Yuxarı

Qüds yəhudilər üçün hansı anlam kəsb edir? – İncil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının daxili siyasi səbəblərdən qaynaqlandığı məlumdur. O, bunu digər prezidentlərdən fərqli olaraq, vədini yerinə yetirməklə təsdiqlədi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Qüds qərarının səbəblərinə ayıdınlıq gətirən politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, seçkiqabağı vədlərini yerinə yetirdiyini öz seçici kütləsinə nümayiş etdirmək hazırda Tramp üçün bir nömrəli vəzifədir:

“Trampın öz elektoratına və bu elektoratla qarşılıqlı münasibətlərinə kliyentelist yanaşması var, yəni mən sizin istəklərinizi, sifarişlərinizi yerinə yetirirəm, əvəzində siz də məni dəstəkləyin. Bəs bu kütlə kimlərdən ibarətdir və onların Qüds məsələsinə nə aidiyyəti var? Trampın, ümumilikdə respublikaçıların seçici kütləsinin nüvəsini yevangelistlər təşkil edir. Ağ anqlo-sakson porotestantlar da bura daxildir. Onların kökü Şimali Amerikada, müasir ABŞ-da ilk məskunlaşmağa başlayan puritanlara - ingilis protestantlarına gedib çıxır. Yevangelist dini dünyagörüşündə yəhudilərə özəl münasibət var, onları seçilmiş xalq sayırlar və bu səbəblə onlara dəstək verməyi Yaradana xidmət kimi qəbul edirlər. Onlar inanırlar ki, İsa Məsihin ikinci gəlişi bütün yəhudilərin İsrail Torpağına yığışacağı və Tanrının onlara tapşırdığı həyatı yaşayacaqları vaxt gerçəkləşəcək. Bu məqam İncildə öz əksini tapıb. İsrail Torpağı, yəni yəhudilərin tarixi torpaqları sayılan ərazilər “çaydan çaya” - Nildən Fərata qədər olan əraziləri əhatə edir. Ermənilər də yəqin “dənizdən dənizə” ideyasını buradan götürüblər. Bu inancı bölüşən yevangelistlərə “xristian sionistlər” də deyilir.

Katolik kilsəsinin doqmalarına qarşı çıxan və bu səbəblə təqiblərə məruz qalaraq Amerikaya mühacirət edən puritanlar dövlətin və hər hansı mərkəzləşmiş kilsənin özəl həyata, inanclara müdaxiləsini rədd edir, həyatın anlamını şəxsi həyatda xoşbəxtliyə nail olmaqda görür, Tanrı ilə ünsiyyət və onun kəlamlarını anlamaq baxımından ümumi savadlılığı zəruri sayırdılar. Bu prinsiplər ABŞ-ın inkişafında rol oynayıb. Dövlət başçısı vəzifəsini tutan Trampın bu ilin oktyabrında konservatorların Vaşinqtonda keçirilən konfransındakı çıxışında işlətdiyi bu cümlə məhz həmin puritan baxış və prinsiplərin məhsuludur: “Biz hökumətə yox, Tanrıya baş əyirik!”

Politoloq qeyd edib ki, Tramp və digər ABŞ millətçiləri yuxarıda qeyd olunan məqamları, baxışları ümumi şəkildə “iudey-xristian dəyərləri” kimi təqdim edirlər:

“Ultramühafizəkar yevangelistlərin düşüncəsinə görə, ABŞ-da bu dəyərlərə təhlükə var. Trampın yüksəlişinin təməlində də məhz bu qorxu - Amerika milli identikliyinin itirilməsi əndişəsi dayanır. Trampın Ağ Evə köçdükdən dərhal sonra ölkəyə miqrant axınını dayandırmaq istəməsi, bu sahədə qaydaları sərtləşdirməsi də bu qorxudan irəli gəlir. Onun digər fərmanlarından biri də dini azadlıqlar haqda idi. Bu fərmanla dini qurumların siyasi kampaniyalarda iştirakına, seçkili orqanlara namizədləri dəstəkləməsinə icazə verildi. Tramp bunu ölkədəki söz azadlığının kilsələrə, sinaqoqlara və digər dini qurumlara da yayılmasının zəruriliyi ilə əsaslandırmışdı. Yevangelist xristianlar (protestantlar) ABŞ əhalisinin təxminən üçdə birini təşkil edir. Yevangelistlər yekcins deyil və müxtəlif icmalara ayrılıb, ən iriləri baptist, metodist, pentekostalist, lüteran, anqlikan (yepiskopal) və kalvinist-presviterian kilsələridir. ABŞ-ın 45 prezidentindən 44-ü protestant olub. Yeganə qeyri-protestant Kennedi idi. Tramp presviteriandır, vitse-prezident Pens isə katolok ailəsində doğulsa da, sonradan protestantlığa keçib”.

Politoloq hesab edir ki, Trampın qərarına fərd olaraq təsir göstərənlər də var:

“Bu sırada əsas sima kimi yəhudi mənşəli amerikalı milyarder Şeldon Adelsonu mütləq qeyd etmək lazımdır. Məşhur Las-Veqas kazinosunun sahibi olan 84 yaşlı Adelson respublikaçıların əsas sponsorlarından biridir”.

Ş.Cəfərli sonda amerikalı yevangelistlər arasında keçirilmiş son rəy sorğusunun nəticələrini də diqqətə çatdırıb:

“Belə ki, yevangelistlərin 45%-i İsrail dövləti barədə fikirlərini İncil əsasında müəyyənləşdirdiyini bildirib. 41%-i isə deyib ki, yəhudilər İsrail torpaqları ilə bağlı İncildən irəli gələn hüquqlara malik olsalar da, həmin əraziləri Fələstin ərəbləri ilə paylaşmaq məsuliyyətini də unutmamalıdırlar”.

Tarix
2017.12.11 / 14:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla