Yuxarı

“Onları efirdən uzaqlaşdırmaq lazımdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış radio diktoru Eldost Bayramla uzun müddət idi ki, Axar.az üçün söhbət etməyi planlaşdırmışdıq. Eldost müəllimin səhhətinə görə onu narahat etmək istəmirdim. Nəhayət, görüşüb söhbət etmək şansı yarandı. Yorğun görünüşünü aydın və mülayim səsi ört-basdır edə bilmirdi. Səhhəti ilə maraqlandım:

- Eldost müəllim, necəsiniz - soruşub, tez əlavə etdim, - maşallah, yaxşı görünürsünüz.

- Sağ olun, qayğınıza görə təşəkkür edirəm, Faiq bəy. İki il ərzində iki nisbətən böyük və bir kiçik cərrahiyyə əməliyyatından sonra özümü Bakı küləyi kimi hiss edirəm: gah xəzri, gah gilavar…

- Yox, yaxşısınız, həm xəzri, həm də gilavar – hər ikisi ipə-sapa yatmayan külək növüdür. Eldost müəllim, siz həm tanınmış diktor, həm də gözəl qiraət ustasısınız. Kifayət qədər həyat təcrübəniz var. Həyatınızı necə yola verirsiniz, ötənlərlə müqayisədə narahatlıq yoxdur ki?

- Kifayət qədər tanınmış, dinləyici və tamaşaçılara ürəkdən gələn səmimi münasibətinə və işinə məsuliyyətlə yanaşdığına görə hörmət qazanan diktor statusunu qəbul edirəm. Amma bədii qiraətçi statusunu yox. Çünki peşəkar bədii qiraətçi üçün vacib olan bir çox xüsusiyyətlər məndə yoxdur. Peşəkar diktorluğuma görə isə fəxr edirəm. Həyatımdan çox razıyam. İşimə vicdanla və məsuliyyətlə yanaşmaq bütün 43 illik əmək fəaliyyətimdə mənim iş prinsipim olub. Efirə çıxdığım ilk günlərdən indiyə qədər ancaq xoş sözlər eşidib, xoş münasibət görmüşəm. Rəhbərim – hörmətli sədrimiz Arif Alışanov mənə həmişə mənəvi dəstək oıub. 2006-cı ildə onun təqdimatı ilə əməkdar artist fəxri adı alıb, 2008-ci ildə "Tərəqqi" medalına layiq görülmüşəm. Son illərdə digər teleradio kanallarından və bizim Səhmdar Cəmiyyətdə fəaliyyət göstərən gənc əməkdaşlardan böyük hörmət görürəm.

Dilin qanunlarına əməl etməyən aparıcıları...

- İndi radioların, televiziyaların aparıcıları dilimizi, sözümüzü öz sir-sifətləri kimi "bəzəkli-düzəkli" edir, guya şirinlik qatırlar. Bu "şirinliyin" acısını necə yola verirsiniz? Bəlkə bir təşəbbüs irəli sürəsiniz, dili, danışıq tərzini öyrətməyin kursunu keçəsiniz?

- Son illərin tələbi ilə yaranmış özəl radio-televiziya kanallarında istedadlı aparıcılarla yanaşı, işlədiyi mühitə sanki təsadüfən düşmüş, Azərbaycan dilinin qanunlarına əməl etməyən aparıcılar da çoxdur. Onları təcili olaraq ya öyrətmək,ya da efirdən uzaqlaşdırmaq lazımdır. Mən həmişə deyirdim ki, dilimiz bizim ən böyük sərvətimizdir. Onun təmizliyi uğrunda mübarizə dövlət miqyasında təşkil olunmalıdır. Allaha şükür, mənim istəyim oldu. Prezidentimiz istiqamət verdi. İndi bu qərarın həyata keçməsi üçün bütün dil mütəxəssislərinin birgə səyi lazımdır.

- Deyəsən, "təzələr"in çoxluğu, "köhnələr"in dolanışığına da təsir edir.

- Mən başqa cür deyərdim: təsadüfi "təzələr" özləri də hiss etmədən "köhnələr"in qiymətini artırır.

İnsanlarımız oğullarına Eldost adı qoyublar

- Sizi ən çox ədəbi-bədii verilişlərin aparıcısı kimi görmüşük, eşitmişik, ictimai-siyasi xəbərlərə diliniz yatmır, ya ürəyiniz qəbul etmir?

- İşə qəbul olunduğum 1972-ci ildən yaşımla əlaqədar təqaüdə çıxdığım 2009-cu ilə qədər əsas işim efirdə son xəbərlər və ictimai-siyasi məzmunlu verilişlər olub.Yaxşımı, ya pismi oxumuşam – bunu ancaq dinləyicilər deyə bilər. Mənə elə gəlir ki, pis olmayıb. Çünki bu illərdə Azərbaycanımızda bir çox gözəl insanımız uşaqlarına Eldost adı qoyublar. Təqaüdə çıxdığım 2009-cu ildən başlayaraq isə mən sizin qeyd etdiyiniz kimi, şeir və hekayələr oxumağa başladım. 2009-cu ildən sonra birbaşa efirə çıxmıram. "Xalq Yaradıcılığı" redaksiyası verilişlərinin diktor mətnini, həmçinin şeir və hekayələr oxuyuram.

- Arada səsiniz toyxanalardan da gəlir. Bir sənətkar kimi maddi dəyər yüksək olsaydı, toy aparıcılığına yox deyə bilərdinizmi? Yoxsa bu da elə bir meydandır, özünü tanıtmaq üçün. Baxmayaraq, sizin buna ehtiyacınız yoxdur.

- Faiq bəy, bəzən siz özünüzün sualınıza məntiqlə özünüz də cavab verirsiniz. Radio diktoru olub ekranda görünmədən duyğulu bir xalqın qəlbində öz müsbət obrazını yaratmaq hər an mümkün olmur. Dediyiniz kimi, reklama ehtiyacım da yoxdur. 80-ci illərin əvvəllərində radioda işləyə-işləyə Filarmoniyada iki il konsertlər aparmışam. O illər ərzində Göyçə aşıqları başda olmaqla bütün regionlarımızın aşıqlarının konsertini aparmışam. Özüm Şirvan zonası aşıqlarının yaradıcılığına kökləndiyimə baxmayaraq, qərb zonası aşıqlarımız mənə aşıq sənətini yenidən tanıtdılar və sevdirdilər. Bu iki ildə çox xanəndə və müğənnilərin konsertini də apardım. Arada dostluq körpüsü quruldu. Toy məclislərinə təklif də o vaxt gəldi. Təbii, maddi sıxıntı məni iki illik tərəddüddən sonra olsa da, bu təkliflərə müsbət cavab verməyə məcbur etdi.

- Eldost Bayram unudulmaqdan qorxurmu? Heç olubmu ki, unudulmağı hiss edəsiniz, bunun acısını yaşayasınız?

- Həyatda ən qorxduğum iş unudulmaqdır. Allaha şükür ki, ailəm, uşaqlarım tərəfindən məni narahat edən bir narazılıq olmayıb. İşə gəldikdə isə mənə elə gəlir, Azərbaycanda mənim kimi az insan tapılar ki, 43 il bir müəssisədə işləsin, həm bu illərdə əvvəlki hörmətini saxlasın, bu illər ərzində həm işə gülə-gülə getsin, həm də evə.

Kim məni məhv etmək istəsə...

- Eldost müəllim, siz daha nəyi bacarırsınız? Özgə nə işlə başınızı qata, ailənizi dolandıra bilərsiniz?

- Akademik Qara Mustafayevin sözü olmasın, mən başqa heç nə bacarmıram. Kim məni məhv etmək istəsə, o şeir və hekayələri əlimdən alması kifayətdir.

- Ümumiyyətlə, Eldost Bayramı köhnə qvardiyadan saymaq olar, yoxsa o, yeniliyin önündə gedən sənətkardır?

- Əgər gözəl şeir ,yaxud hekayə oxuyub xəstə ruhu sağaltmaq və bununla hamı tərəfindən sevilmək köhnəlikdirsə, deməli, mən köhnə qvardiyanın nümayəndəsiyəm. İkincisi, əgər o yeniliyin özəyində millilik həlledici ünsür kimi durursa, deməli, mən o yeniliyin önündə gedənlərdənəm.

Tarix
2015.11.08 / 10:12
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla