Ana səhifə Gündəm |
Bayram tətilləri zamanı əsas məsələ istirahət vaxtının harada keçirilməsidir. Problem isə istirahət mərkəzlərinin və otellərin qiymətinin baha olmasıdır. Düzdür, xarici ölkələrdə də bahalı otellər və ya istirahət mərkəzləri var.
Amma bu ölkələrdə ucuz otellər və pansiotnatlar da fəaliyyət göstərir ki, onlarda dəbdəbəli şərait olmadığından müştəriyə ucuz qiymət təklif edilir. Yəni, insanlara seçim verilir. Hər kəs də öz cibinə uyğun obyekti seçib, istirahət edə bilir. Azərbaycanda isə qiymətlərin vətəndaşların tələblərinə uyğun olmamasının səbəbi bir neçə amillə izah olunur.
Ekspert Elxan Vəliyev: "İki-üç ulduzlu otellərin Azərbaycanda inkişaf etməməsinin əsas səbəbi ondan ibarətdir ki, özlərinin adlarının dörd-beş ulduzlu otelləri kimi qeyd edirlər, amma keyfiyyətcə iki-üç oteli kimi xidmət göstərirlər".
Ekspertin fikrincə, bizdə fəaliyyət göstərən istirahət mərkəzləri xidmət keyfiyyətinə görə elə iki-üç ulduzludur və sadəcə, xidmətə görə uyğun qiymət təklif etmələri lazımdır ki, orta statistik vətəndaş bu məkanların xidmətindən yararlansın.
Digər bir səbəb bu sahədə rəqabətin olmamasıdır. Bu gün Azərbaycanda turizm obyekti yaratmaq və fəaliyyət göstərmək üçün rəsmi və qeyri-rəsmi bir neçə mərhələdən keçmək lazımdır. Bu sektora daxil olmaq elə də asan deyil. Burda fəaliyyət göstərən sahibkarlar üçün isə bu obyektlər yeganə gəlir mənbəyi deyil. Digər mənbələr hesabına böyük həcmdə vəsaitə malik olan şəxslər, öz turizm obyektinə müştəri cəlb etmək üçün rəqabətə getmir. Belə olan halda, qiyməti vətəndaş yox, sahibkar diqtə edir.
Bu arada, istirahət mərkəzlərinin potensial müştərilərinin niyə bu obyektlərdə istirahətdən imtina etmələrinin səbəbləri də maraqlıdır.
Dünya ölkələrində Daxili Turizm Biznesinin əsas dayağı məhz ucuz otellərin və pansionatların çox olmasıdır. Bu obyektlər həm daxili turistlərin, həm də xarici qonaqların axınını təmin edir. Buna ən yaxşı nümunə qonşu Türkiyənin təcrübəsidir. Elə hökumət də az ulduzlu otellərə ehtiyac olduğunu etiraf edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaxın vaxtlarda orta səviyyəli otel və mehmanxanaların tikiləcəyini bildirmişdi (ANS).
Tarix
2014.01.06 / 19:25
|
Müəllif
Axar.az
|