Bu gün "Yeni Müsavat" qəzeti
26 yaşını qeyd edir.
26 illik yolun çətinliklərini Axar.az-la qəzetin baş
redaktorunun 1-ci müavini Azər Ayxan bölüşüb.
- 26 illik yol. Necə idi bu yolun
çətinlikləri?
- "Yeni Müsavat" sovet
hakimiyyəti dövründə Gəncədə yaradılıb, gizli nəşrlə sovet
ideologiyasının əleyhinə çapa başlayan bir qəzetdir. O vaxtlar onun
təkcə çapı deyil, həm yayımı gizli şəkildə həyata
keçirilirdi.
Bu qəzet ilk vaxtlar
kommunizm ideologiyasının əleyhine olan bir tribuna kimi işə
başlayıb. 1989-91-ci illər
ərzində gizli yollarla çap olunub. Azərbaycanda imkanlar tükənəndə,
hətta Gürcüstandakı mətbələrdə çapını davam etdirib.
O zaman - 1989-cu ildə orta
məktəbdə oxuyurdum. Hələ o vaxtlardan yadımdadır ki, qəzet
Tovuzdakı mətbəədə çap edilirdi. Bəzən Azərbaycanda imkan olmurdu,
bir neçə dəfə Gürcüstanda çap edilib, gizli yollarla ölkəyə
gətirilmişdi.
Bu cür gizli çaplar Azərbaycan
müstəqillik qazanana qədər davam etdi. Biz bunları inqilablarla
bağlı filmlərdə görsək də, lakin canlı həyatımızda da
yaşandı.
- Fəaliyyətinizə
valideynləriniz nə deyirdi, gizlin tuturdunuzmu
onlardan?
- Bəli. Bizim Tovuzdakı evimiz xüsusi qərargah idi. Orda təkcə
qəzet, sovet əleyhinə kitablar yığılmırdı, Tovuz və ətraf rayonlar
üçün nəzərdə tutulan silah-sursat da saxlanılırdı. O zaman bunu
valideynlərimizdən gizlin edirdik. Çünki əl qumbaraları, odlu
silahların ordan paylanılması asan iş deyildi. Bu haqda çox az
hallarda danışmışıq.
- Bəs siz nə zaman qoşuldunuz bu
proseslərə?
- Mən bütün bu proseslərə 1991-ci ildə, 2-ci kursda oxuyarkən
qoşuldum. 19 yaşlı bir gənc idim, demək olar ki, həyatımın yeni
dönəmi başlamışdı. O vaxt yaşanan hər bir çətinliyi incəliyinə
qədər xatırlayıram.
- Ümumilikdə İsa Qəmbərin təsisçiliyi dönəmi ilə Rauf
bəyin təsisçiliyi dönəminin fərqləndirmənizi
istəyəcəm.
- Rauf Arifoğlunun təsisçiliyi dönəmi ilə İsa Qəmbərin dövründə
hər hansı fərq hiss etmirəm. Yeganə fərq təsisçi bölməsində
əvvəllər İsa Qəmbər, indi isə Rauf Arifoğlu yazılmasından
ibarətdir.
- "Yeni Müsavat"ın gün-güzəranı necədi?
- "Yeni Müsavat" hazırda maddi sıxıntı dönəmini yaşayır. İndi
çətinlikləri atlada-atlada irəliləyirik. Saytdan gələn gəlirlərlə
bütün bu çətinlikləri dəf etməyə çalışırıq.
- Sonda oxucularınıza nə demək
istəyərdiniz?
- Bizi oxumağa davam etsinlər!