihələri bir təşəbbüs kimi
2005, 2011 və 2013-cü illərdə hazırlanıb, onların ətrafında geniş
ictimai müzakirələr təşkil olunub. İctimai müzakirələrin nəticəsi
göstərib ki, insanların mətbuat səhifələrində təhqir olunması
hallarının yüksək, medianın iqtisadi müstəqilliyi zəif və siyasi
qütbləşmənin güclü olduğu bir zamanda belə bir qanunun qəbul
edilməsi əks effekt yarada, məsələni daha da mürəkkəbləşdirə
bilər.
APA-nın
məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin
İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa İttifaqı
və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin
"İfadə və media azadlığı" layihəsi üzrə Bakıda keçirilən dəyirmi
masada çıxışında deyib.
Ə. Həsənov qeyd edib ki, ilk növbədə mətbuat orqanlarının
iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalist peşəkarlığının
artırılması istiqamətində tədbirlər həyata keçirilməli, mətbuatın
siyasi qütbləşməsinin səviyyəsi aşağı enməlidir və yalnız bundan
sonra müvafiq qanunun qəbul olunması məsələsinə baxıla bilər:
"Həmçinin, ictimai rəyin bu yeniliyə hazırlanmasını ehtiva edən bir
sıra zəruri tədbirlərin həyata keçirilməsi lazım idi. 2007-ci ildən
sonra Azərbaycanda Avropa Şurası, ATƏT, Avropa Birliyi, beynəlxalq
jurnalist təşkilatları ilə birgə jurnalist peşəkarlığının
artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş və
müsbət nəticələr əldə edilib. Azərbaycan prezidentinin fərman və
sərəncamları ilə qəzet redaksiyalarına, informasiya agentliklərinə
birdəfəlik maliyyə yardımları ayrılıb, jurnalistlərin sosial
müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirilib".
Ə. Həsənov bildirib ki, 2008-ci ildə "Azərbaycan Respublikasında
kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi"
Konsepsiyasının hazırlanması, həmçinin 2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun yaradılması və onun fəaliyyətinin təşkilində qarşıya
qoyulan əsas vəzifələr söz və məlumat azadlığının çərçivəsinin
genişləndirilməsi, KİV-in müstəqilliyinin təmin edilməsi, bu sahədə
neqativ halların aradan qaldırılması, jurnalist peşəkarlığının
yüksəldilməsi, cəmiyyətdə tənqidə dözümlülüyün artırılması və digər
bu kimi məsələlərin həlli olub".
"2009-cu İldə Azərbaycan Prezidenti cənab İlham Əliyev konkret
mövqe ortaya qoyaraq jurnalist fəaliyyətinə və diffamasiya
hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasını
məqsədəuyğun hesab edilmədini açıqlayıb. Həmin dövrdən bu vaxta
kimi faktiki olaraq AR Cinayət Məcəlləsinin 147 və 148-ci
maddələrinin tətbiqinə moratorium tətbiq olunub və jurnalistlərə
qarşı qaldırılmış cinayət işləri ya icraata götürülməyib, ya da
onlara mülki qanunvericilik əsasında baxılıb.
Onu da nəzərə almaq lazımdır ki, müvafiq maddələrin Cinayət Məcəlləsindən çıxarılması adi jurnalistika fəaliyyəti ilə bağlı olmayan vətəndaşların öz hüquqlarını müdafiə etmək, şərəf və ləyaqətini qorumaq imkanlarından da məhrum edir. Eyni zamanda, həmin müddəalar Avropa İttifaqının üzvü olan əksər ölkələrin, o cümlədən aparıcı dövlətlərin qanunvericiliyində hələ də qalmaqdadır. Qeyd edim ki, əgər söhbət onların tətbiq olunmamasından gedirsə, analoji vəziyyət Azərbaycanda da var.
2011-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti
insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə
Milli Fəaliyyət Planını təsdiq etmiş və həmin planda "Diffamasiya
haqqında" qanunun qəbul edilməsi bəndi də öz əksini tapmışdır. Daha
sonra Mətbuat Şurası 2010-cu ili Azərbaycanda "diffamasiya ili"
elan etmiş, jurnalist təşkilatları "Diffamasiya haqqında" Qanunla
bağlı müxtəlif təşəbbüslər irəli sürüb, ATƏT-in dəstəyi ilə qanun
layihələri hazırlayıb və Milli Məclisə təqdim edilib.
Həmçinin 2013-cü ildə Azərbaycan müvafiq qanun layihəsini hazırlayaraq ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilsə də, sonda bir sıra məsələlərlə bağlı fikir ayrılığının yaranması şəraitində qanunun qəbulu mümkün olmamışdır. Göründüyü kimi, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsi qapadılmış məsələ deyil, bu layihənin üzərində iş davamlı şəkildə aparılıb, zəruri tədbirlər həyata keçirilib", - deyə prezidentin köməkçisi bildirib.
Tarix
2016.05.31 / 10:36
|
Müəllif
Axar.az
|