Yuxarı

İnqilaba Rusiyadan baxış: İrəvan bunu etməlidir - Kalaçev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda dünən hakimiyyət dəyişikliyi baş tutdu. İki onillikdən çoxdur hakimiyyətdə təmsil olunan (son 10 ildə prezident kimi) Serj Sərkisyan onun hakimiyyətinə qarşı başlayan 11 günlük etiraz aksiyalarından sonra istefaya getdi. Etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan isə dünən axşam İrəvanın Respublika meydanında keçirilən mitinqdə ölkədə məxməri inqilabın qalib gəldiyini dedi.

Sərkisyanın istefası ilə hakimiyyətə nəzarət Baş nazirin müavini Karen Karapetyana keçdi. Lakin Paşinyanın başlatdığı mübarizə başa çatmadı. Paşinyan dünənki çıxışında həmçinin aprelin 25-də Karapetyanla danışıqlara gedəcəyini və xalqın tələblərini çatdıracağını dedi. Paşinyanın xalqın tələbləri kimi qeyd etdiyi isə müvəqqəti hakimiyyətin təyin edilməsi və tez bir zamanda növbədənkənar parlament seçkisinin keçirilməsi idi.

İrəvanda aksiyalar və Sərkisyanın baş nazir seçilməsi əslində bir sıra maraqlı məqamlarla yadda qaldı. Xüsusilə Rusiyanın bu məsələdə heç bir mövqe ortaya qoymaması bir sıra ekspertlərdə müəyyən şübhələrin yaranmasına gətirib çıxardı. Ən maraqlı məqam isə aprelin 17-də baş nazir seçilən Sərkisyanın dərhal Rusiya Prezidenti Vladimir Putin və Rusiya Baş naziri Dmitri Medvedyev tərəfindən təbrik edilməsi idi. Putin və Medvedyevdən təbriklər alan Sərkisyana nə Avrasiya İttifaqı, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından təbrik daxil oldu. Halbuki KTMT-nin rəhbəri Yuri Xaçaturov Ermənistan Baş Qərargahının keçmiş rəisiydi. Doğrudur, o, əslən Cavaxetiyadan olsa da, Qarabağ klanı ilə sıx əlaqələrə sahib idi.

Sərkisyana Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının rəhbər Jan Klod Yunkerdən təbriklər gəldikdən sonra hər kəs proseslərin başa çatacağını gözləsə də, bu baş vermədi. Hər şey tam başqa istiqamətdə cərəyan etməyə başladı. Bu təbrikdən sonra Paşinyanla Sərkisyanın görüşü və Paşinyanın həbsi etirazları daha da şiddətləndirdi. Maraqlı məqam odur ki, aprelin 22-nə qədər İrəvanda etirazlara qoşulanların sayı az idisə, aprelin 22-si axşamdan etibarən bu say əvvəlki zamanlara nisbətdə 3 dəfə artdı. Belə ki, qeyri-rəsmi mənbələr aprelin 22-də etirazçıların sayının 160 min nəfər olduğunu bildirdilər.

Daha bir müəmmalı məqam isə aprelin 23-də İrəvanda baş verən mitinqlərə hərbçilərin gözlənilmədən qoşulması oldu. Bu isə etirazçılar arasındakı ruh yüksəkliyini daha da artırdı.

Sərkisyanın niyə hakimiyyətdən uzaqlaşdırılması sualı da hələ də cavabsız qalmaqda davam edir. Bu məsələnin rəsmi tərəfləri hər kəsə artıq bəllidir, amma Sərkisyanın hakimiyyətdən getməsinin qeyri-rəsmi səbəbləri hələ də gizli olaraq qalır.

Sərkisyanı devirən şəxs Nikol Paşinyandır. Gənc Paşinyan uzun illər siyasətdə olsa da, 2015-ci ildən sonra ulduzu qəfildən parlamağa başladı. Əslində, Paşinyan Ermənistanda həm də Levon Ter Petrosyanın partiyasında siyasi parçalanmanı yaradan əsas sima kimi qəbul edilir. Üstəlik, Paşinyan Ermənistanın rusiyayönlü siyasətinin kəskin əleyhdarıdır. Başqa bir məqam isə Paşinyanın bu etirazlarda dəfələrlə “etirazların geosiyasi kontekst daşımaması”nı deməsidir.

İrəvan etirazlarında hər kəsi təəccübləndirən əsas məsələ isə Peskovun gözlənilmədən “Rusiya Ermənistanın daxili işlərinə qarışmır” deməklə Kremlin mövqeyini ortaya qoymasıydı. Görünür, Moskvanın özündə də Ermənistanda Sərkisyan kimi şəxsin uzunmüddətli hakimiyyətdə qalması ilə barışmayanlar mövcuddur. Hər bir halda həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Rusiyadan tam asılı olan Ermənistanda hakimiyyət dəyişikliyinin Rusiyanın məlumatı olmadan baş tutması elə də inandırıcı görünmür. Prosesə hər cür müdaxilə imkanı olduğu halda bu fürsətdən istifadə etməyən Kreml, görünür, İrəvanda ona qarşı formalaşan mənfi mövqeyi Sərkisyanın yola salınmasına göz yummaqla aradan qaldırmağı planlaşdırır.

Doğrudur, aprel hadisələrindən sonra erməni ictimaiyyətində Rusiyaya qarşı etirazlar olsa da, ermənilər Rusiyasız İrəvanın yaşamasının mümkünsüz olduğunu anlayırlar. Ölkədən miqrasiya edən şəxslərin məhz Rusiyaya pənah gətirməsi onların Rusiyaya qarşı antipatiyalarının yaranmasına mane olur. Üstəlik, həm sosial şəbəkələrdə, həm mətbuata verdikləri açıqlamalarda sadə vətəndaşlar küçələrə Rusiyaya qarşı çıxmadıqlarını deyirdilər.

İstənilən halda hazırda Ermənistanla bağlı əsas məqam bundan sonra hakimiyyətə kimin gələcəyi, ölkənin xarici siyasət kursunun hansı yöndə olacağıdır. Bəzi ekspertlər İrəvanın xarici siyasət kursunda heç bir dəyişikliyin olmayacağını artıq indidən bəyan etməyə başlayıb. Lakin İrəvanın yönünü Moskvadan başqa istiqamətə çevirəcəyi halda böyük təzyiqlərə məruz qalacağını da deyənlər var. Bu fikri müdafiə edən erməni ekspert Ayk Martirosyan yaxın zamanların Ermənistanın taleyinin həll edilməsində mühüm rol oynayacağını deyib:

“Əgər İrəvanda qərbyönlü qüvvələr hakimiyyətə gəlsə, bu, Moskvanın xoşuna gəlməyəcək. Moskva belə olan halda İrəvana təzyiqlərə başlayacaq. Qərb isə ya oyuna girəcək, ya da Ermənistanı son onilliklərdə olduğu kimi görməzdən gələcək”.

Sərkisyan istefa verməzdən öncə Qarabağ separatçılarının lideri Bako Saakyan, Baş nazirin müavini Karen Karapetyan, Prezident Armen Sərkisyan, katolikos II Qaragenlə görüşdü. Bu şəxslərin hər biri müxtəlif formada Ermənistanın siyasi, iqtisadi və sosial həyatına güclü təsir göstərmək imkanına sahibdirlər. Bu görüşə Bako Saakyanın qatılması onu daha müəmmalı hala gətirir. Görünür, Ermənistan ictimaiyyətində olduğu kimi, Rusiyadan tam asılı vəziyyətdə olan Qarabağ klanının tərkibində də Sərkisyanla bağlı parçalanmalar mövcuddur.

Bununla belə, Moskvanın bundan sonrakı dönəmdə Qarabağ klanından tam imtina edəcəyi də real görünmür. Qarabağın uzun müddət Ermənistan ictimaiyyətinə təsir vasitəsi kimi istifadə edən Kreml bu “kozırın”dan asanlıqla imtina etmək fikrində deyil. Üstəlik, İrəvanın baxış bucağına görə Azərbaycan və Türkiyə, eləcə də Qarabağ konflikti və “erməni soyqırımı” mövcud olduqca Rusiyadan imtina etmək məntiqsiz addım kimi görünür.

Axar.az-a açıqlama verən rusiyalı politoloq Konstantin Kalaçev İrəvanda hakimiyyətə gələn hər bir siyasətçinin Moskva ilə işləyəcəyini əmin olduğunu açıqlayıb:

“Yaxşı ki, qan tökülməsindən yayınmaq mümkün oldu. Serj Sərkisyan doğru addım atdı. Burada illuziya və eyforiya yersizdir. Hökumətin istefasından sonra məsələ müxalifətin kifayət qədər az olduğu parlamentə veriləcək. Əgər parlamentdəki çoxluq hər kəsi razı salacaq baş nazir fiquru təqdim edə bilsə, başqa tarix yazılacaq. Əgər bu olmasa, növbəti tələb növbədənkənar seçkilər olacaq. Anlamaq lazımdır ki, nə iqtisadi problemlər sürətlə həll ediləcək, nə miqrasiya dayanacaq, nə Qarabağ həll ediləcək, nə korrupsiya yox olacaq. Belə problemlər mitinqlərlə həll edilmir. Ermənistanda hazırda yaşamaq mitinqlərə getməkdən daha çətindir. Ermənistanın istənilən rəhbərliyi Rusiya ilə həm hərbi, həm də iqtisadi səbəblərdən dostluq etməli olacaq. Bunu həm Moskva, həm də İrəvanda yaxşı anlayırlar”.

Əsas bilinən odur ki, 24 apreldən etibarən Ermənistanda yeni dönəm başlayır. İrəvanın bu dönəmdə verəcəyi qərarlar başlanan prosesin nə qədər uğurlu olduğunu göstərəcək. Yeni proseslər yeni komandanın Qarabağda konfliktindəki mövqeyindən də çox asılı olacaq. İrəvanda hakimiyyət daxilindəki müəyyən qrup hələlik Qarabağda Azərbaycanın “fəallaşması” ilə bağlı müəyyən görüntülər yaymaqla bu dönəmin uğur qazanmasını məhv etməyə çalışır. Nəzərə alınması gərəkən başqa məqam isə Paşinyanın Qarabağın “müstəqilliyinin” tanınmasını müdafiə edənlər arasında olmasıdır. Baş nazir seçiləcəyi təqdirdə Paşinyanın bu fikrini reallaşdırmağa cəhd etməsi həm Azərbaycan, həm də Ermənistan üçün böyük problemlərin yaranmasına gətirib çıxaracaq.

Tarix
2018.04.25 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla