2015-ci ildə Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində keçirilən görüşlər istədiyimiz
nəticəni verməsə də, digər konfliktlərin yaranması Qarabağ
məsələsinin arxa plana atılmasına imkan verməyib.
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova
deyib.
B.Muradova Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər
hansı yeniliklərin olacağına ümidlərin itmədiyini deyib:
"2016-cı il üçün ümidli olmamıza əsas yaradan mövqeyimizin
haqlı, beynəlxalq hüququn, haqqın-ədalətin isə bizim tərəmizdə
olmasıdır. Ona görə də ümidimizi heç vaxt itirmirik. Bu məsələnin
məhz beynəlxalq hüququn prinsiplərinə uyğun həll ediləcəyinə
inanırıq".
B.Muradova qeyd edib ki, 2016-ci ildə də Dağlıq Qarabağ
münaqişəsinin həllinin müzakirəsi öz aktivliyini saxlayacaq.
Vitse-spikerin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində davamlı iştirak
etməkdə maraqlıdır:
"Dağlıq Qarabağ daim müzakirə olunan, üzərində çalışılan bir
problem olaraq qalmaqdadır. Çalışmaq lazımdır ki, bu istiqamətdə
aparılan fəaliyyət konkret nəticə versin. Bu il ərzində də istər
beynəlxalq təşkilatlarda, istər ikitərəfli münasibətlərdə bir sıra
maraqlı hadisələr olub. Həm həmsədrlərin regiona çoxsaylı səfərləri
olub, həm də başqa ölkələrdə beynəlxalq təşkilatların tədbirləri
çərçivəsində bu məsələlərə ciddi diqqət yetirilib. Prezident İlham
Əliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük İyirmiliyin"
(G20) sammitində iştirak edərkən dünya dövlətlərinin diqqətini bir
daha bu məsələyə yönəldib".